Torres: “Meydana qələbə qazanmaq üçün çıxacağıq”
Milli sabah Latviyada meydan sahiblərinin qonağı olmaqla Millətlər Liqası ərəfəsində sonuncu yoldaşlıq görüşünü keçirmiş olacaq. Latışların heyətində azərbaycanlı futbolsevərlərə, xüsusilə yığmanın çalışdırıcısı Qurban Qurbanova tanış futbolçunun meydana çıxacağı gözlənilir. Bu, Kristian Torresdi.
2013-cü ildə “Qarabağ”da Qurbanovun rəhbərliyi altında 6 oyunda meydana çıxmaq imkanı qazanan, buna qədər isə “Qəbələ”laə “Rəvan”ın formasını geyən əslən argentinalı yarımmüdafiəçi Azərbaycanda üst-üstə dörd mövsüm keçirib. Ölkəmizi tərk edəndən sonra Latviya “Liepaya”sına üz tutdu və artıq 4 ildi bu komandanın aparıcı üzvlərindən sayılır. Torresin daxili çempionatdakı inamlı çıxışı yığma məşqçilərinin də diqqətindən kənarda qalmadığından, latviyalı xanımla ailə quran futbolçunun “milliləşdirilməsi” qərara alındı. Sabah yığmamıza qarşı start heyətində meydana çıxacağı gözlənilən Kristianla söhbət etməyi qərara aldıq.
- İyunun 9-da Latviya - Azərbaycan görüşü baş tutacaq. Yəqin ki, ən çox sevinən sənsən...
- (gülür) Əlbəttə, sevinirəm. Vaxtilə çiyin-çiyinə oynadığım, rəqib qismində bir-birimizə qarşı çıxış etdiyimiz futbolçuları, ən əsası, vaxtilə rəhbərliyi altında oynadığım və çox şey öyrəndiyim Qurban Qurbanovu görmək imkanım olacaq. Uşaqlarla yenidən üz-üzə gəlmək, söhbət etmək maraqlı olacaq.
- Qarşılaşmaya hazırlıq necə gedir?
- Düzdü, yoldaşlıq görüşlərində nəticə önəm daşımır deyirlər. Amma millinin formasını geyirsənsə və bütün ölkə səndən qələbə gözləyirsə, nəticə vacibdi. Üstəlik, yığmaya yeni baş məşqçi təyin olunub, heyətdə bəzi dəyişikliklər edilib. Futbolçular özlərini yaxşı tərəfdən göstərmək istəyir. Bir müddət əvvəl “Baltik Kuboku” uğrunda yarışın qalibi olduq. Estoniya ilə Litvanı məğlub edə bildik. Millətlər Liqası ərəfəsində sonuncu oyunumuzdu. Daxildəki ab-havanı daha da yaxşılaşdırmaq və azarkeşlərin sevgisini qazanmaq üçün meydana qələbə niyyəti ilə çıxacağıq.
- Qələbə haqda rahat danışırsan...
- (gülür) Təbii, rahat olmayacaq. Rəqib Azərbaycandısa, asan oyundan söhbət gedə bilməz. Mən sizə məqsədimizi dedim. Sizin yığmadakı vəziyyətin eynisi bizdədi. Yeni baş məşqçi gəlib, heyətdə və oyun üslubunda dəyişikliklər edib. Odu ki, bizim üçün də asan olmayacaq.
- Maraqlıdı, baş məşqçiniz və komanda yoldaşların millimizi necə qəbul edir? Bizimkilər haqda hansı fikirdədilər?
- Hamı hər şeydən xəbərdardı. “Qarabağ”la “Qəbələ”nin uğurları hər yerə olduğu kimi, Latviyaya da səs salıb. Bilirik ki, dəfələrlə avrokubokların qrup mərhələlərində çıxış etmiş futbolçulara qarşı oynayacağıq. Bu isə heç də asan olmayacaq. Səmimi sözümdü, yüksək keyfiyyətli komandaya qarşı oynayacağıq. Tək mən yox, başqaları da bu fikirdədi. Vaxtilə Qurbanovun rəhbərliyi altında oynamışam. Onun necə məşqçi və psixoloq olduğuna bələdəm. Bizim üçün asan olmayacaq.
- Yığmamızın Qazaxıstanla oyunundan xəbərin yoxdu deyəsən...
