“Seçim imkanımız məhduddu”
İyunun sonu – iyulun əvvəlində toplanış keçən U-17 ötən ayın 23-də yenidən bir araya gəldi. Bir həftə ölkədə məşqlər edən yığma iyulun 31-də Belarusa yollandı. Ramin Quliyevin yetirmələri avqustun 2-si və 4-də Belarus yığması ilə yoxlama oyunlarında qüvvəsini sınadı. Avqustun 23-29-u aralığında isə milli Qazaxıstanda keçiriləcək “Prezident kuboku”nda iştirak edəcək.
Qeyd edək ki, yığma Belarusla yoldaşlıq oyunlarının hər ikisində minimal hesabla uduzdu. İlk görüşdə 2:3 hesabı ilə yenilən U-17 ikinci dueldə hesabı açan tərəf olsa da, nəinki qələbə qazana bilmədi, əksinə, məğlub oldu (1:2). Təbii, əsas məsələ rəsmi oyunlarda uduzmamaqdı. Ancaq yığmanın məğlubiyyətləri sıralaması oktyabrda gerçəkləşəcək seçmə mərhələ ilə bağlı ümidləri azaldır. Dünən Ramin bəylə əlaqə saxlayıb, təlim-məşq toplanışı haqda fikirlərini yörəndik: “Belarusa səfərdən bir həftə öncə Bakıda yığışmışdıq. Ora 20 nəfərlə yollanmışdıq. İki yoxlama oyunu keçirdik: avqustun 2-də axşam və ayın 4-də səhər. Düşərgədə olan bütün futbolçulara oynamaq şansı yaratdıq. Əsas hədəf oktyabrda keçiriləcək AÇ-nin seçmə mərhələsinə hazırlaşmaqdı. Ona görə də bütün oyunçuları nəzərdən keçiririk, hansısa səhvə yol vermək istəmirik. Oyunlara gəlincə, ilk görüşdə 3 qolu penaltidən buraxdıq. Cavab qarşılaşmasında da hesabda öndə idik, sonradan uduzduq. Bununla belə, yaxşı toplanış keçdiyimizi deməliyəm. Oyunların da böyük faydası oldu. Belə qarşılaşmalarda uşaqların zəif və güclü tərəflərini görürsən. Hər oyundan-oyuna görürük ki, kimlər özünü daha yaxşı göstərə bilir, kimlər geri qalır, hansı çatışmazlıqlar üzə çıxır. Yoxlama oyunlarında nəticəyə heç bir önəm verilmir. Nəticə bizə oktyanrda lazım olacaq. Hətta biz yoxlama oyunlarında xahiş edirik ki, 7 əvəzetmə olsun. Yəni bütün oyunçulara baxa bilək. Sözsüz, hər kəs meydana qələbə üçün çıxır. Amma elə məsələlər var ki, nəticə ikinci plana keçir. Ən əsası bütün futbolçuların potensialını yoxlamaqdı”.
Əslində yoxlama oyunlarındakı nəticənin önəmli olmadığını bütün məşqçilər vurğulayır. Ancaq ardıcıl oyunlarda uduzan komandalarda məğlub psixologiyası formalaşa bilər. Halbuki istənilən qarşılaşmada əldə olunan qələbə özünəinam deməkdi. Futbolda isə bu çox önəmli məqamdı. Quliyevin bu nüansla bağlı düşüncələrini də soruşduq: “Bu fikri indi söyləyirəm ki, yoxlama oyunlarında nəticə önəmli deyil. Ancaq biz bunu uşaqlara demirik. Çünki futbolçularda motivasiya olmaz. Sadəcə, əsas məqsəd komandanı oktyabrdakı oyunlara hazırlamaqdı. Ancaq dediyiniz məsələdə həqiqət var. Ardıcıl məğlubiyyətlər motivasiyaya təsir edir, qələbə ruhu itir. Bu üzdən uşaqlarla kifayət qədər fərdi söhbətlərimiz olur. Ümumi iclaslarda həmin məqama toxunuruq. Bizim uşaqlarda bir qədər özünəinam azdı. Hansısa rəqiblə qarşılaşırıq, matçdan sonra uşaq anlayır ki, bu komanda ilə oynamaq olar. Onda da hər şey gec olur. Ölkə çempionatının zəif olması da özünü göstərir. Hazırkı yığma yeni yığılmış komandadı. Hər oyundan-oyuna fərqli komandanın şahidi oluruq. Bu baxımdan çatışmazlıqlar var”.
