10 apr 00:04reportaj

Memarlıq, futbol və sevgi şəhəri

Memarlıq, futbol və sevgi şəhəri
Barselonadan 29 ilin şərfi ilə döndüm
Qürurlu, özünəvurğun, həm səssiz, həm də qulaqbatıran səsə malik, dahilər və bacarıqsızlar vətəni, özünəaşiq və eyni zamanda hər kəsə vurulan, yorğun, sahilləri dalğalar tərəfindən döyülən, özü isə dağların zirvələrinin nəzarətində olan. Bu sətirləri oxuduqca bəlkə də söhbətin nədən getdiyini zənn etdiz. Amma çətin... Sizləri həsrətdə qoymadan açıqlayıram – söhbət Barselonadan gedir. Bəli, nəinki Avropanın, həm də dünyanın ən möhtəşəm və böyük şəhərlərindən biri. Dalinin qəzəbli enerjisi ilə nəfəs alan, ürəyi Qaudinin ecazkar memarlıq abidələri ilə döyünən, uzun velosiped tıxacları ilə yürüyən və təbii ki, bütün yorğunluğunu bir qədəh sangria (yerli içki) ilə atan Barselona. Bütün bunlar bu inanılmaz şəhər haqda eşitdiklərim idi. İndi isə gördüklərimdən yazacam. Sualınız yarana bilər ki, ilin-günün bu vaxtı niyə Barselona? Cavabım qısa və konkret olacaq. Avropada səfərdə olduğumdan 18 ildən çoxdu azarkeşlik etdiyim şəhərin eyniadlı komandasının oyununa baxmaq üçün əla fürsət əldə etdim və bundan yararlandım.
Catalunya is not Spain və ya bayraqlarla dolu şəhər
El Prat hava limanında diqqətimi çəkən ilk şey böyük Kataloniya bayrağı oldu. Düzdü, yanında həm İspaniya, həm də Avropa İttifaqının bayraqları dalğalanırdı. Amma nisbətən kiçik ölçüdə. Şəhərin mərkəzinə kimi avtobusla qət etdiyim 25 dəqiqəlik yolda isə, demək olar ki, bütün evlərin eyvanlarında Kataloniya bayraqlarına rast gəldik. Kirayələdiyim evin məhəlləsinin divarında belə yazılmışdı: Catalunya is not Spain. Yəni Kataloniya İpaniya deyil. Həqiqətən burda hamı millətçidi. İnsanların əksəriyyəti katalonca danışır, ispan və ingiliscə suallara da doğma dillərində cavab verirlər. Səfərin ilk gününü şəhərin maraqlı yerlərini gəzməklə keçirdim. Öncə Barselona meydanına yollandım – yaşıllıq, böyük fəvvarələr, əzəmətli binalar, alış-veriş mərkəzləri və təbii ki, minlərlə turist. Növbəti dayanacağım isə “Agbar” qülləsi oldu. 1999-2005-ci illərdə tikilən bu əzəmətli binaya həm də “rəngli xiyar” deyirlər. Bəli, 145 metr hündürlüyə malik, xiyara bənzəyən bu bina məşhur memar Jan Nuvelin fantaziyasıdı. “Agbar”ı Bakıdakı “Alov” qüllələri ilə müqayisə edə bilərsiz. Amma ən azı bir fərqi var. “Agbar”ın ən yuxarı, 38-ci mərtəbəsinə 10 avro ödəyib qalxa və şəhərin fonunda foto çəkə bilərsən, “Alov” qüllələrində isə bu əsla mümkün deyil.
4 il Barselonada yaşayan Yusif
Həyatın işinə bax, 2 milyona yaxın əhalisi olan, ildə 7 milyondan çox turistin baş çəkdiyi şəhərdə elə ilk gündəcə azərbaycanlı ilə qarşılaşdım. Bəli, Yusif adlı qardaş türklərin sahibi olduğu “Estambol” restoranında ofisiant kimi çalışır. Artıq dörd ildi Barselonadadı. İşləməklə yanaşı, Yusif həm də oxuyur, artıq sonuncu kursdadı. Geri qayıtmaq fikri yoxdu və elə Barselonada karyera qurmaq niyyətindədi. Həmyerlimizin günlük qazancı o qədər də çox deyil. Amma özü deyir ki, qazancı yaşamağa bəs edir. Yusiflə tanışlığımız xoş olsa da, şam yeməyi məni o qədər də qane etmədi. 12 avroya yediyim salat dadsız olsa da, pivəyə söz ola bilməzdi.
