2018 tarixə qovuşur. Adətən, adamlar ilə yekun vurarkən onun ilk növbədə öz həyatında yerinə nəzər salır, sonra baxış bucağını genişləndirərək, ailə, vətən, Qarabağ, futbol, nə bilim, onlarla başqa nöqtə üzərində dayanır, saf-çürük edirlər. İlayrıcına şəxsi eqo prizmasından yanaşsaq, əlbəttə, daha bir qoca ili geridə qoyduğumuza görə sevinməliyik, şükür, bir qədər də yaşlandıq, Allah ömrümüzə qıymadı və s. və i.a. Amma bu qəzetin auditoriyası futbolsevərlərdisə, onda məsələ bir qədər fərqli yön alır.
2018 yadımda futbol ümidlərimizin öldüyü, adamlarda mümkün uğurlarla bağlı təsəvvürlərin yerini büsbütün bədbinliyə verdiyi il kimi qalacaq. Klub futbolunda da belədi, demək olar ki, bütün yaş qrupu üzrə yığmalarda da. AFFA rəhbərliyini, İcraiyyə Komitəsinin üzvlərini dekabrın 8-də verilən qərarın “işlənib-hazırlanma” mərhələsindəki hansısa məqamlara görə qınamaq olar. Amma gəlin onu da razılaşaq ki, “yenilər”, yəni ötən ilin noyabrında bütün yaş qrupu üzrə yığmalarda səlahiyyət sahibi olan adamlar da ümidləri doğrultmadılar. Xüsusən də Qurban Qurbanovun rəhbərlik etdiyi əsas yığma Millətlər Liqasını elə faciəvi şəkildə bitirdi ki, adamın əli-ayağı yerdən üzüldü.
Yığmaların və klubların total uğursuzluqlarının nəticəsi kimi azarkeşlər tribunalardan uzaq düşüb, gizlətmirəm ki, şəxsən bizlər, yəni vəzifəsi idmanı, futbolu təbliğ etmək, soydaşlarımızı komandaları dəstəkləməyə çağırmaq olan jurnalistlər də gündəlik işdə əziyyət çəkirik, adam peşə, yoxsa vətəndaş maraqlarını əsas götürməli olduğunu müəyyənləşdirə bilmir.
Açığı, həvəsim yoxdu, olsaydı, araşdırıb tapardım ki, bu dünyada ili baş məşqçisiz bitirən başqa yığma varmı? Təbii ki, bu məqam elə bir ciddi önəm daşımır. Amma AFFA rəhbərliyinin son günlər baş məşqçi seçimi ilə bağlı müəyyənləşdirdiyi şərtlər ətrafında yayılan söz-söhbət uzaqbaşı dodaqlara gülüş qondurar. Babalı yalançının boynuna, deyilənə görə, AFFA yeni baş məşqçinin qarşısına ilk növbədə yığmanı AÇ-2020-nin final mərhələsinə daşımaq şərti qoyur. Bu məqamda populyar “utanmasan, oynamağa nə var ki?!” ifadəsini işlətmək olardı. İşlətmirəm, sadəcə, məsləhət vermək istəyirəm. Dostlar, şəxsən mən dünyanın hansısa bucağında konkret bu şərtə razılıq verən axmağın tapılacağına inanmıram. Bununla belə, ənənəvi inandırma metodları (“burda Torres, Foqts, Prosineçki kimi nəhənglər çalışıb”, “qitə birinciliyinin bəzi oyunlarının Bakıya salınması futbolçuları qəhrəmanlığa səsləyəcək”, “marta qədər yığma üzvlərinin ustalıq səviyyəsi kəskin artacaq”...) işə yaramırsa, danışıqları salırsan restoranların birinə, qonağın önünə 2 litr Ağsu arağı qoyursan və ya aldadıb, marixuana çəkdirirsən. Bu işin ən qısa yolu budu. Yoxsa kiminsə bu şərt qarşılığında işləyəcəyinə ümid etməyə dəyməz.
Ancaq pisi deyəndə yaxşını da unutmaq olmaz. Şəxsən mən bəzən futbol ictimaiyyəti arasında gəzən “premyer-liqanı Bakı çempionatına çeviriblər”, “bütün klubları AFFA saxlayır” kimi cəfəng fikirlərə də gülürəm. Axı bu ölkədə hansı bölgə futboluna, ənənələrinə sahib çıxdı ki, AFFA da onun qarşısını kəsdi? Və ya başqa sual: hansı iş adamı ciddi, nəticə qazanmağa qadir futbol klubunun iqtisadi-biznes modelini ortaya qoydu ki, AFFA da həmin mübhəm bəyin biznesini çökdürdü? Bunlar ritorik suallardı, cavabını mən də bilirəm, siz də. Hər bölgə, həmin bölgədən çıxan iş adamı futbola sahib çıxmalıdı ki, sabah da nəsə uma bilsin. Yoxsa Gəncədə oturub AFFA-dan gələcək pula göz dikməklə futbol oynamaq, futboldan danışmaq, nəyahət, klub olmaq mümkün deyil.
Nə isə, yazını uzadıb, əhvalınızı korlamaq istəmirəm. Badələri 2019-un gəlişi şərəfinə qaldırın. Təbii, “futbolumuza 2018 kimi il gəlməsin” deməklə...