Rəhman Hacıyevi tanıyırsız. Əslən Tovuzdan olan yarımmüdafiəçi “Bakı” Futbol Akademiyasının yetirməsidi. Ona gənc futbolçu gözüylə baxırıq. Fikirləşirik ki, gələcəyi hələ irəlidədi, bu mövsüm də olmasa, gələn il mütləq sözünü deyəcək, adından söz etdirəcək, təkcə “Neftçi”də yox, yığmada da əsas heyətin daimi üzvünə çevriləcək. Artıq 25 yaşı var, bundan sonrası bir qədər çətin olacaq. İstəsək də, istəməsək də, zaman gedir. Bu yaşdan sonra səviyyəni dəyişmək, inqilab etmək o qədər də asan deyil. Siz unutmusuzsa, mən xatırladım. Rəhman 17 yaşı olanda Türkiyənin “Altay” klubuna icarəyə getmişdi. “Bakı”da çalışan, “zolaqlılar”a ölkə kubokunu qazandıran Cüneyt Biçər bu keçiddə vasitəçilik etmiş, yeniyetmə Rəhmanın İzmirə yollanmasında böyük xidmətlər göstərmişdi. Onun parlaq gələcəyinə, Türkiyədə adından söz etdirəcəyinə ürəkdən inanırdıq. Elə həmin günlərdə mən də “Futbol+” səhifəsindən Hacıyevə müraciət etmiş, onu inadkar olmağa çağıran “Qaç, Rəhman, qaç” sərlöhvəli yazı qələmə almışdım. Məşhur Dövlət Proqramının “icra olunduğu”, futbolumuzda milyonların dövr etdiyi zamanlar idi. Futbolçularımız pula pul demir, sponsorlar da səxavətlərini əsirgəmirdilər. Qorxurdum ki, Hafiz Məmmədovun milyonlarının parıltısı Rəhmanın və onun valideynlərinin gözünü qamaşdırar, Türkiyəki “çətinliklərdən” ürəyi sıxılan 17 yaşlı futbolçu yenidən Azərbaycana qayıdar. Onu burda nələrin gözlədiyini, Azərbaycan çempionatının gənc futbolçular üçün bataqlığa çevriləcəyini yaxşı bilirdim. Rəhman İzmirdə cəmi 4 ay duruş gətirdi. Sonra da “Bakı”ya qayıtdı. Sonrasını isə hamımız bilirik. “Bakı”da, “Sumqayıt”da boşa verilən günlər, qısamüddətli Qaziantep şəhərinə səyahət və “Neftçi”yə keçid. Aşağı yaş qrupları üzrə bütün millilərdə parlaq çıxış edən, böyük gələcək vəd edən Rəhman indi sıradan futbolçuya çevrilib. Gözlədiyim, amma görmək istədiyim ssenari reallaşdı. Rəhman Azərbaycandan qaça bilmədi və bataqlığa qayıtdı. Mən isə həmin yazımın üzərindən 8 il keçəndən sonra o günləri xatırladım, yenidən bu mövzuya qayıtmaq zərurəti hiss elədim. “Sumqayıt” – “Qəbələ” oyunu və ondan sonra gördüklərim, oxuduqlarım bu zərurəti yaratdı.
Nazim Süleymanovun Rusiyaya gediş tarixçəsi bizim gənc futbolçular üçün əsl örnək, həyat məktəbidi. “Neftçi”də “ağsaqqalar” tərəfindən sıxışdırılan, baş məşqçi tərəfindən sevilməyən Süleymanov elə Rəhmanın yaşında olanda çantasını toplayıb, Moskvaya yollanmışdı. Özünün də dediyi kimi, qarşısına böyük hədəflər, yaxud da çoxlu pul qazanmaq məqsədi qoymamışdı. Futbol oynamaq istəyirdi. Moskvada “Spartak”ın baş məşqçisi Oleq Romantsevlə ilk görüşündəcə onun qarşısına sadə bir xahişlə çıxmışdı: “Mənə bazada yatmağa bir çarpayı verin, başqa heç nə lazım deyil. Mən futbol oynamaq istəyirəm”. Özünəgüvən və futbol oynamaq həvəsi, özünü isbatlamaq ehtirası soyuq qış günündə 25 yaşlı Nazimi bizə elə də isti münasibət göstərməyən Rusiyaya yollanmağa məcbur etmişdi.
İndi bizim futbolçularda həmin göstəricilər çatışmır. Ona görə də hamısı ikiəlli 8 komandalı Azərbaycan çempionatından yapışıb. Orda da özünə yer tapmayanlar birinci diviziona, hətta həvəskarların çempionatına üz tuturlar. Sərhədlərimizdən o tərəfə boylanacaq qədər cəsarəti olan yoxdu. “Evin içində bir qarın çörək pulu qazanmaq” fəlsəfəsi bizim futbolçuları tənbəlləşdirib, onları bitirib. 2002-ci ildə məlum səbəblərdən ölkə çempionatı dayananda bizimkilərin səsi Rusiyadan, Ukraynadan, İrandan gəlirdi. İndi hardadı həmin futbolçuların davamçıları, hardadı özünə güvənən gənclərimiz, dəliqanlılarımız? Hanı dövrümüzün Süleymanovu, Qasımovu, Samiri, Cahangir Həsənzadəsi, Kamal Quliyevi? Siyahını daha da uzada bilərdim. Amma elə bu adları sadalamaqla da faciənin miqyasını anlamaq mümkündü.
Hazırkı futbolçu nəslinin Azərbaycanı tərk etmək kimi bir hədəfi yoxdu. Ən böyük hədəfləri “Neftçi”də, “Qarabağ”da, “Qəbələ”də oynamaqdı. Sonra da özünü Qurban Qurbanova göstərmək, yığmaya dəvət almaq. Vəssalam. Vay o günə ki, bir az özünü göstərən, bir-iki qol vuran futbolçunu Qurbanov milliyə çağırmaya. Dərhal da geniş kampaniya başlayacaq, deyəcəklər ki, yığmanın baş məşqçisinin filan futbolçunu gözü götürmür. Amil Yunanovu dedilər, sonra Bəxtiyar Həsənalızadəni. Mirabdulla Abbasov dəbə mindi, indi də Şəhriyar Əliyevin adı dillər əzbəri olub. Bu futbolçuların hər birinə böyük hörmətim var, istedadlı, faydalıdılar. Amma onlar harda parlayırlar, özlərini necə göstərirlər? Azərbaycan premyer-liqasında mübarizə aparan, Avropaya çıxan kimi Maltadan, Lüksemburqdan olan rəqiblərinin qarşısında aciz qalan klublarımızdakı çıxış ölçü vahidi deyil, dostlar.
Lap deyək ki, siz dediz, biz də inandıq. Qurban Qurbanov qərəzlidi, Mirabdullanı, yaxud da Şəhriyarı “görmür”. Bəs onların özlərinə nə gəlib? Dünya doludu futbolçu keçidlərindən pul qazanmaq istəyən menecerlərlə. Qoy onlar da çantalarını toplasınlar, Avropada demirəm, Ukraynada, İranda, Rusiyada özlərinə komanda tapsınlar, səviyyələrini ortaya qoysunlar. Biz də alqışlayaq, Qurbanovdan onları “görməsini” tələb edək. Bacararsızmı, yoxsa bizim futbolçuların “tavan”ı elə Azərbaycan çempionatıdı?!
P.S. Vacib qeyd: adlar şərtidi, söhbət təkcə yazıda adı çəkilən futbolçulardan getmir!