Bu gün Azərbaycan çempionu “Qarabağ” Cənubi Kiprin paytaxtı Nikosiya şəhərinin GSP stadionunda çətin qarşılaşmaya çıxacaq. Deməli, təkcə ölkəmizin sərhədləri daxilində yaşayan milyonların yox, dünyanın dörd bir tərəfinə səpələnmiş azərbaycanlıların ürəyi “Qarabağ”la birlikdə həmin stadionda döyünəcək, gözümüz və qulağımız Nikosiyadan gələn xoş xəbərin sorağında olacaq. İstəsək də, istəməsək də, APOEL-lə duel bizim üçün bir futbol qarşılaşmasınından daha artıq mübarizə, həyəcan deməkdi. Belə yerdə “futbol siyasətə qarışmaz” tipli diplomatik açıqlamalar da kara gəlmir. “Neftçi”nin APOEL-lə əvvəlki duellərində, “Qəbələ”nin “Apollon”la oyunlarında yaşananlar dediklərimin sübutudu. Bütün hallarda futbolun içinə siyasət qatan, bizə və dəyərlərimizə sayğısızlıq göstərən onlar olub. Biz soyuqqanlı davranıb, yunanlara və onların dövlət atributlarına qarşı hansısa mənəvi terrora yol verməmişik.
Heç şübhəm yoxdu ki, “Qarabağ”ın APOEL-lə görüşü zamanı da belə olacaq. Cənubi Kiprdə yaşayan yunanların Azərbaycana, türklərə olan nifrəti, qisasçılıq hissi bu axşam da özünü həm meydanda, həm də ondan kənarda biruzə verəcək. Özü də bu dəfə Azərbaycanı təmsil edən komandanın adı “Neftçi” və ya “Qəbələ” deyil. Qarabağ adının yunanlarla yanaşı, orda yaşayan ermənilərdə də qıcıq oyadacağı, ermənilərin tribunaya axın edib, təxribat törətməyə çalışacağı gözləniləndi. Bütün bu məqamları təcrübəli Qurban Qurbanov da, “Qarabağ”ın rəhbərliyi və futbolçuları da yaxşı anlayır. Ümid edirəm ki, psixoloji baxımdan rəqibin təxribatlarına da, mənəvi basqısına da hazırlaşa biliblər. Zarafat deyil, “Qarabağ” eyni məşqçi, eyni rəhbərlik və çox da böyük dəyişikliklərə uğramayan heyətlə illərdi Avropanın yaşıl meydanlarında oyunlara çıxır, fərqli mühitlərin gətirdiyi maneələr aşılıb. Ara-sıra rəqibin təxribatları, erməni barmağının törətdiyi fəsadlar ilə də üzləşmişik. Şükürlər olsun ki, “Qarabağ” bütün bu sınaqlardan üzüağ çıxmağı bacarıb, təxribatçıların cavabını yüksək səviyyədə verməkdən çəkinməyib. Elə futbol meydanında qazanılan uğurlu nəticələrlə. Bizim onlar kimi stadionları döyüş meydanına, tribunaları yanğın yerinə çevirmək, bayraq yandırmaq, təhqir dolu şüarlar səsləndirmək kimi pis vərdişlərimiz yoxdu.