120 avroluq bileti 180 avroya satmaq istəyən türk
Katalonların Barselonanın ecazkarlığı ilə yanaşı, fəxr etdiyi digər bir şey futboldu. Bəli, şəhərin eyniadlı komandası “Barselona”. Hətta onlardan bəziləri düşünür ki, “Barselona” olmasaydı, indi onları yada salan olmazdı. Səfərimin ikinci günü “Barselona”nın ev oyunlarını keçirdiyi stadiona, Avropanın ən böyük arenası “Nou Kamp”a getdim. Arenanın girəcəyində stadionun böyük fotosu yerləşdirilib, üzərinə isə “Benvinguts”, yəni katalonca “Xoş gəlmisiz” yazılıb. Eyni zamanda, girişin digər divarında “Barselona” – PSJ matçında (6:1) çəkilən Lionel Messinin o məşhur fotosu yapışdırılıb. Düzü, bu nəhəng tikilini yaxından görəndə həyəcanlanmamaq mümkün deyil. Bəlkə də bu, 18 ildən çoxdu azarkeşlik etdiyim “Barselona”ya görə idi. Amma düşünürəm ki, “Kamp Nou”nu görən hər kəs həyəcanlanır. Girişdə təəccübləndiyim başqa bir məqam bilet alverçiləri idi. 10-a yaxın alverçi arasında, təbii ki, bir türk abiyə də rast gəldim. O, təxminən 5 dəqiqə klubun rəsmi saytından 120 avroya aldığı bileti 180 avroya satmağa çalışdı, amma alınmadı. Abidən qurtulan kimi kassaya yaxınlaşıb “Barselona”nın muzeyinə bilet aldım. Oyun günü olmasına baxmayaraq, muzey işləyirdi. Biletin qiyməti isə 27 avro idi.
Əsrarəngiz “Barselona” muzeyi və “fanshop”
“Barselona” dünyanın ən titullu klublarından biridi. Sözsüz ki, bir əsrdən çox yaşı olan bu klubun muzeyinin də özü qədər möhətəşəm olduğuna şübhə etmirdim. Gözümlə gördüklərim isə məni daha da valeh etdi. Girişdə biletimi turniketə yaxınlaşdırıb, muzeyə daxil oldum. Qarşına isə böyük bir tarix çıxır. Muzeydə ilk qarşılaşacağın klubun oyunçularını geydiyi ilk forma və butslar, eyni zamanda oynadığı top olacaq. Nəhəng otağın 4 tərəfində isə “Barselona”nın həm futbol, həm də başqa idman növləri üzrə komandalarının qazandığı kuboklar yer alıb. Girişin sağında böyük sensor monitor yerləşdirilib. Monitorda 1950-ci ildən bəri “Barselona”nın keçirdiyi bütün oyunların icmalları yer alıb. Hansı matçı arzulayırsansa, ona toxunub, böyük ekranda izləyə bilərsən. Muzeyin düz mərkəzində isə “Barsa”nın qazandığı 5 Çempionlar Liqası kuboku durur. Həmin 5 kuboka görə kluba verilən daimi mükafat düz başda yerləşdirilib. Klubun əfsanəvi futbolçularının formaları, qazandığı şəxsi mükafatlar da muzeyə qoyulub. Muzeydə Yohan Kroyf, Rivaldo, Ronaldinyo, Xavi Ernandes və klubun başqa əfsanələrinin stendləri var. Ən böyük stend isə Lionel Messinindi. Burda bəlkə də “Barselona” tarixinin ən uğurlu oyunçusunun ilk forması, qazandığı bütün mükafatlar yer alıb. Səyahətçilərin ən çox maraq göstərdiyi isə təbii ki, argentinalının qazandığı 5 “Qızıl top” və 3 “Qızıl buts”du. Muzeyin çıxışı birbaşa “Nou Kamp”a açılır. Tribunada yazılan “Mes que un club”, yəni “Bir klubdan daha artıq” sətrini oxuyunca, tüklərin biz-biz olmursa, deməli, sən “Barsa”lı deyilsən. 100 min tamaşaçı tutumuna malik arenanı hər gün təmizləyir, otuna qulluq edirlər. Muzeyi və “Nou Kamp”ı hər gün 2 mindən çox adam ziyarət edir. Geri qayıdanda isə yol səni “Barselona”nın rəsmi “fanshop”una aparacaq. 4 mərtəbədən ibarət “fanshop”da “Barsa” rənglərində ürəyin nə istəyirsə, tapa bilərsən. Hətta içinə təbii və 5 il çürüməyən ot yerləşdirilmiş “Nou Kamp” maketini belə. Burda ürəyincə alış-veriş etmək istəyirsənsə, cibin mütləq dolu olmalıdı. Ən azı 500 avro.
