Koronavirus adlı bəla həyatımızın bütün sahələrini iflic edib. Hər nə qədər “elnən gələn bəla toy-bayramdı” desək də, bu bəlanın ağırlığını, əziyyətini üzərimizdə hiss edirik. Özü də bu bəla təkcə bizim elimizə yox, bütün dünyaya gəlib. Bizdən daha ağır vəziyyətdə olan, koronavirus bəlasıyla mübarizə meydanında xeyli itki verənlər var. Başqalarının faciəsi üzərində xoşbəxtlik axtaran deyilik. Amma yenə də daha ağır duruma düşən ölkələrin yaşadıqlarına baxıb, təsəlli tapırıq. Ümid edirik ki, xalqımız, dövlətimiz bu sınaqdan üzüağ çıxmağı bacaracaq. İtkilərimiz minimum olacaq, tezliklə virusun yayılmasının qarşısını alacağıq, xəstələnənlər də şəfa tapacaq. İnsanlar iş yerlərini, qazanc mənbələrini itirib, övladlarımız uşaq baxçasında oynamağın sevincindən, məktəblərdə elm öyrənmək imkanlarından məhrum olublar. Bəzən ürəyimiz sıxılır, həyat bizə darıxdırıcı gəlməyə başlayır. Qadağaları, karantin qaydalarının tələblərini pozmaq, düşdüyümüz vəziyyətə üsyan etmək, rəhmətlik Xəlil Rza Ulutürk demişkən, “zəncirləri qırmaq” həvəsi də yaranır. Amma dərhal reallığı qəbul edir, onunla barışırıq.
Təsəvvür etmək belə çətindi ki, cəmi bir həftə əvvələ qədər Azərbaycan premyer-liqasının oyunlarının azarkeşsiz keçirilməsinə dodaq büzənlər var idi. Belələri Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevi həmin qərarına görə qınayırdılar. Deyirdilər ki, onsuz da Azərbaycan çempionatının oyunlarına azarkeş gəlmir, stadionların qapısını qapatmaq düzgün deyil, kim gəlmək istəyirsə, qoy gəlsin. Biz elə həmin vaxt bu cür mövqe sahiblərini qınayırdıq, çalışırdıq ki, onlara vəziyyətin ciddiliyini qəbul etdirək, lağ-lağı bitsin. Hadisələrin sonrakı axarı göstərdi ki, cənab Musayev qərarında haqlı imiş və həmin qərarı vaxtında qəbul edibmiş. Çox keçmədi ki, stadionlar nəinki azarkeşlərin, elə futbolçuların da üzünə bağlandı. Özü də təkcə stadionların yox, ölkədəki bütün idman qurğularının qapısına qıfıl asıldı. Toyların, yas mərasimlərinin keçirilməsinə qadağa qoyuldu. Restoranlar, kafelər bağlanıb, axşamlar çay içməyə çayxana tapmaq belə müşkül məsələdi. İndi evdən küçəyə çıxanda, mağazaya, yaxud aptekə gedəndə belə ehtiyatlanırıq. Əvvəllər evdən çıxana “əynini qalın elə” deyirdilər, indi “maska taxmağı unutma” deyirlər. Koronavirus gündəlik həyatımızda o qədər şeyi dəyişib ki...
Mötəbər futbol turniri, azarkeşlər üçün bayrama çevrilən, AFFA-nın isə bayağı təbliğat vasitəsi kimi yararlandığı Avropa çempionatının final mərhələsi də təxirə salınıb. Artıq dəqiqləşib ki, Türkiyə, Uels və İsveçrə milliləri bu yay Bakıya gəlməyəcək. Təkcə Bakıda yox, Avropa çempionatının final mərhələsini qəbul etməyə hazırlaşan başqa böyük şəhərlərdə də hakimlərin fiti, azarkeşlərin sevinc səsləri eşidilməyəcək. Bunu təsəvvür etmək belə çox çətin idi. Artıq biletlər geri qaytarılır, otel rezervasiyaları da ləğv olunur. Otel sahiblərinin, pivəxanaların hesabları işə yaramadı, azı birilliyə bütün planlar təxirə düşdü. Allah eləsin ki, bu müddət uzanmasın. Dünya koronavirus adlı bəlanı tezliklə lokallaşdırsın, normal həyatımıza dönək. Düşünmək belə istəmirəm ki, hazırkı acınacaqlı vəziyyət aylarla davam edə, bizi öz əsarətində uzun müddət saxlaya. Bunun acı fəsadlarını proqnozlaşdırmaq, çıxış yolları axtarmaq belə çətindi.
Hər ilin bu vaxtında əhvalımız daha şən olurdu. Novruz bayramını qeyd etməyə həvəslə hazırlaşırdıq. Ondan sonra da tez-tələsik iş yerlərimizə dönər, yeni-yeni layihələrin icrasına, oxucularımızla görüşə tələsərdik. İndi o günləri nostalji hisslərlə xatırlayırıq. Bəyənmədiyimiz Azərbaycan premyer-liqası üçün belə darıxmağa başlamışıq. Bayram günlərində belə oyunlar keçirilməliydi. Sonra da nəzərlərimiz milli komandaya yönələcəkdi. Yığmamız təlim-məşq toplanışı və yoxlama oyunları keçirmək üçün Maltaya yollanacaqdı. Zəif rəqiblərlə qarşılaşacağımıza görə bu toplanışa bir az da dodaq büzmüşdük. Amma nə olsun, milli komandamız meydana çıxacaqdı. Danışmağa, yazmağa, müzakirə açmağa nə qədər mövzu olacaqdı. Bəlkə də o vaxta qədər AFFA İcraiyyə Komitəsinin iclası da keçiriləcək, millimizin yeni baş məşqçisinin adı məlum olacaqdı. İndiki halda isə bütün bu planlar təxirə düşüb, arzularımız reallaşmayıb. Görünən odu ki, ən azı yaxın bir ayda belə olacaq.
Bayram ərəfəsində bəd gətirməyi heç istəməzdim. Nikbinliyimizi qoruyaq, hər şeyin yaxşılığa doğru, özü də tezliklə dəyişəcəyinə inanaq. Həyat normal axarına dönsün, biz də tribunalara yollanaq, Azərbaycan klublarının qarşılaşmalarına baxa-baxa bu ağır günləri yaddaşlarımızdan silməyə çalışaq. Yolumuz “Bakcell Arena”ya, Respubluka stadionuna, Qəbələyə, Sumqayıta düşsün, Əliyar, Rəhim, Rauf topu mərkəzə qoyub, var gücləriylə fitlərini səsləndirsinlər. Qoy yandırdığımız Novruz tonqalları ağırlığımızı-uğurluğumuzu, bütün pislikləri, virus və xəstəlikləri yandırıb külə çevirsin. Tezliklə stadionlarda görüşək, əziz oxucular. Bayramımız da mübarək olsun!