“Qəbələ” ilə “Neftçi”nin yunanlara, ermənilərə verdiyi cavab da eyni olub. “Qırmızı-qaralar” 4 il əvvəl “Apollon”u avrokobuklardan kənarlaşdırmağı bacarmışdı. “Neftçi”nin APOEL-ə çəkdiyi dağın ağrı-acısı isə daha böyük idi. 2012-ci ilin avqustunu hamımız gözəl xatırlayırıq. Bakıdakı qarşılaşma qollu bərabərliklə bitdiyindən növbəti mərhələyə daha yaxın olan APOEL idi. Üstəlik, Cənubi Kipr təmsilçisi bir il əvvəl Çempionlar Liqasındakı çıxışı ilə diqqətləri üzərinə çəkmiş, özü haqda müsbət imic formalaşdırmışdı. “Neftçi” isə Çempionlar Liqasında ağır psixoloji zərbə almış, azarkeşlərin ümidlərini sarsıtmışdı. Belə məqamda təkcə qüvvələr nisbəti və ilk oyunun nəticəsi yox, həm də psixoloji durum APOEL-in xeyrinə idi. “Neftçi”nin bu çətin səddi aşacağına, Avropa Liqasının qrup mərhələsinə yüksələcəyinə inananların sayı elə də çox deyildi. “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyevin sağlıq durumu da hamımızı narahat edirdi. İndi haqq dünyasında olan Hacıyev bu qarşılaşmadan əvvəl səhəttində ciddi problemlərlə üz-üzə qalmış, ağır əməliyyat keçirmişdi. Kim olsaydı, belə vəziyyətdə öz canının hayında olar, Nikosiyaya yollanmaqdan belə imtina edərdi. Amma Böyükağa Hacıyev belə etmədi, əksinə, əsl sərkərdə kimi davrandı, hamını təəccübləndirməyi bacardı.
Rəhmətliyin oyundan bir gün əvvəl keçirilən mətbuat konfransında səsləndirdiyi fikirlər uzun müddətdi yaddaşlardan silinmir. Onların bəzilərini birlikdə xatırlayaq: “Biz siyasi söhbətlərlə qarışmırıq. Bayrağa qalsa, biz də bura Azərbaycan və Türkiyə bayrağı ilə gəlmişik. Biz türkük! 20 min yunan azarkeş bizi qorxuda bilməz! Çalışacağıq ki, APOEL-in 20 min fanatı "Neftçi" azarkeşinə çevrilsin və bizlər burdan alqışlarla yola salınsın. APOEL güclü rəqibdi, yaxşı komandadı, özünəməxsus oyun dəsti-xətti var. Amma onlar unatmamalıdılar ki, “Neftçi”yə qarşı oynayacaqlar. Müdafiədə oturmayacağıq. Qapımızı toxunulmaz saxlamaqla hücum edəcəyik. Biz çox istəyirik ki, tarix yazaraq Avroliqanın qrupuna düşək”. Bu sözləri eşidən futbolçular da Hacıyevi yalançı çıxarmadılar, meydanda dişləriylə, dırnaqlarıyla savaşdılar. Həmin vaxt gecənin ən böyük sürprizinə “Neftçi” imza atmışdı, Azərbaycan təmsilçisi ilk dəfə avrokubokların qrup mərhələsinə vəsiqə qazanmışdı.
Aradan düz 7 il keçib. Ötən müddət ərzində Azərbaycan futbolunda çox şeylər dəyişib. Klublarımız “Neftçi”nin açdığı cığırı uğurla davam etdiriblər, “Qarabağ”la “Qəbələ” qrup mərhələsində oynamağın həyacanını görüb, bu həzzi azarkeşlərinə yaşadıb. Artıq Böyükağa Hacıyev həyatda yoxdu, amansız xəstəlik onu aramızdan aparıb. Amma cismən həyatda olmasa da, tez-tez xatırlanır, iddialı açıqlamaları, ən çox da Nikosiyada dedikləri, APOEL-ə yaşatdıqları unudulmur. Bu gün də həmin günlərdən biridi. Hacıyevin çətin qarşılaşmadan öncə dediklərini bir daha xatırlamalı, milyonlarla azərbaycanlını sevindirmək üçün Cənubi Kipr komandasıyla sona qədər savaşmalıyıq. Qurban Qurbanov sakit təbiətli, çılğınlıqdan uzaq insan, soyuqqanlı mütəxəssisdi. Bununla belə, heç şübhəm yoxdu ki, Qurban bəy də bu axşamkı çətin sınağa yetirmələrini lazımınca hazırlayacaq, döyüşkən ruhda kökləyəcək. “Qarabağ” bizi sevindirməyi bacaracaq. Buna ehtiyacımız var!