Yoldaşlıq oyunu
Azərbaycan (U-21) – Ukrayna (U-21) 1:1 (0:0)
12. Kamran İbrahimov
(22. Nicat Mehbalıyev, 46)
2. Amin Seydiyev
3. Turan Manafov
(17. Elvin Cəfərquliyev, 62)
9. Rövlan Muradov
(8. Rafael Məhərrəmli, 46)
20. Səbuhi Abdullazadə
(21. Barış Əkinçiər, 46)
13. Murad Qayalı
11. Şakir Seyidov
(5. Nihad Tamazov, 90)
14. Ozancan Kökcü
(23. Toral Bayramov, 60)
10. İsmayıl İbrahimli (k)
(19. Doğukan Öksüz, 60)
15. Ömər Buludov
(6. Elçin Mustafayev, 46)
16. Süleyman Əhmədov
(18. Musa Qurbanlı, 46)
Ehtiyat oyunçular
1. Oleq Karnaux
4. Hüseyn Seyliğli
7. Fərid Nəbiyev
Baş məşqçi: Milan Obradoviç
12. Vladislav Kuçeruk
3. Aleksey Baykov
4. Denis Popov
5. Roman Vantux
6. Nikolay Şaparenko (k)
8. Aleksandr Nazarenko
(10. Boqdan Lednev, 84)
9. Viktor Kornienko
11. Nazari Rusin
16. Maksim Çex
20. Andrey Kravçuk
22. Sergey Buletsa
(7. Vladislav Supryaqa, 67)
Ehtiyat oyunçular
1. Ruslan Neşeret
14. Vladislav Baboqlo
15. Axmed Alibekov
18. Timur Steçkov
21. Boqdan Milovanov
Baş məşqçi: Ruslan Rotan
Qollar: O.Kökcü, 48 (1:0). N.Rusin, 65 (1:1).
Vərəqələr: A.Kravçuk, 32. R.Muradov, 41. M.Şaparenko, 59 – sarı. A.Kravçuk, 45+2. M.Şaparenko, 90+5 – qırmızı (ikinci sarı).
Hakimlər: ORXAN MƏMMƏDOV, Namik Hüseynov, Rahil Ramazanov, Rəvan Həmzəzadə.
19 noyabr. Mərdəkan. Dalğa Arena.
Noyabrın 19-da, əsas yığma ilə eyni gündə 21 yaşadək futbolçulardan ibarət millimiz də oyuna çıxdı. Fərq ondadı ki, ötən həftə Lixtenşteynlə (1:0) AÇ-nin seçmə oyununda üz-üzə gələn Milan Obradoviçin komandası bu dəfə yoldaşlıq görüşündə Ukraynanı sınağa çəkdi. Onu da qeyd edək ki, bu, U-21 yığmamızın Ukrayna ilə 3-cü görüşü oldu və maraqlıdı ki, bunların hamısı yoldaşlıq oyunudu. İlk görüş 2016-cı il yanvarın 22-də Türkiyənin Antalya şəhərində "Antalya Cup" beynəlxalq turnirində olub və 2:1 hesablı qələbəmizlə nəticələnib. Tərəflərin ikinci dueli isə məhz "Dalğa Arena"da baş tutub və bir il öncəki həmin matç rəqibin 1:0 hesablı qələbəsiylə yekunlaşıb.
“Dalğa Arena”da baş tutan oyunun ilk yarısında qol qeydə alınmadı. Bununla belə, fasilə ərəfəsində Ukraynanın azlıqda qalması ikinci hissədə təşəbbüsü ələ almağa əsas verirdi. Doğrudu, U-21 fasilədən 3 dəqiqə sonra say üstünlüyündən yararlandı. Ozancan Kökcü yığmamızı hesabda önə keçirdi. Ancaq Obradoviçin komandası üstünlüyünü sona qədər qoruya bilmədi. Belə ki, Nazari Rusin 65-ci dəqiqədə bərabərlik qoluna imza atdı. Düzdü, yığmamız ikinci hissədə meydana çıxan Toral Bayramovla daha bir qol vursa da, sabiq referi Orxan Məmmədovun başçılıq etdiyi azərbaycanlı hakimlər briqadası səhvən ofsayd qeydə alaraq qolu saymadı. Hərçənd Məmmədovun idarəçiliyindən rəqib daha çox əziyyət çəkdi. Belə ki, matçın sonuda, konkret oyuna əlavə olunmuş dəqiqələrdə Ukrayna yığmasının daha bir üzvü - Mikola Şaparenko 2-ci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldı. Beləliklə, rəqib oyunu 9 nəfərlə bitirdi. Matçdan diqqəti çəkən daha bir məqam Obradoviçin əvəzetmə limitinin yoxluğundan yararlanaraq 9 oyunçunu dəyişməsidi. Halbuki Ukrayna cəmi iki oyunçu dəyişikliyindən yararlandı.
MİRAĞA
Reaksiyalar
Ruslan Rotan: “Bakıda sonuncu dəfə 2015-ci ildə olmuşdum. Açığı, şəhəriniz çox dəyişib, yaxşı mənada təəccübləndirdi. Yoldaşlıq oyunu üçün məhz bizi dəvət etdiyinizə görə təşəkkür edirik. Oyun gözlədiyimiz kimi keçmədi. Yoldaşlıq görüşü olduğu üçün yeni dəvət etdiyimiz futbolçuları yoxlamağa çalışdıq. Bu istəyimiz də cəmi bir hissə alındı. İki qırmızı vərəqə aldıq və azlıqda qaldıq. Futbolçularımın əzmkarlıq göstərməsi məni sevindirdi. Azərbaycan millisi isə daha intizamlı, çevik və kompakt oynadı. Bu da Milan Obradoviçin əl işidi. Çünki əvvəlki matçlarınızda bunu izləməmişdik”.
Milan Obradoviç: “Yeni dəvət olunan futbolçulara şans verməyi planlaşdırmışdıq və belə də etdik. Oyunun əvvəlində bir qədər istədiyimizi reallaşdıra bilmədik. Çıxışımız qeyri-sabit alınırdı, əminlik çatmırdı. Bu da qeyd etdiyim kimi, heyətdə yeni dəvət etdiyimiz futbolçulara üstünlük verməyimizdən və çox istəkli olmağımızdan irəli gəlirdi. Son 30 dəqiqədə 2 hücumçu ilə çıxış etdik və pis təsir bağışlamadıq. Narazı qaldığım məqamlardan biri oyun zamanı bəzən nəzarəti tam əldən verməyimizlə bağlıdı. Elə dəqiqələr olurdu ki, nə etdiyimizi bilmirdik. Ukrayna millisinin əks-hücumlarda daha yaxşı təsir bağışladığını bilə-bilə onlara oynamaq imkanı yaradırdıq”.