“Bəli, bu gün Qurban Qurbanov AFFA rəhbərliyinin lazımi dəstəyini, güvənini hiss etmir, adamlar sanki onun müqavilə müddətinin sonuna qədər yığmaya daha böyük uğurlar qazandıracağına, ən azı nəhəng turnirlərin kandarına daşıya biləcəyinə inanmırlar” – “Futbol+”in 29 noyabr sayında dərc olunan “Dəstək belə olur?” sərlövhəli yazıdan bir parçadı bu. Açığı, Qurban bəylə noyabrın 26-da yemək masası arxasında baş tutan söhbətdə onun AFFA rəhbərliyi, konkret Elxan Məmmədov ilə münasibətlərinin qaydasında olmadığını hiss etmişdim. Hətta Dublindəki püşkatmaya da getmək istəmirdi. Belə başa düşdüm ki, Qurbanovun “Qarabağ”da gördüyü, uğurlarının kökündə dayanan qarşılıqlı inam, etibar mühiti yığmada yoxdu. Ən xırda məişət detallarından tutmuş yığmanın perspektivi ilə bağlı müxtəlif məsələlərə qədər ciddi fikir ayrılığı yaşanırdı. Qurban bəy “hətta bəzən özümü aşağı tutaraq onlara doğru addım atıram, jest edirəm, amma görürəm ki, alınmır” demişdi.
Alınmadı və srağagün AFFA İcraiyyə Komitəsi (İK) bir il əvvəl az qala yalvar-yaxarla baş məşqçi postuna gətirdiyi Qurbanova qapını göstərdi. Qovdu, istefaya göndərdi – hansı kəlməni münasib sayırsızsa, elə də qəbul edin. Sadəcə, qərarın AFFA-nın saytında “...millinin baş məşqçisi Qurban Qurbanovla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilsin” şəklində təfsiri ictimaiyyəti çaşdırır. Ona görə də hər şeyi öz adı ilə çağırmaq, hadisələrə real qiymət vermək lazımdı.
Təbii ki, yığmanın nəticələri yaxşı olmayanda futbol qurumunun baş məşqçini istefaya göndərmək haqqı var. Amma burda prinsipial məqam odu ki, federasiya olaraq baş məşqçidən nə istəyirdin və o öz üzərinə hansısa öhdəlik götürmüşdümü? Bəli, yığma Millətlər Liqasında qrupunda 1-ci yeri tuta bilərdi. Tutsaydı, belə həngamə qopmayacaqdı. Qurbanov da turnirin gedişində səhvlərə yol verdi, bu səhvləri anladı və növbəti seçmə mərhələyə fərqli adlarla çıxacaqdı. Son söhbətimizdə konkret “Sumqayıt”dan Aleksey İsayevin adını çəkmişdi.
Beləliklə, İK-nın qərarında yer alan “qarşılıqlı razılıq” ifadəsinin saxta olduğunu, baş məşqçinin qovulduğunu anladıq. İndi başqa pərdəarxası məqamlar üzərində gəzişək. Qərardakı “Qarabağ”da fəaliyyəti üçün daha çox vaxt ayırmasına imkan yaradılması məqsədilə” ifadəsi də saxtakarlıq, həyasızlıq və “Neftçi”yə mümkün etirazlar üçün tutarqa verməkdi. Futbol qurumusansa, yığmaların problemlərini həll et, “Qarabağ”ın nəticələrinin sənə nə dəxli var? Bu ifadədən belə çıxır ki, “Qarabağ”ın çempionluğu bizim üçün çox önəmlidi. Yaxşı, bir neçə aydan sonra “Neftçi” – “Qarabağ” rəqabətində ehtiraslar gərginləşəndə bakılılar bu ifadədən yapışsa, nə cavab verəcəksiz?
İK-nın absurd təfsirlə ictimaiyyətə çatdırılan qərarının arxasında yatan başqa maraqlı məqamlar da var. Görünən mənzərə budu ki, Elşad Nəsirov İlham Əliyevi nəticələrin uğursuzluğuna, Qurbanovla Avropa çempionatının final mərhələsinə qatılmağın mümkünsüzlüyünə inandıra bilib. Bununla da istefa ilə bağlı prosesin düyməsi basılıb. Və Elşad Nəsirov yuxarıdan xeyir-dua alandan, Elxan Məmmədova təlimatı çatdırandan sonra Qurbanova xüsusi simpatiya bəsləyən Rövnəq Abdullayev də məsələyə müdaxilə edə bilməyib. Bu başqa məsələ ki, Nəsirov – Məmmədov duetinin tezliklə “sükan arxasına” gətirəcəyi əcnəbi baş məşqçi də yığmanı AÇ-nin final mərhələsinə daşıya bilməz. İndiki futbolçu nəsli, bu potensial ilə əsla mümkün olan iş deyil!
Qurban bəy İK-nın iclasından sonra jurnalistlər önünə hər nə qədər təbəssümlə çıxsa da, pərtliyi, hadisələrin belə axarına hazır olmadığı açıq-aşkar görünürdü. Hər halda, bununla da ölkə futbolunda müəyyən bir mərhələ bitdi və yeni mərhələ başladı. Qurbanovu, yığmanı sevən azarkeşlər indi içində böyük boşluq hiss edirlər, sanki çəkisizlik şəraitinə düşüblər, gözləri yol çəkir. Burası aydındı. Amma daha bir çılpaq gerçəklik odu ki, Elxan Məmmədov həm də ...Ramin Musayev üzərində parlaq qələbənin məmnunluğunu yaşayır. Artıq PFL prezidenti AFFA divarları arasında, dəhlizlərdə təkcə baş katibin yox, həm də onun Hakimlər Komitəsinə gətirdiyi Anar Salmanovun varlığını həzm etməlidi. Ramin bəy Rövnəq Abdullayev və mərhum qardaşı Abbas bəy ilə dostluq münasibətlərindən ürəyi istəyən qədər danışa bilər. Gerçəklik isə budu ki, Elxan Məmmədov incə manevrlərlə vəziyyəti necə dəyişdisə, bu gün Ramin bəyin İK-nın iclasında bir başqa dostu Qurban Qurbanovun az qala linç edilməsini izləməkdən başqa çarəsi yoxdu.
Doğrudan da, AFFA-nın son qərarı istefadan daha çox linçə bənzədi. Özü də səbəbkar qapı arxasında qalmışdı. Bir il əvvəl az qala xilaskar statusu daşıyan bir adam srağagün linç edilməklə qovuldu. Amma bizim ölkədə rollar tez-tez dəyişir – burda qəribəlik axtarmağa dəyməz. Bizə qalan, sadəcə, ümid etməkdi. Ümid edək ki, Qurban bəy srağagünkü linçdən dərs çıxaracaq, onu haqq etmədiyi şəkildə qovanlarla haqq-hesab çəkməyə imkanı olacaq.