“Kütləvilik olmayanda keyfiyyətli futbolçu tapmaq çətin olur”
Ötən sayımızda 19 yaşadək qızlardan ibarət millinin AÇ-nin ilkin seçmə mərhələsində mübarizəni başa vurduğunu xəbər vermişdik. Xatırladaq ki, Vüqar Əsgərlinin komandası İsveçrə, Türkiyə və Cənubi Kiprlə eyni qrupda yer almışdı. Həmin qrupun oyunları qardaş ölkədə keçirilirdi. Yığma ilk qarşılaşmada Türkiyəyə 2 cavabsız qolla məğlub oldu. Ardınca isə İsevçrə millini böyük hesabla (3:0) üstələdi. Əsgərlinin yetirmələri yalnız son turda qələbə qazandı. Cənubi Kiprlə görüşdə 25-ci dəqiqədə qapısında qol görən təmsilçimiz geridönüş edə bildi. 34-cü dəqiqədə Vüsalə Seyfəddinova “status-kvo”nu bərpa etdisə, cəmi 1 dəqiqə sonra Nino Qurqenidze komandamıza qələbə qazandırdı. Lakin bu qələbə yığmanın elit mərhələyə adlaması üçün yetərli olmadı. Hər halda, U-17 ilə müqayisədə U-19 daha yaxşı nəticə göstərdi. Baxmayaraq ki, komandalardan heç biri növbəti mərhələyə çıxa bilmədi. Onu da qeyd edək ki, İsveçrə 2-ci qrupu lider kimi başa vurdu. Bu komandaya ən az top fərqi ilə uduzan elə yığmamız oldu. Belə ki, isveçrəlilər yunanları 9, meydan sahibi türkləri isə 5 cavabsız qolla darmadağın etdi. Qardaş ölkənin millisi bizimkilər üzərindəki qələbədən başqa Cənubi Kipri 3:1 hesabı ilə məğlub etməyi bacardı.
Yığmanın AÇ-dəki çıxışı ilə bağlı Vüqar Əsgərlinin fikirlərini öyrəndik: “Düşünürəm ki, ilk oyunlarda şanssızlıq da bizdən yan keçmədi. Bundan başqa, həm vaxt azlığını, həm təcrübəni, həm də beynəlxalq oyunların az olmasını qeyd edərdim. Bütün bunlara baxmayaraq, komandam 3-cü oyuna qələbə əzmi ilə çıxmışdı. Hətta hesabda geri düşsək belə, qalib gələ bildik. Bu il də məqsədimiz elit mərhələyə vəsiqə qazanmaq idi. Təəssüf ki, bütün səylərimizə baxmayaraq, ötənilki nəticəni təkrarlaya bilmədik”.
Əsgərli yığmanın qarşılaşdığı komandalar haqda bunları dedi: “Gözlədiyimiz kimi, rəqiblər çox güclü idi. İsveçrənin göstərdiyi nəticələrə təəccüblənməyə dəyməz. İsveçrədə qadın futbolu həmişə yaxşı olub. Hər il klubları Çempionlar Liqasının final mərhələsində iştirak edir. Yığmaları da güclüdü. Təcrübədən başqa, bizim qadın futbolunda kütləvilik problemi də var. Kütləvilik olmayanda isə keyfiyyətli futbolçu tapmaq çətin olur. Bu da məlumdu ki, mentallıqdan irəli gəlir”.
Millinin heyətində yenə də legionerlər top qovur. Məlum məsələdi ki, onlar boşluqları doldurmaq üçün yığmaya cəlb olunur. Gəlmələr yerlilərdən ciddi mənada fərqlənmirsə, onların gətirilməsinin mənası nədi? Həm bu məqamla, həm də AFFA rəhbərliyinin nəticələrlə bağlı nə dediyini Əsgərlidən soruşduq: “Dediyiniz kimi, legionerlər boşluğu doldurmaq üçündü. Ancaq daha yaxşıları öz millilərini seçirlər. Bu üzdən həmin məsələlər elə də asan deyil... Ölkəyə yeni gəlmişik. Rəhbərliklə görüşüb hesabat verəcəm. İstənilən qərara da hörmətlə yanaşıram. Rəhbərlik məsləhət bilsə, işimizi davam etdirəcəyik”.
FARİZ