Uşaq vaxtı kərtənkələ görəndə çox qorxardıq. Bizə elə gəlirdi ki, gördüyümüz bu bədheybət heyvan televizordakı kinolarda göstərilən dinozavrların, ağzından alov çıxan üçbaşlı əjdahaların kiçik formasıdı. Kərtənkələnin bir andaca üzərimizə atılacağından, bizi parçalayacağından ehtiyatlanırdıq. Bir neçə dəfə fikir vermişdim ki, bizdən böyüklər kərtənkələni vurub öldürməyə çalışanda onun quyruğu qopur və yerdə qıvrılmağa başlayır. Heç bir ağrı hiss etməyən kərtənkələ quyruğunu orda qoyub aradan çıxırdı. Uzun müddət bunun sirrini öyrənə bilmədim.
İllər keçdi. Beynimdə dolaşan bu sualların cavabını axtamağa başladım. Axı, necə olurdu ki, quyruğunu itirən kərtənkələnin qanı axmırdı? Nə üçün onun bədəndən ayrılan quyruğu tərpənir, hərəkət edir, yerdə sürətlə qıvrılırdı? Quyruğunu itirən kərtənkələ ölürdümü, yoxsa yaşayırdı? Bu sualların cavabını böyüyəndə tapdım və çox heyrətləndim. Sən demə, quyruğunu qoyub qaçmaq kərtənkələnin öz bicliyi imiş. Təbiət də ona bu cür xüsusiyyət, biclik, özünüqoruma fəndi verib. Kərtənkələ təhlükə ilə üzləşdiyi zaman öz quyruğunu qəsdən qopararaq yolun ortasına atır. Quyruq kərtənkələyə hücum edən canlının, yəni onu öldürmək istəyən rəqibin başını qatır. Kərtənkələ də bundan istifadə edərək təhlükə ocağından uzaqlaşır. Bir müddət sonra kərtənkələnin yeni quyruğu əmələ gəlir.
Maraqlı, həm də təəccüblüdü, deyilmi? Kərtənkələnin bu xüsusiyyəti yadıma boşuna düşmədi. Son günlər “Kəpəz”in adı ətrafında yaşananlar, aparılan müzakirələr yadıma kərtənkələni saldı. Daha doğrusu, onun quyruğunu. Ötən ilin payızından bu proseslər başlayıb. Maraqla izləməkdəyik. Əvvəlcə “Kəpəz”in Müşahidə Şurasında AFFA-nın nümayəndəsi kimi təmsil olunan Mikayıl Nərimanoğlu geri çağırıldı. Dərhal sonra da hadisələr sürətlə cərəyan etməyə başladı. Günün sonunda Nərimanoğlunu AFFA-dakı işindən də azad etdilər. Hiss edirdik ki, nəsə qaranlıq məsələlər var. Mikayıl bəyi “yandırmışdılar”, özünü “Kəpəz”in prezidenti kimi aparan AFFA sözçüsünü ifşa etmişdilər. AFFA-dakı himayədarları da qısa müddətdə ondan imtina etməyə məcbur oldular. Özü boynuna almırdı. Soruşanlara gah başqa komitədə işləyəcəyini, gah da işindən məzuniyyətlə əlaqədar ayrıldığını deyirdi. Geri qayıtdımı? Yox! Nəinki AFFA-dan, ümumiyyətlə, futbol səhnəsindən getdi. Heç izi-tozu da qalmadı. Çox etibarlı mənbələrdən məlumat aldıq ki, “Kəpəz”dən yeyilən pulları qəpiyinə kimi ödətdiriblər. Hətta Gəncədə tikdirdiyi evini də satdırıblar. Yalnız bu şərtlə sudan quru çıxmağı, istintaqdan yayınmağı bacarıb. Razılaşma belə olub: pulları qaytar və sakitcə get. Ağzını açıb danışma, sus. Sus ki, bizi də, özünü də batırmayasan.