“Kamp Nou”da nə TOMA var, nə də polis
Hazırda La Liqada əbədi və əzəli rəqib “Real”dan sonra ikinci olan “Barselona” həmin axşam bu mövsüm olduqca yaxşı çıxış edən “Sevilya”nı qəbul edirdi. Matç yerli vaxtla saat 19.30-da başlayırdı. Elə həmin gün Bakıda ölkə kubokunun yarımfinal mərhələsinin cavab oyunu çərçivəsində “Qarabağ” Tofiq Bəhramov adına Respublika stadionunda “Neftçi”ni qəbul edirdi. Matçı işıqlandırmağa gedən həmkarımız Amal Abuşov isə özünün “feysbuk” səhifəsində belə yazmışdı: “Stadionda o qədər TOMA, Əqrəb maşını var ki, mitinq nostaljisi yaşadım”. Düşündüm ki, Bakıda ölkənin ən böyük, amma az sayda azarkeşin ziyarət etdiyi arenanı bu qədər zirehli texnika və polislə qoruyurlarsa, gör indi Avropanın ən nəhəng və hər oyuna 90 min civarında azarkeş təşrif buyuran “Nou Kamp” necə mühafizə olunur? Bu üzdən gecikməmək üçün evdən tez çıxıb, matçın startına 40 dəqiqə qalmış stadiona çatdım. Lakin orda nə TOMA-ya, nə də polisə rast gəldim. Stadionun bütün darvazaları azarkeşlərin üzünə açıqdı. Girişdə yalnız əl çantaları yoxlanılır və sən biletini turniketə yaxınlaşdırıb, öz yerinə keçirsən. Heç kim sənin qarşını kəsmir, heç kim səndən əlavə nəsə soruşmur. Cəmi 3 -4 dəqiqəyə yerində olursan. “Kamp Nou”nun içində böyük restoranlar var. Burda spirtli içkilərdən və siqaretdən başqa hər şey satılır. Yeri gəlmişkən, stadionun içində siqaret çəkmək və tum çırtlamaq da qadağan olunub.
