Bəli, bu ifadə hamımıza çox tanışdı. Məşhur “Uzaq sahillərdə” filminin əvvəllində belə söz işlənir. Xalqımızın qəhrəman oğlu Mehdi Hüseynzadədən, yəni Mixaylodan bəhs edən filmi uşaqlıqdan bəri sevə-sevə izləmişik və ordakı ifadələr dilimizdə əzbər olub. Elə bunun sayəsindədi ki, heç Coğrafiya dərsi keçməyə, dünyanın xəritəsini öyrənməyə başlamamış Adriatik dənizi haqda məlumatımız olub. Bilmişik ki, dünyada belə bir dəniz var və onun sahillərində həmyerlimiz Mehdi Hüseynzadə qəhrəmanlıqlar edib, alman faşizminə qarşı cəsarətlə vuruşub.
Adriatik dənizinin sahillərində təkcə bizim Mixaylo qəhrəmanlıq etməyib. Artıq xeyli müddətdi ki, bütün futbol dünyası bu dənizin sahilində yerləşən Xorvatiya adlı ölkənin qəhrəmanlarından danışır. Düz tapdız, xorvatiyalı futbolçulardan. Bilənlər bilir, bilməyənlərin də məlumu olsun ki, Xorvatiya həm ərazisinə, həm də əhalisinin sayına görə Azərbaycandan kiçikdi. Heç müstəqilliklərinin yaşı da bizim gənc dövlətimizdən çox deyil. Taleləri bizimlə oxşardı, onlar da uzun müddət serblərin işğalından, SSRİ-nin başqa bir modeli olan Yuqoslaviya imperiyasının boyunduruğundan əziyyət çəkiblər. Onlar da müstəqilliklərini qanları və canları bahasına qazanıblar. Eynilə bizim kimi. Uzun müddət müharibə, qan-qada görüblər. 1991-ci ildə başlayan münaqişə və müharibə xorvatlar üçün xoş sonluqla bitib, dövlət müstəqilliklərini qazanıb, Adriatik dənizinin sahillərində yerləşən Xorvatiya Respublikasını elan ediblər. Müstəqillik mübarizəsi düz 1998-ci ilə qədər davam edib. Sonunda dünya 56,6 min kvadrat kilometr ərazisi, 4 milyon 300 min nəfərə yaxın əhalisi olan Xorvatiyanı müstəqil dövlət kimi tanıyıb, zamanla NATO və Avropa Birliyi kimi nüfuzlu təşkilatlar onu öz sıralarına qəbul edib.
Xorvatiyanın futbol möcüzəsiylə biz hələ uzaq 1996-cı ildə, İngiltərədə keçirilən Avropa çempionatı zamanı tanış olmuşduq. Qardaş Türkiyə ilə eyni qrupda çıxış edən çempionatın debütantı hələ o turnirdə diqqətləri üzərinə çəkməyi bacardı. Növbəti böyük turnir isə Fransada təşkil olunan dünya çempionatı idi. Mundial xovatlar üçün daha uğurlu alındı. Düz 20 il əvvəl keçirilən dünyanın ən vacib futbol yarışında da xorvatlar indiki kimi yarımfinala yüksəldilər. Bu bir futbol möcüzəsi idi. Çempionatdan əvvəl xorvatların yarımfinala qədər gələcəyini heç kim proqnozlaşdıra bilməzdi. Hazırda Xorvatiya Futbol Federasiyasının prezidenti olan Davor Şuker və dostları bütün dünyanı heyrətləndirməyi, sonda da bürünc medalları qazanmağı bacardılar. Artıq möcüzə gerçəkliyə çevrilmişdi. Adriatik dənizinin sahillərində yerləşən və müstəqilliyini hələ tam elan edib bitirməmiş, torpağında müharibə gedən kiçik Xorvatida dünya üçüncüsü olmuşdu.
Tarixin təkərini 20 il geriyə çevirməyim səbəbsiz deyil. Ötən müddət ərzində xorvatlar bu uğurun təsadüfi olmadığını isbatlayıblar. Böyük turnirlərin təsadüfi yox, daimi iştirakçısına çevriliblər. Hazırda davam edən çempionatda da yarımfinala yüksələn dörd komandadan biri Xorvatiyadı. Çox hörmətli Naci Şensoyun bu yaxınlarda “feysbuk”da yazdığı bir vacib məqam diqqətimi çəkdi. Razılaşmaya bilmədim. Digər yarımfinalçılardan fərqli Xorvatiya millisində çıxış edən futbolçuların etniki tərkibi monotondu, yəni mütləq əksəriyyət məhz xorvatlardı. Nə Fransa millisi bununla öyünə bilər, nə də İngiltərə. Heç şübhəsiz, kiçik Xorvatiyanın qazandığı böyük uğurların sirri də müəyyən mənada burdadı. Xorvatların istedadlı olmasını, futbol oynamağı yaxşı bacarmasını danmıram. Amma işin bir ucunda həm də toprağına, vətəninə ürəkdən bağlı olmaq var. Onlar öz bayraqlarını qaldırmaq, ölkələrinin adını ucadan səsləndirmək eşqi ilə alışıb-yanırlar.
Xorvatları uzun müddət əsarət altında saxlayan serblər, Avropa və Amerikaya meydan oxuyan ruslar belə onların qazandığı uğura həsədlə baxırlar. Biz də “Almaniya, Almaniya” deyirdik, Braziliyanın önünə gələni əzəcəyinə inanırdıq, meydan sahibi rusların Putinin sayəsində dağı dağ üstə qoyacağı haqda etimallar səsləndirirdik. Heç biri reallaşmadı. Əvəzində bütün dünya yenidən böyük heyrətlə Xorvatiyanı izləməkdədi. Özü də dünya çempionatının 1/4 final mərhələsinin sonuncu oyununda xorvatlar məhz meydan sahibi rusları məğlub etdi, İspaniyanın buraxdığı səhvləri təkrarlamadı. Bundan sonra nə olacaqsa, olsun. Vacib olan odu ki, xorvatlar dünyanın ən güclü 4 futbol ölkəsinin sırasına adlarını yazdırıblar, 20 ildən sonra yenidən dünyanı heyrətləndiriblər.
Bizim də xorvatlardan öyrənəcəklərimiz çoxdu. Xorvatların futbol fəlsəfəsini, futbola yanaşmasını, uşaq futbolunda işlərin necə qurulmasını, istedadların tapılması və onların yetişdirilməsini öyrənməliyik. Robert Prosineçkini 2-3 həmyerlisi ilə birlikdə bura gətirib, onların nazını çəkməklə futbolumuzun Xorvatiyadakı kimi inkişafına nail ola bilməyəcəkdik. AFFA bunu zamanında anlamadı. Milyonlarla avro, ondan da qiymətli zaman itirdik. İtirməyə də davam edirik. Pullar gedir, zamanın çarxı fırlanır, biz isə Xəzərin sahilindəkı bataqlıqlardan çıxa bilmirik, futbolumuz hələ də yerlərdə sürünür. 2011-ci ildə “Dinamo”nun heyətində “Neftçi”yə qarşı oynayan çəlimsiz uşaq Luka Modriç ötən müddət ərzində bütün zirvələri fəth edib. Biz isə hələ də həsrətlə Adriatik dənizinin sahillərinə boylanırıq. Deməli, AFFA-nın indiyə qədər danışdıqları yalan, gördükləri işlər isə uğursuz layihələrdi. İş görmək lazımdı, cənablar, iş. Elə xorvatlar kimi!