“Bakı asan yer deyil və ordakı rütubət bizim üçün qeyri-adi ola bilər”
AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində iyunun 8-də yığmamızla, 11-də isə Uelslə qarşılaşacaq Macarıstanın heyəti açıqlanıb. Baş məşqçi Marko Rossi həmin oyunlar üçün 32 futbolçuya dəvət göndərib. Siyahıda Almaniya, Fransa, ABŞ, Ukrayna, Yunanıstan, Avstriya, Xorvatiya, İtaliya, Qazaxıstan, Polşa, Slovakiyada top qovan futbolçular var. Lakin bu, yekun heyət deyil. Toplanışın ilk hissəsi geridə qaldıqdan sonra baş məşqçi “22-lik” müəyyənləşdirəcək. İlkin siyahı isə belədi: qapıçılar - Dibuş Deneş (Ferentsvaroş), Peter Qulaşi (“Leyptsiq”, Almaniya), Adam Kovaşik (Videoton), David Qrof (Honved); müdafiəçilər - Barat Botond (“Sportinq Kanzas”, ABŞ), Bese Benabaş (“Havr”, Fransa), Yanoş Ferentsi, Bense Paftoviç (hər ikisi “Debretsen”), Attila Fiola, Paulo Vinisius (hər ikisi “Videoton”), Tamaş Kadar (“Dinamo”, Kiyev/Ukrayna), Mixay Korxut (“Aris”, Yunanıstan), Gerqo Lovrençiç (Ferentsvaroş), Orban Villi (“Leyptsiq”, Almaniya); yarımmüdafiəçilər - Daniel Qazdaq (Honved), David Holman (“Slovan”, Slovakiya), Jolt Kalmar (“DAK 1904”, Avstriya), Laslo Klyanheyzer (“Osiek”, Xorvatiya), İştvan Kovaç, Mate Patkay (hər ikisi “Videoton”), Adam Nad (“Bolonya”, İtaliya), Dominik Şoboşlay (“Zaltsburq”, Avstriya); hücumçular - Adam Bodi (Debretsen), Balaş Cucak (“Əl-İttihad”, BƏƏ), Eppel Marton (“Kayrat”, Qazaxıstan), Filip Holender (Honved), Dominik Nad (“Legiya”, Polşa), Kristian Nemets (“Sportinq Kanzas”, ABŞ), Adam Şalay (“Hoffenhaym”, Almaniya), Varqa Roland (Ferentsvaroş), Kristofer Vida (DAK, Slovakiya), Donat Şofer (Uypeşt).
Macarların baş məşqçisi Marko Rossi heyət və seçmə mərhələ oyunları haqda fikirlərini dilə gətirib: “Həmişə demişəm ki, güvənə biləcəyimiz futbolçuları müntəzəm izləyirik. Barat Botond və Kristian Nemetsin toplanışa tez qatılmasını istəyirik. Bunun üçün "Sportinq Kanzas" rəhbərliyindən xahiş etmişik. İnanıram ki, onlar istəyimizi müsbət cavablayacaqlar. Çünki hazırlığa tez başlamağımız və məşqlər üçün əlavə günlərin olması Azərbaycan və Uelslə oyunlar ərəfəsində böyük önəm daşıyır. Slovakiyaya qarşı ilk oyunu pis keçirmədik. Görüş ərzində 3-4 səhvimiz oldu. Xorvatiya isə bizimlə qarşılaşmada bu səhvləri buraxdı. Onlardan istifadə etməsəydik, indi geridə qalmış iki uğursuz oyundan danışacaqdıq. Qarşıdakı iki oyunda 6 xal toplamaq istəyirəm. Amma məsələyə sərt baxmaq fikrim də yoxdu. Xüsusən də Azərbaycanı məğlub etmək borcumuzdu. Lakin meydanda 11 futbolçu 11 rəqibə qarşı çıxış edir və nəticə hər zaman müəmmalı olur. Hələ Xorvatiya üzərində qələbədən sonra Azərbaycanı məğlub etmək məcburiyyətində olduğumuzu dedim. Bakı asan yer deyil. Səfərdə oynayacağıq və ordakı rütubətin yüksəkliyi bizim üçün qeyri-adi ola bilər. Amma yenə də qələbə qazanmağa çalışmalıyıq".
Rossi millimiz haqda ətraflı məlumat əldə etdiyini də dilə gətirib: "Azərbaycanın oyunlarının videosuna baxmışam. Xüsusən də son iki matçlarını izlədim. Futbolçularını adbaad tanıyıram. Yeni baş məşqçi təyin etmələri önəmli məqamdı. Xorvatiya və Litva ilə görüşlərini izləmişəm. Rəqibin heyətində hücumçu Ramil Şeydayevi və bir yarımmüdafiəçilərinin (Eddi İsrafilovu nəzərdə tutur – F.) İspaniya çempionatında oynadığını qeyd edə bilərəm. Adətən, 4-3-3 və ya 4-1-4-1 sistemində oynasalar da, bəzən dəyişiklik də edirlər. Müdafiə xətti sabitdi, hücum edərkən bunu nəzərə almalıyıq. Biz hazırıq və təsadüflərə inanmırıq".
FARİZ