“Haqq nazilər, amma üzülməz” deyib atalarımız. Uzun müddətdi ki, Azərbaycan futbolunda haqqın nazildiyini, nahaqqın güdazına verildiyini ürəkağrısı ilə izləməkdəyik. Amma heç vaxt ümidimizi itirməmişik. Həqiqəti yazmağa, qaranlıqları aydınlatmağa davam etmişik. Ədalətin günəş kimi doğacağına, yalançıların, oğru və cibgirlərin gizlənməyə deşik axtaracaqlarına olan inamımız itməyib. O günlər mütləq gələcək. Artıq ilk işartılar var. Bu işartılar mütləq böyük alova, pislikləri yandıran atəşə çevriləcək.
“Kəpəz” artıq üç ildi ki Topaz premyer-liqasında gününü keçirir. AFFA “Azərbaycan futboluna xidmət”, “bölgələrə böyük futbolun qaytarılması”, “Gəncə futbolunun ənənələrinin bərpası” adı altında neçə milyon pulun üstündən su içib. Bugünkü “Kəpəz” nəinki elita təmsilçisinə, heç divizionun ortabablarına da bənzəmir. Qışda komandadan 11 futbolçunu yola salıb, 12 yeni “top sehrbazı” dəvət etdilər. Amma sonradan məlum oldu ki, bu transferlər “Kəpəz”dən yola salınanlardan belə zəifdilər. Hərdən “Kəpəz”in oyununa baxanda məndə bu komandanın legionerlərinin peşəkar futbolçu olmasına şübhə yaranır. Əcnəbi futbolçular yerlilərdən belə zəif görünür, adi oyun elementlərindən bixəbər və naşı davranır, düzgün ötürmə verə bilmirlər. Heç cür baş aça bilmirəm ki, bu futbolçuları kim bəyənib, hansı adla şan-şöhrəti dünyaya yayılan “Kəpəz”ə gətiriblər? Belə yerdə adamın ağlına yalnız bir variant gəlir ki, bütün bu futbolçu alğı-satqısının səbəbi kluba ayrılan pulların kimlərinsə cibinə getməsi olub. Üç ildi elitada oynayan Gəncə təmsilçisi həmişə istedadları ilə öyünən qərb bölgəsindən ildə bir futbolçu “kəşf edib” ortaya çıxara bilməyibsə, bu klubun bizə nə faydası var? Pul silməyə, futbolçu alıb-satmağa, qazandıqlarını mala-mülkə xərcləməyə başları elə qarışmışdı ki, indiyə qədər stadionda bir ayaqyolu tikmək belə heç kimin yadına düşməmişdi. Elə ki, “Kəpəz”in Əsasnamənin tələbinə uyğun elitanı tərk etməsi rəsmiləşdi, ortaya yeni xəbərlər çıxmağa başladı. Sən demə, bir aya yaxın imiş Gəncə stadionu təmir olunurmuş, daşı-divarı rəngləyib, bazanı ağ günə çıxarırmışlar. Belə yerdə adamın yadına Hacıkənddə inşa olunacağı deyilən təlim-məşq bazası düşür. Görəsən, orda vəziyyət nə yerdədi? Tikinti işləri son mərhələyə qədəm qoyubmu?
Görünən odu ki, “Kəpəz”in elitanı tərk etməsi belə adamların əllərini işdən “soyutmayıb”. Onlar AFFA İcraiyyə Komitəsinin iclasında qəbul olunacaq müsbət qərarlara ümid edir, Gəncə komandasının gələn mövsüm də premyer-liqada gün keçirəcəyinə, autsayderlər arasında sürünməklə bir qrup işbaza pul və manevr imkanları qazandıracağına əmindilər. Olmasaydı, boşuna pul xərcləməz, zəhmət çəkməzdilər. Nə sirri-xudadısa, bu təmir işləri ilə bağlı xəbərlər də məhz “Kəpəz”in sonuncu pillədən qurtula bilməyəcəyi rəsmiləşəndən sonra yayılmağa başladı. Bərəkallah. Ya onlar çox ağıllıdılar, ya da biz çox avamıq. Eybi yox, nə olur-olsun, təki Azərbaycan futbolu yaşasın.
Bu arada Yunis Hüseynovu təbrik etmək istəyirəm. Gəncə komandasının baş məşqçisi qəzetimizə verdiyi son müsahibədə əməlli-başlı müqavimət göstərib. Türkün sözü, onu bu “gövdə göstərisi”nə görə alqışlamaq lazımdı. Cəsarətinizə min kərə maşallah, Yunis bəy. Yazımın əvvəlində “AFFA-nın yalanları artıq futbol qurumunun özünə qarşı dəlilə çevrilir” deyəndə, məhz bu məqamı nəzərdə tuturdum. Artıq heç kim susmaq, taleyi ilə barışmaq fikrində deyil. Şəxsən Hüseynovun özü də. Məşqçilik karyerasına daha bir xoşagəlməz səhifənin yazılması, “Kəpəz”i elitadan düşürən məşqçi kimi tarixdə qalmaq perspektivi onu narahat edir. Buna görə də bütün gücü ilə müqavimət göstərir, AFFA-ya üstüörtülü mesaj göndərir. Müsahibədəki bir neçə ciddi məqama diqqət yetirək: “Neçə ildi aşağı dəstədən premyer-liqaya komanda yüksəlmir, düzdü? Niyə indi biz elitanı tərk etməliyik? Əsasnamə həmişə olub. Dünən tərtib olunmayıb ki. Ancaq reallıq başqa cürdü”. Bəli, Yunis bəy bəzi məsələləri xırdalığına qədər düz demir. Birinci diviziondan yuxarı komanda gəlir, lakin bu komandalar heç də mövsümün qalibləri olmur. “Neftçala”, “Turan Tovuz”, “Qaradağ Lökbatan”, “Abşeron” nümunələri gözümüzün önündədi. İndi də həmin oyunu “Xəzər”in başına açmağa başlayıblar. Amma mahiyyətcə Hüseynovun sözləri həqiqətdi. Reallıq heç də AFFA rəsmilərinin danışdığı sözlər, baş katib Elxan Məmmədovun qalstuku kimi ütülü deyil. Bu reallığı da elə AFFA yaradıb.
Birinci divizionda qalib olan “Abşeron”u ildırım sürəti ilə məhv edib, aşağı dəstənin səkkizinci komandası “Sumqayıt”ı elitaya gətirəndə bu günləri görməliydiz. “Sumqayıt” premyer-liqada sonuncu yerdə qərarlaşdığına görə reqlamenti dəyişməyə hazırlaşanda, “bu komandanın elitadan düşməsinə imkan verməyəcəyik” deyəndə sabahı fikirləşməliydiz. Bilməliydiz ki, hər bir belə davranış sizin ədalətli olmağınıza, düzgünlüyə inamı itirir. Azarkeşlər, başqa klubların rəsmiləri, mətbuatın vicdanlı qələm sahibləri sizə yalançı, fırıldaqçı kimi baxırlar. Bu gün də bu yalanlarınızın cəzasını çəkirsiz, sizi fakt qarşısında qoyurlar. Öz qazdığınız quyuya düşmüsüz, heç inciməyin!