“Mən imkan verməyəcəm ki, “Sumqayıt” elitanı tərk etsin. Orda gənc futbolçular oynayır, milli komanda üçün püxtələşirlər” – bu sözləri AFFA prezidenti Rövnəq Abdullayev 2014-cü ilin yazında demişdi. “Sumqayıt” turnir cədvəlinin sonuncu pilləsində “lövbər salmışdı”, heç cür ordan çıxa bilmirdi. Reqlamentə əsasən sonuncu olan komanda mövsümün sonunda birinci diviziona yuvarlanmalıydı. Ölkə kubokunun yarımfinalına yüksələn “Rəvan” isə qış fasiləsindən sonra xeyli “artırmışdı”, açıq-aşkar “Sumqayıt”ı üstələyirdi. Belədə AFFA ən yüksək səviyyədə dövriyyəyə belə bir məlumat buraxdı ki, İcraiyyə Komitəsi reqlamenti dəyişəcək və elitanı tərk edən olmayacaq. “Rəvan” arxayınlaşdı, gücünü kubokun yarımfinalında “Neftçi” ilə qarşılaşmalara saxlayan paytaxt təmsilçisi büdrədi və ardıcıl xallar itirməyə başladı. Məhz bunun da sayəsində “Sumqayıt” “Rəvan”ı qabaqlaya bildi. “Sarı-qırmızılar” kubokda “Neftçi” səddini də keçə bilmədi və avantüra ilə arxayınlığın qurbanına çevrildilər. AFFA-nın hazırladığı “yumşaq yastıq” onları elə yuxuya verdi ki, gözlərini açanda xeyli gec idi. AFFA yayda “valı” çevirdi, “Rəvan”ı elitadan aşağı diviziona doğru göndərdi. “Sumqayıt” isə premyer-liqada qaldı.
Artıq “Rəvan” tarix yaddaşına qovuşub. “Xəzər Lənkəran”, “Bakı” kimi AFFA-dan asılı olmayan digər klubların taleyini yaşayıb. “Sumqayıt”ın işləri isə qaydasındadı. AFFA kluba prezident təyin edir, baş məşqçi göndərir, futbolçu seçir. İndi “Sumqayıt” meydanda tək deyil, düz dörd qardaşı var. Onlarla birlikdə əl-ələ verib, Azərbaycanda futbolun yaşaması, çempionat keçirilməsi barədə imitasiya edir. “Milli komandaya futbolçu vermək, gəncləri yetişdirmək” vədləri də çoxdan unudulub. “Sumqayıt”ın əsas heyətində oynayanların heç biri sumqayıtlı deyil. “Gənclik şəhəri”ndə yetişən sonuncu futbolçu da bu qış komandanı tərk etdi, “Zirə”yə - Samir Abasovun yanına yollandı. Əvəzində komandanın heyəti “qocalar evi”nə, “təqaüdçülər klubu”na çevrilib. Özü də hamısı digər klublardan yığılma. İllərdi fəaliyyət göstərən, milyonlarla neft pulu xərclənən klub Sumqayıtdan nümunə kimi ortaya çıxarmaq üçün bir futbolçu belə yetişdirə bilməyib.
