Azərbaycan klublarından FİFA-ya ünvanlanan kütləvi şikayətlər, oyun alveri, AFFA-nın dolayı yolla bir neçə klubu maliyyələşdirməsi, bütün yaş qrupu yığmalarının rəzalət dolu nəticələri azmış kimi, indi də futbolumuzun fərqli bir bəlası ortaya çıxıb. Əslində gələcəkdə əsas yığmanın özəyi sayılan U-19-un üzvləri əməlli-başlı siqaretə qurşanıb. Yadınızdadısa, ötən ilin oktyabrında da bu yığmada eyni biabırçılıq yaşanmışdı. Çexiyada keçirdiyi seçmə oyunlarda 3-cü yeri tutan komanda Bakıya çatar-çatmaz bəd xəbər aləmə yayılmışdı. Sən demə, dörd futbolçu otel otağını siqaret çəkilən yerə, unitazı isə külqabıya çeviribmişlər. Otelin siqnalizasiyası işə düşdüyündən həmin futbolçular və AFFA canını qurtara bilmədi. O vaxt “Qəbələ”, “Qarabağ”, “Zirə” və “Sabah”ın üzvü olduğu deyilən bəylər yığmadan qovuldusa, deyilənə görə, AFFA da yüngülcə cərimə ödədi.
Nə mərəzdisə, komanda Bakını tərk edən kimi futbolçuların yadına siqaret düşür. Dünən AFFA-nın saytında yer alan xəbərdən aydın olur ki, bu dəfə iki qapıçı – Elnur Hüseynovla Vüsal Şabanov ilişib. Bəlkə bu futbolçular, ümumiyyətlə, U-19 yığmasının başqa üzvləri də vətəndə də siqaret tüstülədirlər. Sadəcə, burda nəzarət edən yoxdu deyə qələtləri üzə çıxmır. Amma ölkədən kənarda azadlıq və vətən həsrəti bir-birinə qarışınca futbolçular qeyri-ixtiyari siqaretə əl atır, qəm-qüssədən qurtulmaq istəyirlər. Keçmiş olsun, qapıçı qardaşlar...
Kim nə deyir-desin, mən bu olaylarda Samir Əliyevin də məsuliyyət daşıdığını düşünürəm. Komandada nizam-intizama görə birinci cavabdeh məhz odu. Belə görünür ki, Samir bəy Çexiya olayını lazımınca araşdıra, problemin kökünü qaza bilməyib. Hər kəsi sorğu-suala tutsaydı, bir az daha diqqətli olsaydı, eyni biabırçılıq Antalyada da yaşanmazdı. Yaşanırsa, ya məşqçi yerində deyil, ya da sadəcə, nizam-intizama nəzarət edə bilmir. AFFA isə belə məsələlərə daha qlobal yanaşmaq, səbəb-nəticə əlaqələri tapmaq əvəzinə yalnız cəzalandırmağı bacarır. Cəzalandırmanın ən effektiv yol olmadığı çoxdan sübuta yetirilib.
Öz aramızdı, onsuz da Azərbaycanın ən müxtəlif yaş qrupu üzrə yığmaları hansısa turnir vəzifələrinin həllinə çalışmır. Gəlin bu komandanın üzərindən ölkəmizin adını götürək, adını belə qoyaq: “19 yaşlılardan ibarət siqaretçəkənlər yığması”. Bilmək olmaz, Allahın işidi, bəlkə elə bu addəyişmə uğurlu nəticələrə vəsilə olacaq!