Rüstəm Allahverdiyev: "Dedi ki, sonradan yadıma düşdü, onda da artıq gec idi"
Ötən sayımızda Emin Mahmudovun Rusiya mətbuatına müsahibəsini diqqətinizə çatdırmışdıq. Buna görə yarımmüdafiəçinin cəzalanacağı gözlənilir. Söhbət Eminin hansısa fikrinin paytaxt təmsilçisini pis vəziyyətdə qoymasından getmir. Sadəcə, "Neftçi"də belə bir qayda var ki, istənilən futbolçu açıqlama və ya müsahibə vermək üçün mütləq klubun mətbuat xidmətini məlumatlandırmalı, icazə aldıqdan sonra danışmalıdı. Fərq etmir, bu ölkə mediasıdı, yoxsa xarici.
Məsələylə bağlı "Neftçi"nin Media-Marketinq və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Rüstəm Allahverdiyevin fikirlərini öyrəndik: "Ümumiyyətlə, bizdə daxili kodeks var. Orda göstərilib ki, mediaya hansısa müsahibə və ya açıqlama verməmişdən öncə mütləq Media-Marketinq və İctimaiyyətlə Əlaqələr Departamentinə məlumat vermək lazımdı. Müqavilə ilə yanaşı, kodeksi də hər kəs imzalayır. Emin də son müsahibəsində bizim Departamentə məlumat verməyib. Bizdən də futbolçu ilə bağlı İdman Departamentinə müvafiq addımların atılması ilə bağlı müraciət gedib. Hazırda komanda oyuna hazırlaşır. Həmin məsələ ilə bağlı konkret qərarın verilib-verilmədiyindən xəbərim yoxdu. Ancaq yəqin ki, müəyyən tədbirlər görüləcək. Çünki burda hər bir futbolçu bununla bağlı məlumatlıdı. Əvvəlcədən xəbərdarlıq olunub. Kimsə qaydaya əməl etməyəndə, ona uyğun çıxarılan qərarı da normal qarşılayır. Emin özü dedi ki, müsahibəni götürən çox yaxın dostumdu. Gecə danışdım və sizə məlumat verməyi unutdum, sonradan yadıma düşdü, onda da artıq gec idi".
FARİZ