“Futbol+”çi ilə mərcləşib, 29 illik şərfi uduzan “Barsa” azarkeşi
Matçdan öncə yanımda əyləşən 74 yaşlı Qarsiya dayı ilə mərc də etdim. O, “Barselona”nın 3:2 hesabıyla qələbə qazanacağını, mən isə 90 dəqiqənin sonunda tabloda 3:0 yazılacağını dedim. Nəticədə Qarsiya dayıdan 29 ildi özü ilə daşıdığı “Barsa” şərfini qazandım. Oyuna 5 dəqiqə qalmışa kimi “Nou Kamp” tam doldu. Amma nədənsə ajiotaj hiss olunmurdu. Bəlkə səhv edirəm, amma deyərdim ki, 90 mindən çox fanat Tofiq Bəhramovdakı 30 min azarkeşin səsini çıxara bilmirdi. Və bir daha əmin oldum ki, “Nou Kamp”da fanatlıq yox, sadəcə, tamaşa edirlər. Elə bir aura var idi ki, sanki kimsə ucadan qışqırsa, oyunun ritmi, ecazkarlığı pozulacaq. Azarkeşlər yalnız qoldan qola bir-iki dəqiqəlik “qoool” qışqırır, qalan vaxt isə, demək olar, hamısı şəkil və video çəkməklə məşğul olur. Nə yaxşı ki, azarkeşlər həmin gün bu qollardan 3-nü gördü. Azarkeşləri həmin gün məyus edən yeganə məqam hava oldu. İlk hissənin yarısında başlayan yağış, demək olar, sona kimi davam etdi. Amma bu tərəfdarların stadionu tərk etməsi ilə nəticələnmədi. 90 dəqiqənin tamamına kimi hamı öz yerində idi. Qarsiya dayı isə yağışı belə şərh etdi: “Yeni “Nou Kamp”ın üstü bağlı olacaq. Mən bura uşaqlıqdan gəlirəm, qarın, yağışın altında futbola baxmışam. İndi isə yeganə arzum yenilənmiş, üstüörtülü “Nou Kamp”da oturub, “Barselona”ya dəstək olmaqdı. Bunun üçün daha 5-6 il yaşasam, kifayət edər. Yaşayaram, mərcləşək?” (gülür) Ümid edirəm ki, Qarsiya dayı o vaxta kimi yaşayar, mən də Barselonaya səfər edərəm və söz verdiyim kimi, yenilənmiş “Nou Kamp”da ondan aldığım şərfi özünə bağışlayaram.
Nə vaxtsa bu sehirli aləmə qayıdacam!
Səfərimin sonuncu günü köşklərə ziyarətlə başladı. Madrid qəzetləri manşeti “Real”ın “Leqanes” üzərindəki qələbəsinə həsr etmişdisə, Barselonanın qəzet və jurnalları üz qabığında çempionluq uğrunda mübarizənin davam etdiyini yazmışdı. Küçədə, kafedə, parkda, demək olar ki, hər yerdə axşam baş tutan matç müzakirə olunur, hər kəs La Liqada şanslardan, Luis Enrikenin yerinə kimin gələcəyindən, Neymarın ayrılma ehtimalından danışırdı. Mən isə Barselona səyahətimi Ciutat Vella (Qədim şəhər), Eixample (Yeni şəhər), Qaudi parkı, Pikasso muzeyi, “Sagrada Familia” və sonda Manjuik dağı ilə yekunlaşdırdım. Yəqin ki, hamıya tanış olan bir ritual var. Səyahətin son günü dəniz kənarına gedirsən, sikkəni göyə atıb, şansını yoxlayırsan – bir də bu nağıla dönəcəksənmi? Bu bəlkə də turistlərin əməl etdiyi ilk ənənədi. Səyyah olmasam da, “Sant Miquel” çimərliyində qəpiyimi göyə atıb, şansımı yoxladım. Hələlik, Barselona. Amma nə vaxtsa bu sehirli aləmə qayıdacam...