Heyətə diqqət edək: dağıstanlı qapıçı Mehdi Cənnətov bu ay 27 yaşını tamamlayır, Hollandiya türkü Atilla Yıldırımın isə 29 yaşı var. Vurğun Hüseynov 31-ci doğum gününə hazırlaşır, hazırkı sənədlərinə görə Rail Məlikov 33 yaşını dekabrda bayram edib (gerçək yaşını isə özü daha yaxşı bilər). Əfran İsmayılov da 30-u arxada qoyub, elə “milliləşdirilmiş” dağıstanlı Arif Daşdəmirov da onun kimi. Buyurun, bu da sizə “gənclik şəhəri”ni təmsil edən, milli komanda üçün futbolçu yetişdirmək kimi müqəddəs missiya daşıyan, AFFA-nın sevimli balası “Sumqayıt”ın heyəti. Gəncləri yetişdirmək bir yana qalsın, heç milli üzvləri ilə öyünə bilməyən “Sumqayıt”ın indiki durumuna təəssüflənməmək olmur. Azərbaycanın futbol məbədlərindən biri sayılan, ənənələri ilə öyünən bir şəhərin təmsilçisi indi kimlərinsə əlində oyuncağa çevrilib, pul qazanmaq, geniş açılan cibləri doldurmaq vasitəsidi. Əvvəllər Sumqayıt futbolu heç AFFA-nın qanadı altında deyildi, orda nə Kamran Quliyev vardı, nə də Riad Rəfiyev. Amma Mehdi Hüseynzadə adına şəhər stadionunun tribunalarını dolduran azarkeşlər Azərbaycan futbolunun bəzəyi idi, bir də hər il kəşf edilən, ortaya çıxan sumqayıtlı istedadlar. Saymaqla sıralarını bitirmək olmaz. Hardadı Sumqayıtda yetişən Nazim Süleymanovun, Kamal Quliyevin, İsmayıl Məmmədovun və başqalarının davamçıları?!
Deməli, ənənələr var, istedadlar var, onları tapıb üzə çıxaran, yetişdirib püxtələşdirən düzgün idarəçilər, sağlam təməllər üzərində qurulan komanda yoxdu. Şəhərin rəmzlərindən biri sayılan tarixi stadionun qapısı qıfıllanıb, əvəzində Sumqayıt futboluna ayrılan pullar süni örtüklü kiçik bir meydanın inşasına sərf edilib. Bununla da kifayətlənmədilər, sonradan şəhərin əsas arenasının təmirinə diqqət ayırmaqdansa, süni örtüyü dəyişdilər və buna da bir ətək pul xərclədilər. Təki gənc futbolçular süni örtüyün üzərində ağır xəsarət almaq təhlükəsindən xilas olsunlar. Onsuz da bölgə futbolu məhv edilib, Azərbaycan premyer-liqası Bakının açıq birinciliyinə çevrilib. İndiki acı reallıqla “Sumqayıt”ın varlığına belə şükr etməli oluruq ki, paytaxt klubları səfər oyununa getmək üçün Bakıdan kənara çıxırlar. Hər qarşılaşmada tribunaları dolduran, doğma komandalarını sona qədər dəstəkləyən sumqayıtlı azarkeşlər daha güclü və iddialı komandaya layiqdilər. Güclü “Sumqayıt”, avrokubok oyunlarının bu şəhərə qayıtması azyaşlı futbolçular üçün də əvəzsiz sevinc və stimuldu. Amma indiki “Sumqayıt”ın buna gücü çatarmı?!
Əlbəttə ki, yox. Milyonlarla vəsait xərclənən “Sumqayıt” indi meydanda yetim qalmış uşağı xatırladır. Klubun prezidentinin başı AFFA-nın sifarişlərini yerini yetirməyə, milli komandaya əcnəbi məşqçi və gələcəkdə “milliləşdirilməsi” gözlənilən futbolçu axtarmağa qarışıb. “Sumqayıt” isə yaddan çıxıb. Güclənməyə, heyətini komplektləşdirməyə ehtiyacı olan komanda qış transfer bazarının ən passivlərindən biridi. Sanki heyətdə problemli mövqe yoxdu, turnir cədvəlindəki yeri də rəhbərliyi arxayınlaşdırıb, onların əsas məqsədi indiki heyəti qoruyub-saxlamaqdı. “Sumqayıt”a yaxşı futbolçular, yeni nəfəs lazımdı. Amma ondan da əvvəl kluba can yandıracaq, onu öz müştərilərindən və şəxsi mənfəətindən üstün tutacaq rəhbərə ehtiyac var!