Azərbaycan – Macarıstan 3:3 (0:2)
Azərbaycan: 12. Kamran İbrahimov, 6. Qismət Alıyev, 3. Anton Krivotsyuk, 4. Bəhlul Mustafazadə (k), 2. Sərtan Taşkın, 13. Hacıağa Hacılı (8. İlkin Muradov, 56), 23. Ziya Əzizov (5. Elvin Sərkərov, 46), 17. Ozancan Kökcü (18. Murad Mahmudov, 78), 16. İsmayıl İbrahimli, 9. Fəhmin Muradbəyli (10. Renat Dadaşov, 58), 7. Ehtiram Şahverdiyev (11. Fərid Nəbiyev, 69).
Ehtiyat oyunçular: 1. Hüseynəli Quliyev, 20. Ömər Buludov, 22. Abdulla Seyidəhmədov, 25. İbrahim Hüseynov, 26. Amin Seydiyev, 27. Toral Bayramov, 28. Şakir Seyidov.
Baş məşqçi: Rəşad Sadıqov.
Macarıstan: 1. Adam Zima, 2. Bense Pavkovics (4. Norman Şabo, 64), 3. Atilla Şalay (13. Bense Georgi, 46), 5. Akos Keskes (k), 6. Giorgi Hursan (11. Andres Şafer, 52), 7. Matias Tayti (10. Bense Şabo, 52), 8. Atilla Haris, 9. Norbert Kundrak, 14. Kristof Hinora, 16. Bense Bano-Şabo (15. Peter Peter Forqaş, 46), 17. Qabor Makray.
Ehtiyat oyunçu: 12. Tot Balaş.
Baş məşqçi: Mixael Boris.
Qollar: Q.Makray, 29 (0:1). A.Haris, 37 (0:2). E.Şahverdiyev, 49-p. (1:2). M.Tayti, 52 (1:3). R.Dadaşov, 67 (2:3). A.Krivotsyuk, 71 (3:3).
Vərəqələr: P.Peter Forqaş, 60. K.Hinora, 62 – sarı.
Hakimlər: İNQİLAB MƏMMƏDOV, Knyaz Əmiraslanov, Cəmil Quliyev, Orxan Məmmədov.
8 iyun. Mərdəkan. Dalğa Arena.
Birinci hissəyə 2, ikinci hissəyə 3 dəqiqə əlavə olunub.
21 yaşadək futbolçulardan ibarət yığmamız dünən növbəti sınaq matçı keçirdi. Rəşad Sadıqovun yetirmələri Mərdəkanda Macarıstanla yoxlama görüşündə üz-üzə gəldi. Bir neçə gün əvvəl Astanada Qazaxıstanın müvafiq yaş qrupundan ibarət komandası ilə qüvvəsini sınayan və heç-heçə edən (1:1) U-21 “Dalğa Arena”dakı görüşə heyətdə bir neçə dəyişikliklə çıxmışdı. Fərid Nəbiyev ehtiyatda qalmış, Fəhmin ilk dəqiqələrdən meydana çıxmışdı. Ancaq istənilən halda, Qurban Qurbanovdan fərqli, Rəşadın artıq əsas heyəti müəyyənləşdirdiyini, komandanı formalaşdırdığını deyə bilərik. Düzdü, yığma məğlubiyyətdən çətinliklə xilas oldu. Xüsusilə ilk yarıda müdafiədəki kobud səhvlər diqqəti çəkdi. Özü də Bəhlul və Anton kimi aparıcı fiqurların ifasındakı bu səhvlərin nəsə başqa səbəbi olmalıdı. Çox güman, Krivotsyuk dünən “Neftçi” ilə müqavilə bağlayan və dərhal da “Dalğa Arena”ya gəlib gənclərin oyununu izləyən baş məşqçi Roberto Bordinin tribunada olmasına görə özünə bənzəmədi. Ancaq Rəşad Sadıqov ikinci hissəyə dəyişikliklərlə başladı və bu effekt verdi. Yeri gəlmişkən, oyunu “Səbail”in köməkçi məşqçisi Emin Ağayev də izləyirdi.
İlk təhlükəni yığmamız yaratdı. 13-cü dəqiqədə künc zərbəsindən sonra Sərtan fərqlənə bilərdi. Ancaq o, hava mübarizəsindən qalib ayrılsa da, başla vuruşunda dəqiqlik çatmadı. Bir qədər sonra Bano-Şabonun standart vəziyyətdən birbaşa qapıya zərbəsini Kamran əla reaksiya ilə dəf etdi. 27-ci dəqiqədə yığmamızın bəxti gətirdi. Atilla Haris əlverişli imkandan yararlana bilmədi. Ancaq iki dəqiqə sonra qonaqlar istəyinə çatdı. Əslində Rəşad Sadıqovun yetirmələri kobud səhvdən qapısında qol gördü. Kamranın qapıdan vuruşundan sonra top rəqibdə qaldı. Macarların hücumunu zərərsizləşdirmək istəyən Bəhlulun başla tərs toxunuşundan sonra topa sahib çıxan Qabor Makray hesabı açdı.
