Millətlər Liqasında Kosovo yığmamıza rəqib olanda çəpik çalır, vur-çatlasın oynayırdıq. Deyirdik ki, bu qrupda önümüzü kəsən olmaz. Xəyallarımız bizi uzaqlara aparmışdı, qrupda neçə xal yığacağımızla bağlı riyazi hesablamalar da aparırdıq. Doğma meydanda keçirilən ilk görüşdə Kosovo ilə qolsuz bərabərlik qeydə alındı. Belədə tənqid dalğası millimizə, ən əsası, onun baş məşqçisi Qurban Qurbanova doğru yönəldi. Bu komandayla keçirdiyimiz iki qarşılaşma bizim üçün həlledici oldu. Bakıdakı oyunda hesab açılmadısa, səfər qarşılaşmasında rəqib komandamızı darmadağın etdi. Qapımıza vurulan 4 cavabsız top həm futbolumuzun səviyyəsini göstərdi, həm də böyük xülyalara düşməyimizin erkən olduğunu. Maraqlıdı ki, Qurban Qurbanovun çalışdırdığı komanda həmin gecə qrupdakı ilk məğlubiyyətini aldı. Və elə həmin məğlubiyyət də bizim üçün həlledici oldu, arzularımızın üzərindən qalın bir xətt çəkdi. Bu məğlubiyyət həm də Qurbanovun millidəki gələcək karyerasını müəyyənləşdirdi. AFFA İcraiyyə Komitəsinin iclasında Qurban bəyin millidən uzaqlaşdırılmasına səs verənlər ən çox bu bəhanənin arxasında gizləndilər.
Doğrudu, millimiz həmin vaxta qədər FİFA-nın reytinqində Kosovodan öndə idi. Amma bir vacib məqamı unudurduq ki, Kosovo yığması hələ bir komanda kimi tam formalaşmayıb, vahid kollektivə çevrilib reytinq xalları yığmağa başlamayıb. Fərdi keyfiyyətlərinə görə isə Kosovo millisinin əksər üzvləri bizim futbolçuları qabaqlayırdı. Biz həmin vaxt Rəşad Sadıqovun yığmaya qayıdıb-qayıtmaması sualı üzərində baş sındırırdıq. Açıq-aşkar görünürdü ki, Rəşadsız yığma kapitansız gəmi kimidi, dalğalar onu asanlıqla atıb-tutur, istədiyi istiqamətə yönəldir. Təsadüfi deyil ki, Kosovo ilə vacib görüş ərəfəsində millinin düşərgəsindən heç də xoş olmayan xəbərlər gəlirdi. Böyükhesablı məğlubiyyəti də bu söz-söhbətlərə bağlayanlar oldu. Şəxsən mən heç vaxt şübhə etməmişəm ki, Sadıqov millinin düşərgəsində olsaydı, komandaya kapitanlıq etsəydi, bu cür söz-söhbətlər ortaya çıxmazdı. Kimsənin ağlının ucundan yığma üzvlərinin Qurban Qurbanova qarşı qurulan planda alət rolunu oynadığı barədə ehtimallar keçməzdi. Yığmanın Rəşad kimi kapitanı olsaydı, Dmitri Nazarovla Ramil Şeydayev arasındakı məlum olaylar da yaşanmaz, Nikola Yurçeviç ərköyün gəlmələrin qarşısında aciz qalmazdı.
Sözümün canı Rəşadın liderlik keyfiyyəti deyil. Bilirəm ki, son günlər Sadıqovun adı millinin mümkün baş məşqçisi kimi səsləndirilir, bu yöndə müzakirələr açılır. İnşallah, yaxın vaxtlarda bu mövzuda daha ətraflı yazarıq. İndilik isə qayıdıram Kosovo millisinə. Daha doğrusu, onun liderlərindən biri Vedat Muqiridən danışaq. Vedat millimizə qarşı hər iki oyunda Kosovonun start heyətində yer alıb. Amma daha maraqlısı onun həyat yolu, Türkiyə çempionatında əldə etdiyi yüksəlişdi. Mərkəz hücumçusu mövqeyində çıxış edən Muqiri 2014-cü ilin avqustunda Albaniyanın “Teuta” klubundan azad agent kimi Türkiyənin birinci liqa komandası “Girəsunspor”a gəlib. Həmin vaxt onun transfer qiyməti 150 min avroya bərabər idi. Yəni aşağı-yuxarı orta statistik bir azərbaycanlı futbolçuyla eyni. 20 yaşlı Vedat Girəsun təmsilçisində özünü doğruldur və 56 oyunda rəqib qapılarına 21 dəfə yol tapmağı bacarır. Ordan transfer olunduğu “Gənclərbirliyi”ndə işləri qaydasında getməsə də, “Çaykur Rizəspor”da yenidən özünü “tapmağı” bacarır. Rizə komandasının heyətində birinci liqada adından söz etdirir, 16 oyunda vurduğu 8 qolla “çayçılar”ın elitaya yüksəlməsinə öz töhfəsini verir. “Qol maşını” elitada da dayanmır. Hər halda, “Rizəspor” kimi ortababda 34 oyuna 17 qol vurmaq bir hücumçu üçün heç də pis göstərici sayılmamalıdı. Kubok oyunları, yoxlama görüşləri ilə birlikdə Vedat “Rizəspor”un formasıyla 50 oyuna çıxıb ki, bu oyunlarda 25 dəfə fərqlənib. Sanki adamın standartı var – iki oyuna bir qol. Elə bu uğurun ardınca Türkiyə nəhəngləri - “Qalatasaray”la “Fənərbaxça” kosovolu futbolçu üçün bir-biriylə yarışa girdilər.
“Gənclərbirliyi”ndən “Çaykur Rizəspor”a keçərkən 900 min avro transfer qiyməti olan Vedat Muqiri Rizədən İstanbula yollanada artıq “milyonçu” futbolçu idi. Transfer üçün “Fənərbaxça” “Rizəspor”a 3,5 milyon avro ödədi. Bu keçiddən futbolçunun qazançı təxminən 3 milyon avro olacaqdı. Şan-şöhrət, milyonlar Vedatın ağlını başında almayıb və hücumçu “Fənərbaxça”da da öz işini layiqincə görür. Komandası elə də uğurlu çıxış etməsə də, 25 oyuna 13 dəfə fərqlənməyə macal tapıb. Kosovolu futbolçu bu gün “Fənərbaxça”nın liderlərindən, azarkeşlərin sevimlilərindən biridi. Vedat Muqirinin həyat yolunu, uğur hekayəsini bugünkü yazımda əbəs yerə sizə təqdim etmirəm. Türkiyəyə gələrkən heç kimin tanımadığı kosovolu futbolçu bu gün “Yuventus”, “Latsio”, “Napoli”, “Tottenhem” və “Monako” klublarının transfer siyahısında yer alır. Trasnfer qiyməti hələ açıqlanmasa da, bu rəqəmin azı 12 milyon avro olduğu haqda müxtəlif mənbələrdə qeydlər var. Yüksəliş, inkişaf, zəhmətin və əzmkarlığın mükafatı, tanrının verdiyi istedaddan doğru yararlanmaq başqa necə olur ki?! Qoy bizimkilər də Vedatın uğur hekayəsini oxusunlar, özləri üçün dərs çıxarsınlar. Elə Kosovo millisinə ağız büzənlər də Muriqinin həyat yoluna göz ata bilərlər.