Ölkə kubokunun 1/8 final qarşılaşmaları ərəfəsində Rusiyada fəaliyyət göstərən "Mostbet" bukmeker şirkətinin Azərbaycandakı nümayəndəliyi qəribə məlumat yaymaqla yadda qaldı. Bukmeker kontorunun “feysbuk” səhifəsində paylaşılan xəbərdə əvvəlcə “Sabah” – “Ağsu” matçının şübhəli olduğu vurğulandı. Ardınca isə qarşılaşmanın danışılmış oyunlarla mübarizə aparan beynəlxalq qurum tərəfindən araşdırıldığı bildirildi. Prosesin davamı olaraq, jurnalist həmkarlarımdan biri məsələ ilə bağlı “Ağsu”nun icraçı direktoru Rəşad Kərimovun fikirlərini öyrənməyi lazım bilib. İcraçı direktorun reaksiyası isə belə olub: “Mən də dünən belə bir məlumat almışam. Futbolçularla görüşüldü, ciddi tapşırıqlar verildi. Yəqin elə şeylər var ki, artıq bizim də futbolçulara gücümüz çatmır. Biz öz tapşırığımızı vermişik, ciddi söhbət etmişik ki, belə şey olmasın, bu cür oyunlara getməyin. Açığı, belə şeyin olacağına inanmıram. Divizion komandasıyıq. Elə də gücümüz yoxdu. Bu mənada premyer-liqa klubu bizdən fərqlənir. Bəlkə də həmin bukmeker şirkətinin özünün verdiyi məlumatdı. Bunların hamısı doğru olmur ki! Başqa söz deyə bilmirəm. Hamısına demişik ki, belə bir şey olmasın. Çünki həm klubun, həm də özlərinin adına ləkədi. Hətta buna görə cinayət işi açılır, həbsə gedənlər olur. Bu barədə futbolçularla danışıq aparmışıq".
Rəşad bəyin açıqlamasıyla tanış olandan sonra öz-özümə xeyli güldüm. “Futbolçularla görüşüldü, ciddi tapşırıqlar verildi” cümləsinə isə hələ də gülürəm. Necə yəni ciddi tapşırıqlar verildi? Kərimovun bu sözlərindən sonra xəyali olaraq həmin toplantıya qatıldım və çıxışları gözümün qarşısına gətirdim: “Hörmətli futbolçular, sizi bura yığmaqda məqsədimiz odu ki, qanqaraldıcı xəbəri paylaşaq. Tarixən düşmənimiz olan, daim ermənilərə dəstək verən, İranla birləşib Azərbaycanımızı iki hissəyə bölən ruslar növbəti dəfə bizi əzməyə çalışırlar. Bu dəfə onların “Mostbet” bukmeker kontoru bizi - “Ağsu” komandasını təmiz qazancdan məhrum edərək, maddi durumuzu yüksəltməyə qoymur. Ruslar bu dəfə bizi iqtisadi cəhətdən vurmağı hədəfləyib və ona görə də “Sabah”la matçdakı planınızı reallaşdırmamaq üçün sosial şəbəkələr vasitəsi ilə xəbərdarlıq paylaşıblar. Odu ki, “Sabah”la oyunu “fırlatmayın”, özünüzü və bizi fikirləşin. Özünüzü və bizi nəzərə almırsızsa, heç olmasa, neçə illərdi “Ağsu”nun hoqqalarına göz yuman AFFA-nı düşünün. Hər turdan sonra beynəlxalq qurumlardan bizə görə kişilərə qalaq-qalaq məktublar gəlir. Ancaq onlar arxamızda dağ kimi dayanıb, bizə pul qazanmaq, maddi rifah halımızı yüksəltmək üçün şərait yaradırlar. Bir sözlə, sabah heç olmasa, “Sabah”la görüşdə nəfsinizə sahib çıxıb təmiz futbol oynayın”. Vallah-billah, Kərimovun açıqlamasını oxuyandan sonra iclasın məhz bu axarda keçdiyini düşünürsən. Əslində sağlam komandada klub rəsmisi belə məsələlərə konkret cavab verməli, “Ağsu” heç vaxt manupulyasiya ilə məşğul olmur. Bizim klubun adını belə iyrənc əməllərdə hallandıran şirkəti məhkəməyə vermək fikirimiz var” deməliydi. Ancaq Rəşad bəyin sözlərindən belə qənaətə gəlmək olur ki, “Mostbet”ın paylaşdığı xəbər həqiqətdi və ona görə də klub rəhbərliyi təcili toplantı keçirərək, futbolçulara xəbərdarlıq edib.
Bu məqamda yadıma Seymur Səlimli düşdü. Bu şəxs UEFA-nın danışımış oyunlarla bağlı Azərbaycandakı nümyəndəsidi. Tək bu mövsüm neçə-neçə klubun qapısını döyərək futbolçularla görüşüb, onlara oyun alğı-satqısı, manipulyasiyanın acı fəsadları haqda saatlarla mühazirə oxuyub. Məntiqlə, “Ağsu” ilə bağlı məsələni “Mosbet”dən əvvəl məhz o qabartmalı, AFFA rəhbərliyinə, hüquq-mühafizə orqanlarına məlumat verməliydi. Təəssüf ki, Səlimlinin əvəzinə bunu Rusiyada fəaliyyət göstərən hansısa bukmeker kontoru edir, o Azərbaycan futbolunun iyrəncliklərini bütün dünyaya yayır. Seymur bəy, arada siz də mətbuata çıxıb gördüyünüz işlər barədə məlumat verin ki, ruslardan, türklərdən, finlərdən nəsə eşidəndə deyək ki, Səlimli bu barədə açıqlama vermişdi. Futbolçulara mühazirə oxumaqla iş bitmir.
P.S. Seymir Səlimli klubların birində görüşdən çıxdıqdan sonra toplantıda iştirak edən oyunçulardan birinə yaxınlaşıb nə barədə müzakirələr aparıldığını soruşdum. Futbolçu “vallah, kontorlar barədə elə şeylər danışdı ki, bilmədiklərimizi də ondan öyrəndik. Sən demə, bukmekerlər çox şeyə pul qoyuluşu götürürlərmiş. Bizim isə çoxundan xəbərimiz yoxdu. Bizim yenə vaxtımız keçib, futbolda nəsə qazanmışıq. İndi 300-500 manata oynayan gənclər yetərincə məlumatlandılar. Bundan sonra özləri heç kimə heç nə demədən təkbaşına “işləyəcəklər”. Belə görüşlər xeyirdən çox ziyan vuracaq bizə” deyib, əlini yellədi və uzaqlaşdı...