- Bilirəm, xəbərim var. Nəticəyə işarə vurursuzsa, məncə, burda şişirdiləsi heç nə yoxdu. Mövsüm başa çatandan sonra futbolçularda yorğunluğun və boşalmanın olması normaldı. Qazaxıstanda isə çempionatın ən qızğın vaxtıdı. Elə bizdə də çempionat davam edir. Demirəm ki, sırf bu səbəbdən 0:3 hesabı ilə uduzdular. Amma böyükhesablı məğlubiyyətin əsas səbəblərindən biri budu. Yığmanızdakı futbolçuların hamısını tanıyıram. Videogörüntülərə əsasən deyə bilərəm ki, yorğunluq özünü göstərirdi.
- Oyunu izləmisiz?
- Matça tam baxmaq imkanımız olmadı. Baş məşqçinin əlində lazım olan epizodlar var idi ki, onları bizə göstərdi.
- Riqada oyuna maraq var?
- Sırf futbolla maraqlananlar, təbii ki, maraq göstərir. Maraqlanmayanlar onsuz da gəlməyəcək.
- Nə qədər azarkeş gözlənilir?
- Səhv etmirəmsə, stadion təxminən 10500 nəfər tutur. Məncə, bu sayda azarkeş olacaq. Estoniya və Litva üzərindəki qələbələr (yanılır, Litva ilə oyun heç-heçə bitib - red.) futbolsevərlərdə ruh yüksəkliyi yaradıb. 10 min də olmasa, azı 7-8 min tərəfdar gözləyirəm. Qarşılaşma şənbə günü baş tutacaq, üstəgəl, başlama saatı da münasibdi, yerli vaxtla 18.00-da.
- Bizimkilər bu gün Riqada olmalıydı.
- Bilirəm, xəbərim var.
- Görüşmək imkanın oldu?
- Bu gün alınmadı. Onlar Riqada məşq etməliydilər, biz isə paytaxtdan təxminən 30 kilometr aralıda yerləşən Yurmaladayıq. Fikrimcə, sabah oyunöncəsi məşqdə görərəm. Çünki hər iki komanda oyunöncəsi son məşqini “Dauqava” stadionunda keçəcək.
- Yeri gəlmişkən, Latviya millisinə cəlb olunmağın necə baş verdi? Həm də 31 yaşında…
- Düzü, mili pasporta sahib olmaq söhbəti 9-10 il əvvəl də var idi. “Metallurq”da və “Yurmala”da yaxşı illər keçirmişdim. Sadəcə, sonradan Azərbaycana yollanmağım bu məsələni arxa plana keçirdi. 4 illik legioner həyatından sonra Latviyaya qayıtdım və 2015-də “Liepaya”nın heyətində sərgilədiyim oyuna görə ilin futbolçusu seçildim. Bundan sonra federasiya rəhbərliyi mənə ciddi təklif irəli sürüncə, qəbul etdim. Yoldaşım buralıdı, övladım da var. Ona görə də heç bir problem olmadı. Özünüz də bilirsiz ki, millidə oynamaq hər bir futbolçu üçün qürurdu. Zarafat deyil, 2004-dən burdayam.
- Latviya futbolunun, çempionatının durumu necədi? İnkişaf var?
- Baxır necə inkişaf? Azərbaycanla müqayisə etməli olsaq, geridəyik. Sizdə olan maliyyə və infrastruktur burda yoxdu. Azərbaycan çempionatının səviyyəsi yüksəkdi, klubları Avropada sözünü deyir. Düzdü, Latviyada bacarıqlı uşaqlar var, çempionat da maraqlıdı. Amma sizdəki futbolla müqayisə etmək olmaz.
- Yəqin ki, karyeranı elə Latviyada başa vuracaqsan.
- Hələ bu haqda düşünmürəm. Nə yaşım var ki? (gülür) Bundan sonra bir neçə il də oynamaq istəyirəm. Latviyada özümü yaxşı hiss edirəm, hamı, hər yer mənə doğmadı. Eynilə Azərbaycanda olduğu kimi. Bakıda və Qəbələdə çoxlu dostlarım, hörmət etdiyim insanlar var. Azərbaycanda xoş günlərim olub. Ən əsası, rus dilini orda öyrəndim (gülür).
- Kimlərlə əlaqə saxlayırsan?
- Ara-sıra danışdıqlarım çoxdu. Amma daha çox Reynaldo və Riçard Almeyda ilə danışıram. Onlar da artıq “Qarabağ”da deyillər.
HƏBİB