Xorvatiya, Slovakiya, Uels, Macarıstan... Bazar günü saat 16.00-dan bəri bu ölkələrin adına mətbuatda və televiziyada çox tez-tez rast gəlirik. Millimiz çoxdan arzuladığımız AÇ-2020-nin final mərhələsində iştirak etmək üçün bu ölkələrin yığmaları ilə mübarizə aparmalıdı. “Kor püşk” bizə münasibətdə yetərincə amansız davranıb. Cəmi iki il əvvəl Fransada keçirilən Avropa çempionatının final mərhələsinin iştirakçısı olan komandaları bizə rəqib edib. İndiyə qədər beləsi olmamışdı. Bu məqam olmasaydı da, Xorvatiya, Slovakiya, Uels və Macarıstanın adı bizim üçün yetərincə ağır səslənir. Onların futbolunun səviyyəsinə, yığmalarının gücünə bələdik. Yəni Fransadakı qitə birinciliyinə qatılmasaydılar belə, bu rəqiblərin gücünə zərrə qədər də şübhə etmək olmazdı.
Xorvatiyanın sonuncu Bakı səfərində bizimlə qolsuz bərabərliyə razılaşması sizi aldatmasın. O vaxt da demişdim, indi də deyirəm. İlk görüşdə qapımıza 6 cavabsız top vuran xorvatlar Bakıda bir o qədərini də vuracaq gücdə idilər. Sadəcə, turnir hədəfləri həmin vaxt bunu onlar üçün vacib hədəfə çevirməmişdi. Pərdəarxası oyunlardan bəhs edib, özümü gülünc duruma salmaq istəmirəm. Bəli, hər hansı sövdələşmədən bəhs etmək üçün əlimizdə fakt yoxdu. Prosineçkinin həmyerlilərinin Bakıda imkanlarından aşağı səviyyədə çıxış etdiyini görmək isə o qədər də çətin deyildi. Əsas odu, məsələyə hansı baxış bucağından baxırsan. O zamandan bəri Azərbaycan futbolu iynənin ucu boyda belə inkişaf etməyib, irəliyə doğru heç bir addım atmamışıq. Xorvatlar isə yerində dayanmır. Sonuncu dünya çempionatı, Millətlər Liqasında İngiltərə və İspaniyanın yer aldığı qrupdakı nəticələr, sərgilənən oyun Robinin həmryerlilərinin gücünün əyanı göstəricisi idi. Londonda keçirilən İngiltərə - Xorvatiya qarşılaşması isə izləyənlərə yetərincə zövq verdi. Hesabı açan tərəf qonaqlar olsa da, sonda meydan sahibləri daha usta tərpəndilər və məhz həlledici zərbəni vurarkən daha bacarıqlı davrandılar. Bunun da sayəsində əzmkar qələbə qazana ingilislər Xorvatiyanı üstələdilər. Amma onlar ingilislərdi, biz isə azərbaycanlılar. Hardandı o ustalıq, o soyuqqanlı hücumçular? Yoxumuzdu, qardaş. Nə vaxt olacağı da bəll deyil.
Heyətində Qaret Beyl kimi ulduzu olan Uels də bizim üçün keçilməz səddi. Mən pessimist deyiləm, realistəm. Bilirəm ki, bizim futbolçular bu cür rəqiblərlə görüşü elə paltardəyişmə otağında, kimlərə qarşı oynayacaqlarını düşünəndə uduzurlar. Biz nə qədər yazılarımızla, azarkeşlər də tribunalarda verdikləri dəstəklə onları öz güclərinə inandırmağa çalışsaq da, faydası olmur. İllərin acı təcrübəsi bunu göstərir. İndi mən pafoslu sözlərdən yararlanmaqla onların qoltuğunun altına qarpız verə bilməyəcəyimi yaxşı başa düşürəm. Heç bizimkiləri ruhdan salmaq da istəmirəm. Yeri gəlmişkən, AFFA-nın davranışından da belə başa düşürük ki, millinin ev oyunları yenə də Bakı Olimpiya Stadionunda keçiriləcək. Bu isə o deməkdi ki, futbolçular yenə də “12-ci oyunçu”nun dəstəyini yaxından hiss edə bilməyəcək, oyunlarımız nəhəng, amma yarıboş tribunalar önündə keçiriləcək. Babalı AFFA-nın boynuna. Bəlkə də Macarıstanla Slovakiyanı Respublika stadionunda qəbul etsəydik, qələbəyə, ən pis halda uduzmamağa ümidimiz olardı. Bəzən adama elə gəlir ki, AFFA bilərəkdən millini və “Qarabağ”ı BOS-a “sürgün etməklə” onları azarkeşlərdən uzaqlaşdırmağa çalışır. Bununla da komandalarımızı məğlubiyyətə düçar etməklə kimlərisə cəzalandırırlar.
Ruslan Qurbanovun müsahibəsini oxuyuram, seçmə mərhələdəki rəqiblərimizi dəyərləndirib. Bizi realist olmağa çağırıb və deyib ki, hər bir rəqibə qarşı sona qədər vuruşacaqlar, heç kimdən qorxmurlar. Bəli, bunu deyən Ruslan Qurbanovdu. Topaz premyer-liqasının ortababı belə saymağa çətinlik çəkdiyimiz “Səbail”in hücumçusu. O Ruslan ki, Robert Prosineçkinin də yardımı ilə onu Xorvatiyanın “Hayduk” klubuna göndərdilər. Orda nəinki əsas heyətin üzvünə çevrilmədi, heç ehtiyat oyunçular skamyasında belə “möhkəmlənmək” üçün səviyyəsi yetərli olmadı və əli ətəyindən uzun üstümüzə qaytardılar. İndi biz həmin Ruslanla səviyyəsi “Hayduk”u yox, elə Zaqreb “Dinamo”sunu da çoxdan aşan futbolçulardan qurulmuş Xorvatiya millisinə qarşı oynamalıyıq. O cümlədən də Beyli olan Uelsə, Hamşiki olan Slovakiyaya, bizim kimi rəqibləri əzmək həvəsiylə alışıb yanan Macarıstana. İşimiz çox çətindi və biz bunun fərqindəyik.
Ağlı başında olan heç bir məşqçi Azərbaycan futbolunun indiki potensialını, millidə oynayan futbolçuların səviyyəsini görüb, belə bir qrupda 2-ci və ya 3-cü yox, heç 4-cü yer üçün oynamağa da söz verə bilməz. Kimsə bu sözü versə, əmin olun ki, neft milyonlarının iyi onu bihuş edib və AFFA-da kimlərləsə əlbir olub, başımızın altına yastıq qoymaq istəyir. Böyük turnirlərin final mərhələsi uğrunda mübarizə bizim boyumuzdan xeyli yüksəkdə olan hədəfdi, yalandan ona doğru tullanmaqla məşğul olmayaq. Əvvəl ayağımızdakı və başımızdakı problemləri həll edək, cənablar!