“Milli Dəstə” AFFA-dan dəstək məktubu alıb
Yığma üçün qarşıdakı iki oyunun önəmini hər kəs yaxşı dərk edir. Qurban Qurbanovun yetirmələri öncə Farer adalarından 3 xalla dönməlidi. Görəsən, adalılarla görüşdə yığmanı dəstəkləyənlər olacaq? Bu baxımdan ilk ağla gələn "Milli Dəstə"di. Yığmanın səfər oyunlarında komandanı tək qoymayan fanklubun rəhbəri Şamil Mustafayevin fikirlərini öyrəndik: "Təbii, oyuna getmək fikrimiz var və biletlərimiz də hazırdı. Çərşənbə günü sübh tezdən yola düşürük. Yalnız vizamızın olmadığına görə narahatıq, onu da deyilənə görə, Kopenhagendə yoxlamırlar. Sayımızı artırmaq üçün axtarışlar etdik. "Feysbuk'"da orda yaşayan soydaşlarımızı axtardığımızı yazdıq və o paylaşımı yalnız Farer adaları üçün reklama qoyduq. Beləcə 1 nəfər görüb yazdı və onun vasitəsilə başqalarını tapdıq. Ancaq səfirlik, diaspor və cəmiyyətlərdən orda yaşayan soydaşlarımızla bağlı heç bir məlumat ala bilmədik. Öz axtarışlarımız nəticəsində ümumilikdə 2 cənubi azərbaycanlı və 4 türk tapdıq. Özümüz də 2 nəfər gedəcəyik. Sayımız təxminən 8-10 nəfər olacaq. Sərhəddə bir problem olmasa, ilk dəfə Farer adalarında millimizi dəstəkləyəcəyik. Uzaq səfər olduğu üçün çox atribut apara bilməyəcəyik. Həm də hər atributu sayımıza uyğun aparırıq. Bir "Milli Dəstə" banneri, iki fanklub bayrağı və 10 Azərbaycan bayrağı ilə gedəcəyik. Hər zaman olduğu kimi, yenə də millini açıq məşqdə dəstəkləyəcəyik... AFFA ilə daim əlaqədə oluruq, çünki səfər sektorunun, banner, baraban və biletlərin təşkilini onlar həll edirlər. Bundan əlavə, sərhəddə müəyyən problemlərin çıxmaq ehtimalına görə AFFA-dan dəstək məktubu almışıq. Dəstək məktubunda bildirilir ki, biz Azərbaycan millisini səfərdə dəstəkləməyə gedirik. İnşallah, sərhəddə heç bir problem olmaz. Olsa da, ümid edirik ki, dəstək məktubu köməyimizə çatar".
FARİZ