Onları tanımaq olmur. Sanki ardıcıl iki il Avropa Liqasının qrup mərhələsində oynayan, “Qarabağ”la sona qədər çəkişməyi, çempionluq yarışına rəng qatmağı bacaran bu komanda deyil. “Qəbələ” çox dəyişib. Tərk edilmiş, həvəssiz, təslim olmağa tələsən bir görüntüsü var. Tez-tez məşqçi dəyişikliyi olsaydı, beş futbolçu yola salınıb, əvəzində altısı gətirilsəydi, başa düşməyə çalışardıq. Belə hallar yaşanmayıb. Klubun tarixinə adını qızıl hərflərlə yazdıran, böyük uğurların memarı sayılan, qısa müddətdə özünü azarkeşlərə də, mətbuata da sevdirməyi bacaran Roman Qriqorçuk yerindədi. Elə əksər futbolçular da.
O zaman nə baş verir? Ötən mövsüm “Qəbələ” indikindən qat-qat əzmkar, güclü və inadkar görünürdü. Söhbət təkcə meydandakı futbolçuların davranışından getmir. Roman İosifoviç özü də mövsümün gedişində tez-tez diqqət mərkəzinə düşür, bəzən qalmaqallı, eyni zamanda düşündürücü açıqlamalarla müzakirələrə səbəb olurdu. Ukraynalı mütəxəssis “Qəbələ”nin gümüş medal qazandığı, ölkə kubokunun finalına yüksəldiyi futbol mövsümündə məşqçilik bacarığı ilə öyünə bilərdi. Onun dəfələrlə oyunun axarını dəyişən əvəzetmələrinə, taktiki gedişlərinə şahidlik etmişdik. “Qarabağ”la Qəbələdəki qarşılaşmanı xatırlayaq. Meydan sahiblərinin qələbə qazandığı oyunda “qırmızı-qaralar”ın motivasiyasına həsəd aparmaq olardı. Qriqorçuk futbolçularını rəqibə qarşı elə hazırlamışdı ki, onlar meydanın hər qarışı uğrunda mübarizə aparır, “Qarabağ”ın təzyiqdən xilas olub öz oyununu oynamasına imkan vermirdilər. Təsadüfi deyildi ki, həmin oyundakı qələbə “Qələbə”ni turnir cədvəlinin birinci pilləsinə yüksəltmiş, çempionluq şanslarını artırmışdı. “Qarabağ”la “Qəbələ” ötən il başı eyni qazanda qaynamayan iki qoça bənzəyirdi. Avropa Liqasının qrup mərhələsində mübarizə aparan komandalar ölkə çempionatına da möhtəşəm rəqabət, rəngarənglik gətirmişdilər.
“Qarabağ”la “Qəbələ”nin “Azərsun Arena”dakı qarşılaşması da uzun müddət müzakirə obyekti idi. Meydan sahiblərinin son saniyələrdə qələbə qazandığı oyun mənfi və müsbət tərəfləri ilə birlikdə Topaz premyler-liqasının bəzəyinə çevrilmişdi. Danışmağa, mübahisə etməyə o qədər məqam var idi ki. Düzdü, çoxları bu cür rəqabətdən çəkinir, oyunların dava-dalaşsız, gərginlik yaşanmadan yola verilməsini arzulayır. İstəyirlər ki, axırda da bir Samir Abasov kimi məşqçi meydana çıxsın, futbolçularını rəqib komandanın azarkeşlərini alqışlamağa aparsın. Bunun da öz yeri var, razıyam. Amma siz də razılaşın ki, rəqabətin olmadığı yerdə inkişafın baş verməsi mümkünsüzdü. Azarkeşlərin qarşılıqlı “atışmaları”, klub rəsmilərinin “söz savaşı”, məşqçilərin “taktiki müharibəsi”, komandalarının bir-birini üstələmək üçün transfer yarışı olmadısa, o futbolun nə ləzzəti? “Qarabağ”la “Qəbələ” bu atmosferi yaratmışdı. “Bakı”nın süqutundan, “Xəzər Lənkəran”ın “kölgəyə çəkilməsindən” sonra bu məqam Azərbaycan futbolu üçün çox vacib idi.
Susan təkcə Roman İosifoviç deyil. Klub rəsmiləri də eyni vəziyyətdədi. AFFA İntizam Komitəsinin ötənilki məlum hadisələrdən sonra verdiyi ağır para cəzaları istər-istəməz onları da “söndürüb”. Kim istəyər ki, adı dava-dalaşda hallansın, onlara görə kluba ağır cərimələr kəsilsin? Hamı “yuxarılar”ın qəzəbindən yayınmağa çalışmaqdadı. Nəticədə isə indi şahidlik etdiyimiz mənzərə ortaya çıxıb. Klub rəsmilərinin həvəsdən düşməsi, Qriqorçukun “çemodan əhval-ruhiyyəsi”ndə olması futbolçulara da təsir edib. Görünən odu ki, istər yerli, istərsə də əcnəbi futbolçular imkanlarından aşağı çıxış edir. Bunu şəxsən mən açıq-aşkar görürəm. Çox hörmətli Qriqorçuk isə görmür və ya görürsə də, ölçü götürməkdə, prosesi əngəlləməkdə acizlik sərgiləyir.
Bir vacib məqama diqqət yetirin. Təxminən yeddi aydı ki, ayağına top dəyməyən, zədədən əziyyət çəkən İlqar Qurbanov meydana çıxır və bir andaca oyunun axarını dəyişir. İlqar Ruslan Qurbanovu əvəzləyəndən sonra “Qəbələ”nin oyununda nə qədər canlanma olduğunu hiss etmək çətin deyildi. Nəticəsi də özünü çox gözlətmədi. Məhz onun Çengiz Ündər sayağı havalandırdığı topu Jozef-Monroz qapıya göndərdi. Bu qol “Qəbələ”nin ümidlərini artırdı, Bakıdakı oyunu daha da prinsipial etdi. Ona qədər isə “Qəbələ” “Neftçi” qarşısında aciz körpə kimi davranırdı. Hirs yox, həyəcan yox. Bir qədər obrazlı ifadə etsək, nə “vuran”ı, nə də “tutan”ı vardı. Dmitri Bezotosnının yoxluğunda Aqil Məmmədov layiqli əvəzləyici rolunu oynaya bilmədi. “Çərçivə”də inamsız görünən həmyerlimiz uzun müddət əvəzedici statusu ilə barışmasından əziyyət çəkir. AZAL-dakı Aqildən əsər-əlamət qalmayıb. Elə Baqali Dabonun olmaması da özünü hiss etdirdi. “Vuran ayağ”ın olmadığını görən “Neftçi”nin əl-ayağı açılmışdı. Ötən mövsüm “Qəbələ”də üst-üstə 15 qol vuran, Xorvatiya millisinə dəvət alan Filip Ozobiç də son vaxtlar xeyli zəifləyib.
Bütün bu xırda detalların cəmi “Qəbələ”nin hazırkı vəziyyətinə gətirib çıxarıb. Bəlkə də yazım bir qədər dağınıq, sistemsiz göründü. Amma çalışdım ki, bölgə təmsilçisinin problemlərinə toxunum. Qəbələdəki meydançaların görüntülərini görmək, klubun akademiyasının yetirmələrinin adlarını xatırlamaq kifayət edir ki, “qırmızı-qaralar”ın bugünkü vəziyyətinə görə narahatlıq keçirəsən. “Qəbələ” toparlanmalı, əvvəlki kimi vuran-tutan olmalıdı. İnanıram ki, bacaracaqlar.