Güzgü mənim ən yaxın dostumdu. Çünki mən ağladığım zaman o gülmür. (Çarli Çaplin)
“Futbol+” oxucusu üçün bu yazım çərşənbə günü işıq üzü görən saydakı “Ümüd var gələcəyə?” sərlövhəli yazının davamı sayıla bilər. Qaldığımız yerdən davam edək. Ötən yazımızda nə demişdik? Demişdik ki, qazaxlar son illərdə futbolun inkişafına böyük yatırım qoyur və bu yatırımın əvəzini görmək arzusuna düşüblər. Özü də bizdən fərqli, onlar iş görməyə aşağıdan başlayıb, əsas xərci uşaq futboluna qoyur, infrastruktura ciddi diqqət ayırırlar. Düzdü, belə qısa müddət ərzində böyük nəticələr əldə etmək mümkün deyil. Amma ən azı indi Azərbaycanı məğlub etməyi arzulayırlar ki, sabah daha ciddi rəqiblərlə oyunlarda da nəyəsə ümid etsinlər. U-21 yığmasının oyununda bunu bacarmamışdılar, əsas milli isə üzlərini güldürdü. Özü də necə!
Qazaxıstanda əsl futbol bayramıdı. Bu bayramı onlara biz yaşatmışıq. Haqq etdikləri qələbənin həzzini yaşayırlar. Azərbaycanın böyükhesablı məğlubiyyəti təkcə Qazaxıstanda əks-səda doğurmayıb. İndi Gürcüstanda da, Bolqarıstanda da bu oyundan həvəslə danışılır. Qonşularımızın gözü əməlli-başlı qorxub. Çünki Qazaxıstan yığması Millətlər Liqasında gürcülərin rəqibidi. Bolqarıstanda isə Stanimir Stoilovu diqqətlə izləyirlər, onun bu uğuruna şad olublar. Bolqar həmkarlarımız Stoilovun Qazaxıstan millisinin “sükanı arxasında” qısa müddətdə nail olduğu nəticəni “bu bir Stoilov klassikasıdı” cümləsi ilə qiymətləndiriblər. Onlar yaxşı bilirlər ki, həmyerliləri öz işini sevən və uğur qazanmağın sirrini bilən əla peşəkardı. Özü də cəsarətli peşəkar. O qədər cəsarətlidi ki, “Astana” ilə Avropa Liqasının pley-offuna yüksələndə belə mikrofonlar önünə keçib “biz öz əməyimizin qarşılığını ala bilmirik. Futbolçularım mükafat və maaş üzünə həsrətdi, klubun gələcəyinin necə olacağını bilmirəm” deyirdi. Bunları deyə-deyə də “Astana”nı “Sportinq”lə çətin oyuna lazımınca hazırladı və rəqibə çətin anlar yaşatdı, Portuqaliyadan məhsuldar heç-heçə ilə döndü.
Qazaxların uğurunun ən böyük səbəbkarı sözsüz ki, Stoilovdu. 2014-cü il iyunun 21-də “Astana”nı qəbul edən bolqar mütəxəssis bu müddət ərzində öz möhürünü Qazaxıstan futboluna vurmağı bacarıb. Həmin il “Astana”nı Çempionlar Liqasının qrupuna yüksəldən Stoilov doğma meydanda heç bir rəqibə boyun əymədi. İstanbulda “Qalatasaray”dan da bir xal qoparan “Astana” qrupu 4 xalla başa vurdu. O vaxtdan bəri onu diqqətlə izləyirəm. Bu müddəti Stoilov da boşa verməyib və Qazaxıstan futbolunu dərindən öyrənə bilib. Nəticə göz qabağındadı. Onun rəhbərlik etdiyi Qazaxıstan millisi itirdiyi özünəinamı da, azarkeş sevgisini də bərpa etdi. Martda Macarıstan və Bolqarıstanla baş tutan oyunlardakı görüntü Qazaxıstan millisinin inkişafda olmasının xəbərçisi idi. Həmin inkişaf Azərbaycanla qarşılaşmada özünün zirvə nöqtəsinə çatdı. Qazaxlar bizim illərlə arzusunda olduğumuz “superklub” ideyasını uğurla həyata keçiriblər. Yəqin siz də diqqət yetirdiz, millimizə qarşı start heyətində meydana çıxan 11 futbolçudan səkkizi “Astana”nın üzvü idi. Futbolçular “Astana”lı, məşqçi də bu yaxınlarda bu klubdan ayrılan mütəxəssis. Bu yüksək səviyyəli anlaşma cəmi 14 dəqiqəyə özünü göstərdi. Bizi və Kamran Ağayevi 3-cü dəfə məyus edən 20 yaşlı Baxtiyar Zaynutdinovun da “Astana”nın yetirməsi olması maraqlı məqamdı.
Keçək məsələnin özümüzə aid olan hissəsinə. Qazaxların bizə nəyin hesabına qalib gəldiyini bildik. Bəs biz niyə bu ağır məğlubiyyətdən qaça bilmədik? Qurban Qurbanov da ən azı Stoilov qədər Azərbaycan futboluna bələddi, elə bizə qazandırdığı uğurların miqyasına görə də bolqar mütəxəssislə müqayisə oluna bilər. Amma “Astana Arena”da Qurbanov da komandası kimi Stoilova uduzdu. Nəticəyə hər nə qədər önəm verməsək də, qarşılaşma yoxlama xarakterli olsa da, bu yenilgi ilə barışmaq çox çətindi. Süni örtükdən şikayətlənə bilmərik. Onsuz da bizimkilər tez-tez bu cür qazonda oynayırlar və öyrəncəlidilər. Azarkeş təzyiqindən də danışmaq olmaz. Qarşılaşmanı 22500 azarkeş izləyib və pis göstərici deyil. Lakin qazaxların tribunadakı çılğınlığı da elə bizdəki kimidi. Xüsusi hansısa hoqqa çıxarmazlar, səslərindən də qulaq tutulmaz. Uzağı “Alqa, Kazaxıstan” sözünü təkrarlayıb, alqışlayarlar. Arabir də fit səsi eşidilər. Deməli, bu iki məqamı bir kənara qoymalıyıq. Qırğızlar üzərində qazanılan qələbənin eyforiyası və rəqibə yuxarıdan aşağı baxmaq yanaşmasıyla isə ikiəlli razıyam. Bizimkilər Qazaxıstan millisindən bu dərəcədə təzyiq, sürətli hücumlar gözləmirdi. Düşünürdülər ki, qazaxlar da ilk 10-15 dəqiqəni kəşfiyyata həsr edəcək, sonra da yavaş-yavaş irəli gəlməyə başlayacaqlar. Rəqibin bu qələbəyə çox ehtiyacı vardı. Azərbaycan millisinin üzvləri isə ağır mövsümdən sonra istirahət arzusunu başlarından ata bilməmişdilər. Qazaxıstanda mövsüm yeni qızışıb və rəqibin futbolçuları üçün indi futbol oynamaq, yeni məşqçiylə uğur qazana biləcəklərini isbatlamaq çox vacibdi.
Bu məğlubiyyət futbolumuzun güzgüsüdü. Güzgü baş aldatmağı sevmir, hər şeyi olduğu kimi göstərir. Özümüzü orda eybəcər görmüşüksə, güzgünü sındırmamalıyıq, eyiblərimizi düzəltməliyik. Elə bu gündən!