2016-da “Kəpəz” uzunmüddətli fasilədən sonra avrokuboklara vəsiqə qazanmış və bəxtinə Moldova “Daçiya”sı düşmüşdü. Həmin vaxt klubun Adlan Şişxanov ad-soyadlı meneceri var idi, əvvəl klub prezidenti olmuşdu, gəncəlilərlə oyun vaxtı komandanın baş məşqçisi Oleq Bejenarı vecinə almırdı. Azərbaycanın və “Kəpəz”in ünvanına hər cür hərzə-hədyan yağdırırdı. Gəncəlilərin sabiq çalışdırıcısı Şahin Diniyevlə əlbəyaxa davaya çıxması azmış kimi, ölkəmizi aşağılamaqdan da çəkinmirdi. Məsələn, o vaxt oyunu işıqlandırmaq üçün Moldovaya gedən azərbaycanlı jurnalistlərə elə belə də demişdi: “Siz Bakıda “Formula-1” keçirirsiz, biz isə sizin üçün Kişinyovdan Speyaya Dakar rallisi təşkil edəcəyik. Ordakı stadionu sizin üçün cəhənnəmə çevirəcəyik. Stadion çox qaynar olacaq”.
Şükür Allaha, onda “Kəpəz” Şişxanovun köpünü necə lazımdı yatırdı, burda 0:0 oynasa da, səfərdə vurduğu yeganə qolla mərhələ adladı. Avroliqada “Neftçi”nin bəxtinə “Sperantsa” düşən gündən bəri Petru Efros Adlan Şişxanovu unutdurub. Adam istəyir ki, ona qaraçı desin. Mən milli, irqi, etnik ayrı-seçkiliyin bütün işartılarına pis baxıram deyə, Efrosa qaraçı deməzdim. Amma adam həyasızdı, özü də çox həyasız! Püşk atılan gündən bəri “Neftçi”nin imicinə zərbə vurmaqla, ən müxtəlif yollarla “ağ-qaralar”ın konsentrasiyasını pozmaqla məşğuldu. Məsələn, “Neftçi”nin nümayəndələri püşkatmadan az sonra həm təşkilatı məsələləri razılaşdırmaq, həm də “Sperantsa”nın oyunun baxmaq üçün Kişinyova yollanmışdılar. Amma Efros bu səfərə kölgə salmaq, hansısa iyrənc niyyətə çatmaq üçün “Neftçi” nümayəndələri ilə 4 saatlıq görüş keçirdiyini, həmin görüşdə klub rəsmilərindən Ceyhun Sultanovun iştirak etdiyini də bildirdi. Hədəf aydın idi: bu dueldən pul qazanmaq istəyən klub prezidenti “Neftçi”nin adına ləkə yaxmaq, guya hansısa məsələləri razılaşdırmaqla bağlı görüntü yaratmaq istəyirdi.
Efrosun ürəyin bununla soyumadı. Müsahibələri sıralamağa, oyunu göstərmək istəyən Azərbaycan telekanalının 15 min avrosundan keçməli olduğunu vurğulamağa başladı. Elə burdaca haşiyə çıxıb deyim ki, gürcülərlə, hətta aramız açıq olsaydı, ermənilərlə yayın məsələsiylə bağlı sövdələşmək daha rahat olardı, nəinki bu moldavanlarla. Hər il bəxtimizə bu ölkənin bir klubu düşür və hər il də bizə bank kimi baxmaq xəstəliyindən əl çəkmirlər.
Təbii ki, hər klubun oyununu müəyyən qiymətə satmaq hüququ var. Bəzi klublar onsuz da başqa yolla pul qazanmağın mümkün olmadığını anlayıb, hər yay bu yola əl atırlar. Haqları var, kimsə nəsə deyə bilməz. Amma Efrosun və “Sperantsa”nın timsalında ilk dəfə görürəm ki, alverçilər start qiymətini zərrəcə endirmirlər. Yəqin sizlərdən hər biriniz nə vaxtsa bazara baş çəkibsiz. Şəxsən mən xatırlamıram ki, nə vaxtsa tacirin dediyi qiymətə dərhal razılaşım. Satanın əhval-ruhiyyəsinə, qırımına baxıram, qiyməri aşağı salmağa çalışıram, güzəşt edirsə, alıram, etməyəndə də “sənin məqsədin mal satmaq deyil” deyib, sakitcə uzaqlaşıram. İndiki halda Efrosun davranışı heç adi tacirin də davranışına bənzəmir. Adam az qala bir aydı “15 min avro” deyir və heç 100 avrosundan da keçmir. Yenilənmiş “Neftçi”nin oyununa baxmağı hər nə qədər çox arzulasam da, belə mədəniyyətsiz alverçilərə pul ödəməyin tərəfdarı deyiləm. İki il əvvəl “Şerif” eyni oyunu oynadı və yaşıl meydanda cəzalandı. “Qarabağ”ın getdiyi yolu bu il “Neftçi” ayaqlamalıdı. Bəlkə də Efros bu gün və ya sabah qiyməti salacaq, bəlkə də klub və hansısa telekanal əl-ələ verib, azərbaycanlı azarkeşlərin yayın həsrətinə son qoyacaq. Ancaq buna dəyərmi? Adamlar istisnasız Azərbaycan klublarına varlanmaq mənbəyi kimi baxırsa (heç şübhəsiz, belə davranışda burda oynamış və vətəninə qayıtmış moldovalı futbolçuların təəssüratının da rolu var), biz niyə onların çörəyini üstünə yağ sürtməliyik? Yəqin ki, “Neftçi” bu səddi keçəcək. Bakılılar lap arzuolunmaz nəticə ilə dönsə belə, vətəndə moldavanların dərsini verəcəklər. Pislik, pul hərisliyi, alverçi təfəkkürü onlara qalacaq.
Efrosun hoqqaları 15 min avro ilə məhdudlaşsaydı, nə vardı?! Prezident oğluna – çalışdırıcıya və komandasının oyunçularına azərbaycanlı jurnalistlərlə danışmaq yasağı qoyur. Guya bunun komandası “Barselona” və ya “Real”dı. Məhz belə-belə hoqqalara görə də Efrosları və “Sperantsa”nı cəzalandırmaq lazımdı. Bu isə tam “Neftçi”nin imkanları daxilində olan vəzifədi. Futbolçular qətiyyən rahatlaşmamalı, daha çətin sınaqlar ərəfəsində azarkeşlərinə ümid mesajları verməlidilər. Ən sadiq fanatlarınız – “Forza Neftçi” də yanınızdadısa, nədən çəkinirsiz? Püşk atılan gündən bəri moldavanların davranışının doğurduğu qəzəb onları öz meydanında “dəfn etməyə” yetməlidi. Bu yolun alternativi yoxdu. Adlan Şişxanov etdi və cəzalandı. Petru Efros da edirsə, deməli, cəzalanmalıdı!