Cümə axşamı qitə kuboklarında 1-ci təsnifat mərhələsinə yekun vuruldu. Üç klubla təmsil olunduğumuz bu mərhələdən bir itkiylə çıxdıq. Gözlənilən idi. Debütant olması öz yerində, “Səbail”in düşərgəsində elə ab-hava formalaşmışdı ki, ən nikbin azarkeşlər belə bu komandadan əlini üzmüşdü. Futbolçuları qoyuram bir kənara. Baş məşqçi Aftandil Hacıyevin rəqib məlum olan gün və ondan sonra dilinə gətirdiyi təslimçi açıqlamaları göz önünə sərmək kifayətdi. Döyüşə gedən ordunun (komandanın) başçısı əsgərlərini (futbolçuları) ruhlandırmaq əvəzinə, rəqibi onlara şişirdilmiş şəkildə təqdim edirsə, ən əsası, özü növbəti mərhələ ilə bağlı arzularının üzərindən çalın-çarpaz xətt çəkirsə, daha nədən danışırıq?! Əlbəttə, “Universitatya”nın bütün parametrlər üzrə “Səbail”dən bir addım öndə olduğunu qəbul edirəm. Amma bu heç də meydana məğlub psixologiyası ilə çıxmaq üçün əsas ola bilməz. Axı, futbolda heç də həmişə güclü qalib gəlmir. Nə çoxdu bu yöndə nümunələr. Bir də ki, məgər “Universitatya” bu dərəcədə qorxunc komandadı? Sıradan bir Avropa klubudu də. İstər Bayılda, istərsə də Krayovada gerçəkləşən oyunlar da məhz bu gerçəyi ortaya qoydu. “Səbail” zaman-zaman rəqibinə əcəl təri axıtdı. İki oyuna vurulan 4 qol çox mətləbdən xəbər verir. Düzdü, ortada buraxılan 6 qol da var. Amma bu məqam məhz yuxarıda qeyd etdiyim nüanslardan qaynaqlanır. Aftandil bəy, vallah, bir az cəsarətli olmaq lazımdı idi. Çox yox, bir az. Siz camiə olaraq, püşkdən sonra məğlub olmuşduz, meydanda isə, sadəcə, bunu rəsmiləşdirdiz. Halbuki sizdən kiçik bir qəhrəmanlıq tələb olunurdu. Bacarmadız! Bir sadə məntiqlə ki, cəsarətsizlərin alın yazısı qəhrəmanlıq yox, məğlubiyyətdi, məyusluqdu. Bu üzdən indi geriyə boylanıb, nəyəsə görə təəssüflənməyə dəyməz. Atalar demişkən, daldan atılan daş topuğa dəyər. “Universitatya” ilə oyunlar gözəl dərs idi. İnanıram ki, nəticə çıxaracaqsız.
Yalnız mənfiləri sadalayıb, müsbətləri görməzlikdən gəlməyəcəm. Əslində diqqətimi çox yox, bir parlaq nöqtə çəkdi. Ağabala Ramazanov! Türklər demiş, möhtəşəm performası ilə göz doldurdu. Qorxmadı, cəsarətinə arxalanıb döyüşdü, az öncə qeyd etdiyim kiçik qəhrəmanlıq üçün hər şey etdi. Təəssüf, bir güllə bahar olmur...
Avroliqadakı digər təmsilçimiz “Neftçi” tufan qopardı. Düzdü, insaf naminə, “Sperantsa”nı “Universitatya” ilə tərəzinin eyni gözünə qoymaq axmaqlıq olar. Açığı, təmsilçilərimizin sonuncu dəfə qitə səhnəsində nə vaxt bu dərəcədə sınıq-salxaq rəqiblə qarşılaşdığını xatırlamaqda çətinlik çəkirəm. Bununla belə, rəqibin zəifliyi “Neftçi”nin rekordları alt-üst edən möhtəşəm qələbəsinə qətiyyən kölgə salmamalıdı. Roberto Bordinin komandası özündənrazı, yekəxana moldovalılara yaxşı dərs verdi. İllər ötsə də, unudulmaz bir dərs!
Növbəti rəqib “Arsenal”dı. Söhbət London yox, Tula təmsilçisindən gedir. Yəni qorxmağa, “ağ bayraq qaldırmağa” dəyməz. Elə “Neftçi”nin düşərgəsində də Rusiya klubu ilə bağlı şişirdilmiş, təslimçi açıqlamalar səslənmir. Məhz belə də olmalıdı. Meydanda büdcə yox, futbolçular mübarizə aparacaq. Normal qəbul edirəm, “Arsenal” kağız üzərində favorit göstərilə bilər. Amma bu məqamı ciddiyə almaq lazım deyil. İlk oyun səfərdə baş tutacaq ki, bu da “Neftçi” adına müəyyən üstünlük sayıla bilər. Ən böyük üstünlük isə qeyd-şərtsiz “ağ-qaralar”ın zəngin avrokubok təcrübəsidi. Ümid edək ki, bir qədər yenilənən, gücünə güc qatan flaqman nəyə qadir olduğunu məhz qarşıdakı iki görüşdə ortaya qoyacaq.
Son illərin dəyişməz çempionu ənənəsinə sadiqdi. Asta-asta, azarkeşlərin ürəyini ağzına gətirməklə işini görür. “Partizani” ilə görüşlər də istisna olmadı. Sönük səfər bərabərliyindən sonra Bakıda nisbətən parlaq çıxış edən Qurban Qurbanovun komandası, türklər demiş, zamanla tam relsə düşəcəyinin siqnalını verdi. Çətin ki, “Qarabağ”ın potensialına, Qurban Qurbanovun sərəncamında olan fiqurların səviyyəsinə kimsə dodaq büzsün. Sürpriz yaşanmasa, “köhlən atlar” “Dandolk” səddini birnəfəsə adlayacaq. Hər halda, bütün parametrlər Ağdam təmsilçisinin öndə olduğunu göstərir. İndi qalır bunu meydanda təsdiqləmək.
Avroliqanın 1-ci təsnifat mərhələsindən azad olan “Qəbələ” ilə bağlı konkret fikir yürütməkdə bir qədər çətinlik çəkirəm. Düzdü, Tiflis “Dinamo”su əjdaha deyil, ümumiyyətlə, istənilən sıradan rəqibin şişirdilməsinin əleyhinəyəm. Məni narahat edən “Qəbələ”nin durumudu. Məlum səbəblərdən tam yenilənən komandanın nəyə qadir olduğu gürcülərlə oyunlarda bilinəcək. İnanmaq istərdim ki, Sənan Qurbanov təlim-məşq toplanışında papağını günə yandırmayıb və son ölkə kubokunun qalibi yenilənmiş heyətlə belə adından söz etdirmək üçün hər şeyini ortaya qoyacaq. Açıq danışaq, “Dinamo”nu üstələmək heç xüsusi cəsarət və qəhrəmanlıq da tələb etmir. Aşağı-yuxarı “Qəbələ” səviyyəsində bir rəqibdi. Bu üzdən “qırmızı-qaralar”ın “Səbail”ə yol yoldaşı olmamaq üçün prinsipial qarşılaşmalardan alnıaçıq çıxacağına inanaq.