Yarımsaatın tamamında U-21 hesabı bərabərləşdirmək üçün yüzfaizlik imkan qazandı. Rəqib qapıçı topu irəli vurarkən səhvə yol verdi. Topa sahib çıxan Fəhmin uzaq “doqquzluğ”u nişan aldı. Ancaq son anda Atilla Şalay bir növ uçaraq, başla zərbəni zərərsizləşdirdi. 34-cü dəqiqə Özancanın cinahda əla keçidindən sonra hücumumuzun kəsəri artdı. Türk əsilli yarımmüdafiəçi Ehtirama ötürmə etsə də, onu qabaqlayan qapıçı topu bir qədər uzaqlaşdırdı. Ancaq top yenə futbolçumuza – Fəhminə düşdü. Onun vuruşunu da qapıçı zərərsizləşdirdi. Bir qədər sonra Makrayın vuruşunu Kamran ayağıyla dəf etdi. Ancaq Rəşad Sadıqovun yetirmələri 37-ci dəqiqədə növbəti dəfə rəqibə qol bağışladı. Əvvəlcə Hacıağa topu uzaqlaşdıra bilmədi, ardınca Krivotsyuk cərimə meydançasında səhv etdi və beləliklə, Atilla Haris müdafiədəki bu intizamsız oyundan yararlanıb fərqi artırdı – 2:0. İlk yarı elə bu hesabla başa çatdı.
Yığmamızın baş məşqçisi ikinci hissəyə dəyişikliklə başladı. Ziya Nəsirovu Elvin Sərkərovla əvəzləyən Sadıqov bununla həm də taktiki planda dəyişiklik gerçəkləşdirdi. Elvin müdafiənin mərkəzində yer aldı və belədə Anton sola, Qismət isə dayaq yarımmüdafiəçisi mövqeyinə çəkildi. Bu əvəzetmə effekt verdi. 49-cu dəqiqədə yığmamız fərqi minimuma endirdi. Rəqibin cərimə meydançasında Krivotsyuka qarşı kobudluğu İnqilab Məmmədov penalti kimi dəyərləndirdi. Topun arxasına keçən Ehtiram bu şansdan maksimum yararlandı. Di gəl ki, U-21-in sevinci cəmi 3 dəqiqə çəkdi. Matias Tayti yenidən fərqi 2 topa çatdırdı. Bundan sonra Rəşad növbəti dəyişikliyə əl atdı. Renat Dadaşovun oyuna qoşulması ilə təşəbbüs tam bizimkilərin tərəfinə keçdi. Elə topa ilk toxunuşunda Dadaşov əla kombinasiyada iştirak etdi. Renat Ehtirama, o isə öz növbəsində Ozancana ötürmə etdi ki, sonuncunun zərbəsi tirdən döndü. 67-ci dəqiqədə U-21-in heyətində məhz Almaniyada top qovan Dadaşov fərqləndi. Sərtanın cinahdan ötürməsindən sonra topu sinəsiylə qapıdan keçirən forvard baxımlı qola imza atdı. Təzyiqi artıran yığma tezliklə 3-cü qolu da vurdu. 71-ci dəqiqədə künc zərbəsindən sonra Krivotsyuk başla rəqib torunu silkələdi və ilk hissədəki zəif oyununu unutdurdu. U-21 hətta qələbə də qazana bilərdi. Düzdü, 80-ci dəqiqədə Macarıstanın da qol vurmaq şansı oldu. Ancaq Kamran Kristof Hinoranın uzaqdan qüvvətli zərbəsini əla reaksiya ilə əvvəlcə dəf etdi, ardınca rəqib futbolçudan cəlb tərpənib ikinci həmlədə topa sahib çıxdı. Əvəzində 86-cı dəqiqədə sonradan oyuna qoşulan Murad Mahmudov rəqib qapıçı ilə təkbətəkdən yararlana bilmədi. O, matça əlavə olunmuş dəqiqələrdə Sərtanın ideal ötürməsindən sonra isə tiri nişan aldı. Beləliklə, Rəşad Sadıqovun komandası Qazaxıstanın ardından Macarıstanla da – bu dəfə daha məhsuldar – heç-heçəyə razılaşdı. Yığmanın ikinci hissədəki oyunu haqda isə xoş sözlər söyləmək olar. Hücum xəttində işlərin qaydasına düşdüyünü əminliklə söyləmək olar. Müdafiəyə gəlincə, onu da Rəşad Sadıqov düzəltməyib, kim düzəldəcək?!
MİRAĞA
Reaksiya
Rəşad Sadıqov: “Oyun maraqlı alındı. Uduzsaydıq belə, oyundan razı qalacaqdım. Hər iki komanda ilk dəqiqələrdən aqressiv oynamağa başladı. Rəqibin qapısına təyin olunan penalti haqda onu deyə bilərəm ki, mənə belə penalti lazım deyil. İnanın, macarlar 3-cü qolu vurub yenidən fərqi 2 topa çatdıranda sevindim. Hakim yerlidi, bu baxımdan rəqibin aqressivliyi başadüşüləndi. Əsas odu ki, uşaqlar artırsınlar. Qismət növbəti rəsmi oyunda iştirak etməyəcək. Mən buna hazırlıq görürəm, yoxlama oyunlarında udub-uduzmaq önəmli deyil. Bizdə bütün mövqelərdə problem var. Həm də bunların hamısı heç də bizdən asılı deyil. Hər şey klubdan başlayır, bütün işlərə ordan başlamaq lazımdı”.