Ötən ay Avropa çempionatının Bakıdakı seçmə oyunlarında Macarıstanla Slovakiyaya biabırçı yenilgilərdən dərhal sonra ölkəsinə yollanan yığmanın baş məşqçisi Nikola Yurçeviçin biraylıq məzuniyyəti başa çatıb. Xəbər verdiyimiz kimi, Bakıya qayıdan mütəxəssis “Səbail” – “Universitatya” matçını (2:3) canlı izləyib. Üstəlik dünən də Mərdəkandakı oyunda görünüb.
Xatırladaq ki, Slovakiyaya 1:5 uduzduğumuz oyundan dərhal sonra keçirilən AFFA İcraiyyə Komitəsinin iclasında xorvat baş məşqçidən hesabat istənilmişdi. Yurçeviç deyiləni edərək, federasiya başbilənləri ilə görüşüb. O, bir neçə futbolçunun millidə lazımı səviyyədə çıxış etmədiyini bildirib. Xorvatiyalı onlar arasında Dmitri Nazarovun, həmçinin Rüfət və Renat Dadaşovların adını çəkib.
Aleksey İsayevin Slovakiya ilə görüşdə meydana çıxmaqdan imtina etdiyini deyən Yurçeviç bu yarımmüdafiəçini bir daha yığmaya çağırmaq istəmədiyini də bildirib. Baş məşqçi son iki turdakı böyükhesablı məğlubiyyətləri futbolçuların funksional hazırlığının zəif olmasıyla əlaqələndirib. Sportinfo.az saytının yaydığı bu xəbəri yaxın saylarımızda dəqiqləşdirməyə çalışacağıq.