ŞƏFİ ŞƏFİYEV, Barselona-Bakı
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 21:17 Təcrübəlilərdən Yaşar Vahabzadənin yekun siyahısına kimlər düşəcək? Dünən, 21:16 Klublar bonus nəzərdə tutmayıb Dünən, 21:15 AFFA-nın UEFA-dan qonaqları var Dünən, 21:14 Abdulbari Gözəlin açıqlaması azarkeşləri məyus edib Dünən, 21:12 “Trabzonspor”un baş məşqçisi “Qəbələ”nin futbolçusunu bəyənib Dünən, 21:00 Fərhad Məmmədov cüdoçulara qadağa qoyub Dünən, 20:59 Şəhriyar dünya çempionunu da diz çökdürdü Dünən, 20:58 Çempion kim olacaq: “Qarabağ”, yoxsa “Qəbələ”? Dünən, 20:56 PFL əvəzediciləri “Bakcell Arena”da mükafatlandıracaq Dünən, 20:55 “Neftçi” “Qəbələ”nin müdafiəçisinə göz dikib Dünən, 20:54 Namiq Məstanov Azərbaycan futbolunun xilas yolunu göstərdi Dünən, 20:50 “Gümüş” “Səbail”in, “bürünc” “Ağsu”nun oldu Dünən, 20:47 Kubokda sensasiya: “Araz”la “Ekol” mübarizəni dayandırdı Dünən, 20:46 U-17 Podqoritsada xala və qola həsrətdi Dünən, 20:37 Xaqani Məmmədovun finalı Ömər Paşayevə tapşırmaq istəyi narazılıq doğurub Dünən, 20:36 “Qəbələ” fanklublarını Naxçıvana aparacaq Dünən, 20:35 “Sumqayıt”da köklü dəyişikliklər olacaq Dünən, 20:33 “CBC Sport” 25 dəqiqəlik icmalla kifayətlənib Dünən, 19:59 Babək Quliyev Qazaxıstanda hakimlik edir Dünən, 19:57 Adı siyahıda olmayan sabiq prezident medal alıb Dünən, 19:56 AFFA Zaur Axundovu “İnter”in Müşahidə Şurasının sədri təyin etdi Dünən, 19:54 AMADA-nın binası istifadəyə verildi Dünən, 19:53 İslamiada xəbərləri Dünən, 19:51 Uesli Sonun anası da ölkəmizə gəlib Dünən, 19:46 Şəmkirlilər evdə qələbə qazandı Dünən, 19:45 “Mauqli” sükuta Türkiyədə son qoyacaq Dünən, 19:44 Millimiz Sloveniyaya yollandı Dünən, 19:42 AÇ üçün heyətlər açıqlandı 27-04-2017, 17:52 İslamiada xəbərləri 27-04-2017, 17:51 Şəhriyar liderliyini davam etdirir 27-04-2017, 17:49 Yaşar Vahabzadə yekun qərarını 29-dan sonraya saxladı 27-04-2017, 17:48 Misir Əbilovun komandası Mingəçevirdə qoçuluq edib 27-04-2017, 17:47 Şimali İrlandiya ilə “Tofiq Bəhramov”da qarşılaşacağıq 27-04-2017, 17:38 PFL “İnter”ə “Qarabağ” və “Qəbələ”dən az medal verdi 27-04-2017, 17:35 Premyer-liqanın bombardiri kim olacaq? 27-04-2017, 15:59 İlk oyunda məğlubiyyət 27-04-2017, 15:58 Mövsümün ən az qol vurulan turu 27-04-2017, 15:49 İlk altı çempionatla bağlı əcaib mənzərə 27-04-2017, 15:47 “Qəbələ” Tiflisdə 6-cı oldu 27-04-2017, 15:45 FİFA referiləri İslamiadada! 27-04-2017, 15:39 “Gümüş”lə “bürünc”ün taleyi qərbdə həll olunur 27-04-2017, 15:38 İntizam Komitəsi “Neftçi”nin məğlubiyyətini rəsmiləşdirdi 27-04-2017, 15:36 TURUN MƏŞQÇİSİ 27-04-2017, 15:35 TURUN SİTATI 27-04-2017, 15:33 TURUN OYUNÇUSU 27-04-2017, 15:32 HAKİMLƏRİN MÜHAKİMƏSİ 27-04-2017, 15:31 Xaqani Məmmədovun köməkçisi qovuldu 27-04-2017, 15:29 Maşallah Əhmədovla bağlı DGK-ya sorğu göndərilib 27-04-2017, 15:28 “İnter”lilər mayın 10-na qədər gözləyəcək 27-04-2017, 15:27 “Neftçi”yə yeni rəis gəlir 27-04-2017, 15:25 “Neftçi” rəhbərliyi məşqçilər korpusunu cərimələdi 27-04-2017, 15:23 “Forza Neftçi” qərarını verdi 27-04-2017, 15:20 Teymur Rəcəbov Olimpiadadakı uğursuzluqdan danışdı 27-04-2017, 15:18 Şəhriyar Məmmədyarov Rusiya klubuna keçib 27-04-2017, 15:16 Yunanıstana geniş heyətlə 27-04-2017, 15:12 Pevtsov iki pillə irəlilədi 27-04-2017, 15:11 Ən güclü boksçular müəyyənləşdi Bütün xəbərlər
Ən çox oxunanlar