Yığma martda Belarusla yoldaşlıq oyunu keçirdi və minimal hesabla uduzdu. “Qarabağ” evdə BATE ilə görüşdə məğlub oldu. U-17 isə bu ölkədən olan həmyaşıdlarına hər iki dueldə yenildi. Belə çıxır, Belarus futbolu bizi üstələyir? Ramin bəyi dinləyək: “Qarabağ” ÇL-dəki BATE ilə görüşünü aşağı yaş qruplarının oyunu və ümumilikdə Belarus futbolu ilə müqayisə etməzdim. Sırf gənclər baxımından – U-17 və U-19 olsun, doğrudan da, Belarusda inkişaf gedir. Əlavə futbolçular cəlb olunub, bizimlə oyunda heyətlərində iki qaradərili oyunçu da var idi. Şəraitləri də yaxşıdı. Minsk “Dinamo”sunun bazasındaydıq, 14 meydançası var idi. Qızlardan ibarət komandalardan tutmuş, bütün aşağı yaş qrupları təbii örtüklü meydanlarda məşq edir, oynayır. Düzdü, Belarus futbolunu şişirtmək istəmirəm. Ancaq fiziki baxımdan, atletik oyunda bizdən üstündülər. Bu gün həmin reallığı etiraf etməliyik. Belarus bizimlə oyunlara 26 futbolçu ilə gəlmişdi. İki oyunda tam fərqli heyətlə mübarizə apardı. Ancaq biz bu gün onu etmək gücündə deyilik. İki qarşılaşma arasında vaxt azlığı da var idi. Bu da bərpa məsələsində özünü göstərir”.
Yadınızdadısa, ötən ayın əvvəlində U-17 İranla yoldaşlıq oyunları keçirmişdi. Həmin vaxt heyətdə 4 zədəli futbolçu var idi. Görəsən, budəfəki toplanış zamanı oxşar problem yaşanmayıb? Quliyev bunları dedi: “Belarusla oyunlar ərəfəsində zədə problemi olmadı. Sadəcə, “Şaxtyor”dan futbolçular dəvət etmişdik. Lakin klub bildirdi ki, turnir var, bu üzdən futbolçuları buraxa bilmərik. Ona görə də “Şaxtyor”un oyunçuları olmadan, sırf azərbaycanlı uşaqlarla Belarusa getdik. Yeganə çətinliyimiz “Şaxtyor”un oyunçularının xidmətindən yararlana bilməməyimiz oldu”.
Baş məşqçi yığmanın planları haqda da məlumat verdi: “Avqustun 15-də Bakıda bir araya gəlmək planımız var. Ayın 22-si də Qazaxıstana uçuruq. Bildiyiniz kimi, həmin ölkədə keçiriləcək “Prezident kuboku”nda iştirak edəcəyik. Orda bizi 4 oyun gözləyir. Artıq qalibiyyətin vaxtıdı. Çünki seçmə mərhələyə yaxınlaşırıq. Qazaxıstandakı turnir oyun təcrübəsi qazanmaq baxımından bizim üçün ideal turnirdi. Uşaqlar nə qədər çox matç keçirsə, bir o qədər yaxşıdı. Ümumi uşaq futbolunda böyük çatışmazlıqlar var. Bu gün elə bir klub yoxdu ki, deyim “işini düz aparmır”. Sadəcə, ümumi bir problem var. Əsas səbəb isə seçim imkanının məhdud olmasıdı. 23-25 futbolçu arasından seçim ediriksə, doğrudan da, bu çox azdı”.
FARİZ