Aranızda Elia Benedettinini tanıyanlar olar. Tanımayanlar üçün deyim ki, 24 yaşlı Elia İtaliyanın “Novara” klubunun və San Marino millisinin qapıçısıdı. Rusiyaya qarşı oyunda onun və millidəki komanda yoldaşlarının halına acımamaq olmurdu. Şimal qonşularımız “cırtdan” ölkənin yığmasına qarşı xeyli amansız davranır, əllərinə düşən hər fürsətdə Elianın qoruduğu qapını topa tuturdular. Elə sözün hər iki mənasında. Çarəsiz Benedettini üzərinə gələn zərbələri imkanı çatan səviyyədə dəf etməyə çalışırdı. Əliylə, ayağıyla, başıyla, bədəniylə… Dişiylə və dırnağıyla.
Düzdü, bunu bacarmaq çox çətin idi. Qarşında Rusiya boyda nəhəng rəqib varsa, qapını toxunulmaz saxlamaq üçün şansın çox azdı. Özü də ruslar zəifləri əzməkdən, onları incitməkdən həzz alan millətdilər. Həm siyasətdə, həm müharibədə, həm də futbolda. San Marino kimi zəif rəqib heç də hər gün Rusiya millisinin qarşısına çıxmır ki. Ruslar da bunu çox gözəl anlayırdılar. “Cırtdanlar”la oyunda onların hesabı ikirəqəmliyə çatdırmaq istəkləri açıq-aşkar hiss olunurdu. Rəqibi əzir, bundan həzz alırdılar. Əllərinə düşən hər fürsətdə Elianın qoruduğu qapının torunu silkələyir, qolları sıralayırdılar. Hesabı artıq bilirsiz, bəhs etdiyim qarşılaşmada Rusiya San Marinonu 9:0 hesabıyla məğlub etdi. Bir qədər vaxt çatmadı, yoxsa istəklərinə çatacaqdılar. Yəni ki, Oserdə keçirilən Fransa – Azərbaycan qarşılaşmasındakı hesab təkrarlanacaqdı. Bu mənada Benedettininin və onun komanda yoldaşlarının bəxti gətirdi, hakim ruslar 10-cu qolu vurmamış oyunun bitdiyini bildirən sonuncu fitini səsləndirdi. Necə deyərlər, buna da şükür. Təbii, şükür etməli nəsə varsa.
Rusiya – San Marino qarşılaşmasında diqqətimi Elia Benedettininin bir davranışı xüsusilə çəkdi. Hesab 7:0 olarkən Elia səkkizinci qolu vurmağa çalışan Dzyubanın qüvvətli zərbəsini yaxşı qurtarışla qarşıladı, topu tirin üzərindən aşırdı. Bu qurtarışdan sonra Elianın üzünə təbəssüm qondu, özündənrazı halda gülümsəməyə başladı. Bəli, qapıçı kiçik qəhrəmanlıq etmiş, rəqibin qol vurmasına imkan verməmişdi. Həmin an üçün böyük xoşbəxtlik idi. Amma tabloda əks olunan hesab faciəvi sayılmalıydı, o epizodda Dzyubanın sevinməsinə imkan verməyən Benedettini ona qədər 7 dəfə topu tordan çıxarmışdı. Oyunun axarı da 7-ci qolun sonuncu olmayacağından xəbər verirdi, Dzyuba və onun komanda yoldaşları yenidən sevinəcəkdilər. Bunun üçün çox da gözləmək lazım gəlməyəcəkdi. Benedettini çox tezliklə 8-ci, daha sonra isə 9-cu dəfə topu tordan çıxaracaqdı.
Bunu Benedettini özü də gözəl başa düşürdü, necə də olsa, peşəkar futbolçudu, yetərincə təcrübəsi var. O da oyunun axarını oxumaq qabiliyyətinə sahibdi. Amma bütün bunlar həmin an San Marino millisinin qapıçısının vecinə deyildi, Benedettini qəhrəmanlıq etmişdi, vəssalam. Benedettini üçün həmin an bir həqiqət var idi: rəqibin qol vurmasına imkan verməmişdi. Bu hiss o dəqiqəyə qədər rusların vurduğu 7 qolu da, ardı-arası kəsilməyən hücumları da, hesabın daha da faciəvi olacağından xəbər verən ehtimalları da unutdururdu. Elə ona görə də San Marinonun qapıçısı Elia Benedettininin üzünə təbəssüm qonmuşdu, “çərçivə qoruyucu” xoşbəxt görünürdü. Məsələnin mahiyyəti, sözümün canı da məhz budu. Benedettini üçün faciəvi heç nə baş verməmişdi. “Cırtdan” San Marino millisinin futbolçuları nəhəng Rusiyaya qarşı meydana çıxanda onsuz da məğlubiyyəti gözə alırlar. Onlar üçün hesabın da fərqi yoxdu, məğlubiyyət dünyanın sonu deyil. Hər bir məğlubiyyət növbəti sayılır, özündən əvvəlkilərdən və ya sonrakılardan heç nə ilə fərqlənmir. Hesab böyük olsa belə.
Elia Benedettini və onun komanda yoldaşları uduzmağa öyrəşiblər. Uşaq yıxıla-yıxıla yeriməyi necə öyrənirsə, idmançılar da uduza-uduza püxtələşir, hər məğlubiyyətdən özləri üçün bir dərs çıxarırlar. Amma bunun San Marinonun milli komandasında oynayan futbolçulara aidiyyatı yoxdu. Həmin futbolçular indiyə qədər çıxdıqları bütün oyunlarda ağır məğlubiyyətlərə düçar olublar, ənənə bundan sonra da pozulmayacaq. Bunu faciəyə çevirməyəcəklər, növbəti oyuna hazırlaşacaqlar. Onlar üçün anı yaşamaq önəmlidi. Hansısa bir möhtəşəm qurtarış, təsadüfən vurulan qollar, hesabın kiçik olması sevinmək üçün yetərlidi. Çünki onlar uduzmağa öyrəşiblər, buna öyrəncəlidilər...
... Azərbaycan millisi ardıcıl iki ev oyununda ağır məğlubiyyətə düçar oldu. Macarlardan buraxdığımız üç qolun acısını unutmağa macal tapmamış slovaklardan beşini buraxdıq. Bu məğlubiyyətləri çoxları adi qəbul etdi. Sanki elə bu cür də olmalıymış. Biz macarlardan 3, slovaklardan 5 top buraxmalı, Mahirlə Ramilin vurduğu təsəlli qollarını bayram etməliymişik. Həmin oyunlardan sonra futbolumuzda heç nə dəyişmədi, heç kimdən ciddi hesabat tələb olunmadı. Yavaş-yavaş San Marino kimi olacağıq, məğlubiyyətlərə vərdiş edəcəyik. Mən bundan çox narahatam, dostlar!