“Sumqayıt”lı oğlan Messiyə xas hərəkətləriylə meydanın mərkəzində ağalıq edirdi”
Yığmamızı Bakıda məğlub etməsinə baxmayaraq, komandalarının oyunu belarusluların xoşuna gəlməyib. Bunu forumlardakı müzakirələrdən müşahidə etmək olar. İqor Kriuşenkonun oyunsonrası mətbuat konfransında “top saxlamağa çalışırdıq. İlk dəqiqələrdə bu alınırdı. Lakin vaxt keçdikcə komandamın ifasında arzuladığım oyunu görmədim. Rəqib bizi sıxırdı. Futbolçuların əksəriyyəti Belarus çempionatında çıxış edir. Çempionat başlamadığından, onların çoxu formada deyildi. Azərbaycanda isə əksinə, oyunçular yaxşı formada idi” etirafı azarkeşləri hiddətləndirib. “Pressbol”un saytındakı şərhlərdə “bAtT” nikli izləyicinin rəyi daha maraqlıdı: “Hücumameyilli 4-3-3 taktiki sxemi seçib müdafiə olunurduq? Və yaxud BATE və “Brest”in 3, “Şaxtyor”un 2 oyunu 6 turluq Azərbaycan çempionatı ilə rəqabət aparmağa imkan vermir? “Sumqayıt”lı oğlan (Cavid İmamverdiyevi nəzərdə tutur) Messiyə xas hərəkətləriylə meydanın mərkəzində ağalıq edirdi”.
MİRAĞA hazırladı