Yığma mart toplanışı çərçivəsində iki yoldaşlıq oyununda qüvvəsini sınadı. Qurban Qurbanovun komandası martın 23-də Bakıda Belarusla qarşılaşdı. Olimpiya stadionunda reallaşan dueldə rəqib minimalhesablı (1:0) qələbəyə sevindi. Srağagün isə milli Makedoniya ilə üz-üzə gəldi. Antalyadakı “Mardan” stadionunda baş tutan qarşılaşmada qalib müəyyənləşmədi (1:1). Yığmanın həmin matçdakı qolunu Riçard Almeyda penaltidən vurdu. Bu həm də Qurbanovun rəhbərliyi altında millinin ilk qolu idi. Bu il yığmanın daha bir yoxlama oyunu keçirdiyini də xatırladaq. Belə ki, yanvarın 30-da komandamız Moldova ilə Antalyada yoldaşlıq matçında üz-üzə gəlmiş, həmin qarşılaşmada qolsuz heç-heçə qeydə alınmışdı. Moldova ilə matç Qurbanovun yığmada baş məşqçi kimi debüt oyunu idi. Bir sözlə, artıq yığma Qurban bəyin rəhbərliyi altında 3 oyunda qüvvəsini sınayıb və çalışdırıcı qələbə sevinci yaşamayıb. İndi isə geridə qalan 3 oyuna nəzər salıb, ümumi mənzərə haqda fikir yürütmək olar.
Debütantlar
Öncə onu qeyd edək ki, Qurbanovun gəlişindən sonra bir sıra futbolçularda ümid yaranmışdı. Onlar yeni baş məşqçinin ədalətinə inanındıqlarını, yığmadan dəvət gözlədiklərini tez-tez dilə gətirirdilər. Belə də oldu. Düzdü, yanvardakı toplanış üçün açıqlanan siyahı daha çox müzakirələrə səbəb olmuşdu. Razılaşaq ki, həmin hazırlıq prosesi ərəfəsində açıqlanan heyətdə çək-çevirə səbəb olacaq məqamlar var idi. Lakin mart toplanışında Qurbanovun ideala yaxın seçim etdiyini bir neçə dəfə qeyd etmişdik. Hətta autsayder “Kəpəz”in də üzdə olan futbolçusu milliyə dəvət aldısa, artıq şərhə ehtiyac yoxdu. Belə deyək, Qurbanov bir daha heç kimi diqqətdən kənarda qoymadığını nümayiş etdirdi. Bu həmin futbolçularda özünənimın formalaşması, üzərində daha çox işləməsi baxımından da önəmlidi. Baş məşqçi hətta yaşı 30-u keçən futbolçuya da yığmada debüt imkanı qazandırdı. Geridə qalan hər 3 yoxlama oyununu nəzərə alsaq, Qurbanov 5 futbolçuya millidə ilk dəfə şans yaratdı. “Qarabağ”dan Abbas Hüseynov, “Sumqayıt”dan Tural Axundov, “Qəbələ”dən Asif Məmmədov, “Səbail”dən Rahil Məmmədov, “Kəpəz”dən isə Şəhriyar Rəhimov ilk dəfə yığmanın formasında meydana çıxdı. Abbas Moldova, Tural, Asif və Şəhriyar Belarus, Rahil isə Makedoniya ilə oyunda debüt etdi. Bununla yanaşı, bəzi futbolçular ilki gerçəkləşdirə bilmədi. Moldova ilə qarşılaşmada Rəşad Əzizli, Şahruddin Məhəmmədəliyev, Bəhlul Mustafazadə və Anton Krivotsyuk şans qazanmadı. Əzizli budəfəki toplanışda da iştirak etməsinə baxmayaraq, meydana çıxmadı. Ümumiyyətlə, Qurbanov “çərçivə”də rotasiyaya əl atmadı və hər 3 qarşılaşmada Kamran Ağayevə güvəndi. Ümumilikdə qapıçıları və cəzalanan Elvin Yunuszadəni nəzərə almasaq, Qurbanov mart toplanışına çağırdığı bütün futbolçulara oynamaq imkanı yaratdı. Özü də demək olar, bütün klubların yığmada təmsil olunması müsbət haldı.