“Kəpəz”in mühasibi Mənsurə Məmmədova qəzetimizə verdiyi müsahibəsində çox ciddi mətləblərə toxunmuşdu. Mikayıl Nərimanoğlunun kimin göstərişi ilə yeyintiyə yol verdiyini açıq-aşkar demişdi. Biz də bir daha əmin olmuşduq ki, Gəncə klubunda başverənlər, büdcədən pul oğurlanması təkcə Nərimanoğlunun əməli olmayıb. Elxan Məmmədovun xəbəri olmadan AFFA-nın sözçüsü bir qəpik götürməyə də cəsarət etməzdi. Üstəlik, onun adından istifadə etməz, Mənsurə xanıma “hər şeydən Elxan Məmmədovun xəbəri var” deməzdi. Deyibsə, baş katibin xəbəri var imiş. Yalandısa, ictimai nüfuzunu qoruyar, ən azı Mənsurə Məmmədova ilə Mikayıl Nərimanoğlunu ictimaiyyət qarşısında üzləşdirib, özünü təmizə çıxarmağa, imicini təmiz saxlamağa çalışardı. Susdular. Ona görə ki, məsələnin böyüməsi, müzakirələrin davam etməsi özlərinə sərf etmirdi. Təsadüfi deyil ki, həmin ərəfələrdə açıqlama verən Elxan Məmmədov “kimlərsə bu məsələni qəsdən gündəmdə saxlayır” demişdi. Yəni günah sahibi jurnalistlər imiş. Onlar ədalət hissini itirmədiklərinə, yeyinti məsələsinin sonuna qədər getdiklərinə görə günahkar sayıldılar.
Bu hadisədən sonra “Kəpəz” AFFA üçün başağrısına, artıq xərc mənbəyinə çevrildi. Əllərini “Kəpəz”dən çəkdilər. Küncə sıxışdırılan anda Mikayıl Nərimanoğlunu qurban verməklə canlarını qurtardılar. İslam Abbasovun Nərimanoğlu qədər olmayacağı məlum idi. Gəncə rəhbərliyi də “Kəpəz”ə nəzarəti artırmışdı. Artıq AFFA-nın adamı bu şəhərin komandasında əvvəlki kimi ağalıq edə bilməzdi. Neynəməli? Tale ilə barışmalı, yeni plan qurmalı.
Bəli, idman prinsiplərinə görə “Kəpəz” Topaz premyer-liqasını tərk etməlidi, Gəncə komandası elitada sonuncu olduğu üçün aşağı yuvarlanmalıdı. Düz deyirsiz, mən də sizinlə razıyam. Amma niyə idman prinsipləri ancaq bu yerdə əlinizdə bayrağa çevrilir? Üç il əvvəl elə həmin bu “Kəpəz” divizionda 9-cu yeri tutub, premyer-liqaya yüksəlməmişdimi? Onunla birlikdə eyni ildə elitaya gələn “Zirə” mövsümü 5-ci pillədə bitirmişdi. Daha əvvəl sevimli “Sumqayıt”ınız aşağı dəstədə 7-ci yeri tuta-tuta elitaya “yüksəlməyi” bacarmışdı. İdman prinsipləri, ədalət hissi onda hardaydı? Birinci divizionun beşincisi “Sabah” çempion “Xəzər”i “ayaqlayıb” premyer-liqaya yüksələ bilirsə, onda “Kəpəz”in də sizi şantaj etməyə, hədə dili ilə danışmağa haqqı var. İkili standartlar, pərdəarxası oyunlar həmişə başa bəla olur. İş o yerə gəlib çatıb ki, AFFA-nın özünün bəslədiyi klublarda çalışanlar belə üsyan edir, futbolumuzdakı haqsızlıqlardan şikayətçi olurlar. Bütün bunlar ikili standarların nəticəsidi, dostlar...
...Quyruğu qopan kərtənkələ yadınızdadı? O da quyruğunu qoyub qaçandan sonra onu axtarmağa gəlmir, yeni quyruğu ilə yaşamağa başlayır. Heç nə olmayıbmış kimi.