Məşhur türkiyəli aktyor Cem Yılmaz noyabrda Bakıya gələcək. Ardıcıl iki gün – 16-sı və 17-də Konqres Mərkəzində sevənlərinin önünə çıxacaq. Belə yerlərə getmirəm, ümumiyyətlə, şəhərin qlamur həyatından çox uzaq düşmüşəm, zəmanənin və bəzi adamların üzü qara olsun, indi düşüncələrim yalnız və yalnız “Futbol+”in ayaqda qalması, yaşaması ilə bağlıdı. 11 gündən sonra 22 yaşını tamamlayacaq sevimli qəzetim həyata bağlanmağımın, sıx-sıx yapışmağımın ən böyük nədənlərindən biridi. Nə gizlədim, türk sənət dünyası ilə az-çox maraqlanıram, müntəzəm izlədiyim serial və aktyorlar var. Aktyor oyunu, ifası, sənətkarlığı, fərdi ustalıq həmişə mənim üçün cəlbedici olub, bu mənada Azərbaycan kinosunda, teatrında hazırda görə bilmədiyim bəzi incəlikləri qardaş ölkədən olan sənət adamları yaşadırlar deyə, istər-istəməz nələrəsə baxmalı oluram. Artıq yuxarıda vurğuladım ki, Cem Yılmaz favoritlərim arasında deyil. Adam iki gün konsert verəcək, biletin ən ucuzunun qiyməti 50, ən bahasının qiyməti isə 700 manat olacaq. Çox güman, bu dəfə də qonağa yaxın düşmək uğrunda bəzi xanımlarımız saçyolduya çıxacaq, ardından yenə mənəvi dəyərlərin aşınması ilə bağlı moizələrin sıxlığı artacaq, Cem qardaş da pulunu götürüb, vətəninə qayıdacaq.
Bura qədər hər şey aydındı, yəni şəhərin mədəni həyatından bir lövhəyə yüngülcə toxundum, getdi. Bu konsertin mediada yer alan afişasına baxanda diqqətimi cəlb edən isə təşkilatçı rolunda “Topaz”ın çıxış etməsidi. Açığı, “Topaz” təqdim edir” ifadəsinin altında nələrin yatdığını bilmirəm. Yəni bu bukmeker kontoru konsertin yeganə təşkilatçısıdı, yoxsa xərclərin müəyyən hissəsini qarşılayacaq, Cem bəy futbol və cıdır yarışlarına pul qoymağın vurğunu olduğuna görə “Topaz”a yaxınlaşıb, yoxsa başqa hansısa özəl səbəblər var – bu sualların cavabı aydın deyil və əslinə qalsa, heç aydın olması da vacib deyil.
Məni, inanıram ki, bu ölkənin futbol sənayesinin gələcəyini düşünən başqa adamları da maraqlandıran suallar var. “Topaz” cari mövsümün startı ərəfəsində premyer-liqaya sponsorluqdan çəkiləndə şirkətdən bəyan etdilər ki, bu gün futbol prioritet deyil, olimpiya idman növlərinə, voleybola və kiberidmana dəstək verəcəklər. Belə anlaşılırdı ki, PFL ilə işbirliyindən bezən, yorulan şirkət bundan sonra yönünü AGİN-ə çevirir, nazirliyin təşəbbüslərinə dəstək verməyə başlayacaq. Ölkəmizdə peşəkar idmanın özünü dolandırmadığını, yəni pul qazanan sahə olmadığını nəzərə alsaq, “Topaz”ın seçimini hardasa anlamaq mümkün idi. Amma PFL ilə izdivacın pozulmasından iki ay ötsə də, “Topaz”ın adını, pulunu, dəstəyini ölkə idmanı ilə bağlı hansısa önəmli təşəbbüsdə görməmişik. Bu afişadan isə belə çıxır ki, futboldan ayrılan bukmeker kontoru ölkənin mədəni-ictimai həyatına Cem Yılmazın konsertinin təşkilatçısı kimi qayıdır. Azərbaycanda pul qazanan, amma bu ölkənin futboluna zərrəcə dəstək verməyən transmilli nəhəng şirkətləri, onların burdakı idarəçilərini anladıq – zorla gözəllik olmur! Amma imkanlı və futbolun inkişafında maraqlı bir yerli şirkətin həmin futboldan üz döndərib, fikrini Cemə cəmləməsi heç də yaxşı hal deyil. Təbii ki, anlayan adamlar üçün.