Qurbanovun ilk cəzası
Budəfəki toplanış zamanı yaşanan bir olay gündəmi zəbt etdi. Belə ki, iki futbolçunun oyun günü toplantıya gecikməsi cəzalanmaları ilə nəticələndi. Araz Abdullayevlə Elvin Yunuszadənin məsuliyyətsizliyi Qurbanov tərəfindən cəzasız qalmadı. Hər iki futbolçu yatıb qaldığı üçün Belarusla oyunöncəsi keçirilən toplantıya gecikmişdi. Baş məşqçi isə onların adını protokola daxil etmədi. Hələ bu harasıdı? Yunuszadə, ümumiyyətlə, heyətdən uzaqlaşdırıldı. “Qarabağ”ın müdafiəçisi klubunda da cəzaya məruz qaldı. Məlum məsələdi ki, çalışdırdığı “Qarabağ”ın üzvünün yığmadakı davranışı Qurban bəyə daha pis təsir etmişdi. Sən demə, Elvin əvvəllər də analoji hərəkətlə çalışdırıcının əsəblərini korlamağı bacarıbmış. Belədə Qurbanov onu yığmadan kənarlaşdırmaqla kifayətlənmədi, həm də “Qarabağ”ın əvəzedcilərinə göndərdi. Ölkəmizi Cənubi Kiprdə təmsil edən Arazın cəzası isə nisbətən yüngül oldu. O yalnız Belarusla oyunda kənarda qalmaqla “günahını yudu”. Qurban bəy ona Makedoniya ilə oyunun start heyətində yer vermişdi. Bəlkə də Abdullayevə bir qədər güzəşt edilməsinin səbəblərindən biri legioner həyatı yaşamasından irəli gəlirdi. Hər halda, vaxtilə eyni komandada - “Neftçi”də top qovan bu futbolçular Qurbanovun yığmada qəzəbinə tuş gələn ilk oyunçular oldu. Bu mənada mütəxəssis bir daha nizam-intizam məsələlərinə necə yanaşdığını ortaya qoydu.
Nə gördük, nəyə ümid edək?
Təbii, hədəf sentyabrda başlayacaq Millətlər Liqasında uğur qazanmaqdı. Qurbanovun rəhbərlik etdiyi komandanın bunu bacarıb-bacarmayacağını zaman göstərəcək. Ancaq geridə qalan oyunlara nəzər salanda ümumi fikir ortaya qoymaq olar. Əvvəla, mütəxəssis bir daha göstərdi ki, yaxşı formada olan, klubuna xeyir verən futbolçu yığmadan kənarda qalmayacaq. İkincisi, bu oyunlar yoxlama xarakteri daşıdığından nəticə o qədər də önəmli deyil. Elə “Qarabağ”ın timsalında dəfələrlə görmüşük ki, Qurbanovun komandası sınaq görüşlərində müsbət nəticə əldə edə bilməyib. Ancaq rəsmi matçlarda fərqli durumun şahidi olmuşuq. Odu ki, geridə qalan matçların hesabına nəzər salıb, bədbinliyə qapılmaq olmaz. Ən azı ona görə ki, bu oyunların heç birində yığma meydana ideal heyətlə çıxmayıb. Zədəli Bədavi Hüseynov, U-21-ə görə son iki yoxlama matçında iştirak etməyən Mahir Mədətovla Ramil Şeydayev, eləcə də hazırda yaxşı fromada olmayan, ancaq böyük yığma təcrübəsinə malik Rahid Əmirquliyevlə Əfran İsmayılovun payızda başlayacaq yarışda iştirak etmələri mümkündü. Qarşılaşmalardakı rotasiyaları da nəzərə alsaq, hələ ki Qurbanovun komandanın onurğasını müəyyənləşdirmək yolunda addımlar atdığını deyə bilərik. Oyun baxımından da müəyyən canlanma var. “Qarabağ”dakı sistemin çalarlarını yığmada da hiss etmək olur. Topa daha çox nəzarət, onu meydanboyu gəzdirmək, mərkəzdən başlayan, cinahlarda inkişaf edən hücumlar... Yalnız son qərarların verilməsi baxımından problem hələ də qalmaqdadı. Görünür, Qurbanovun aradan qaldırmalı olduğu ən böyük çatışmazlıq da elə budu.
FARİZ