Aslan Şahgəldiyev: “Məcəllədə var, tələb olunur, adam da yazır”
AFFA İntizam Komitəsinin (İK) son iclasında klublara kəsilən cərimələr birmənalı qarşılanmadı. Xatırladaq ki, “Zirə” – “Sabah” oyununda (0:2) hər iki komandanın nümayəndəsi qarşılaşmanın protokolunu vaxtında təqdim etməməyin güdazına getdi. İK hər iki klubu 800 manat cərimələdi. “Qəbələ” - “Sumqayıt” oyununda hakimlər otağında lazımi invertarlar olmadığına görə meydan sahibləri 1600 manat “tərləyəcək”. Burda söhbət yardımçı hakimlər üçün ehtiyat bayraqların olmamasından gedir. “Qırmızı-qaralar” qərardan apellyasiya şikayəti verəcək. “Qarabağ” - “Neftçi” matçından öncə “köhlən atlar”ın fiziki hazırlıq üzrə məşqçisi, bolqar Mario Dobromirov hakimlərin otağına icazəsiz daxil olub ki, bu hərəkətin “qiyməti” də 1600 manat olub. Məsələ burasındadı ki, sadaladığımız cəzaların heç biri Əsasnaməyə zidd deyil. Sadəcə, əvvəllər belə məsələlərə daha loyal yanaşılırdı. Həmçinin cərimələrin məbləği də yetərincə böyükdü. Bayrağın olmamasına, məşqçinin vaxtı dəqiqləşdirmək istəməsinə belə cəza kəsilməsi istər-istəməz narazılıq doğurur.
Bütün bunlarla bağlı PFL-in Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şhagəldiyevin fikirlərini öyrəndik: “Təbii, mövsümdən öncə Əsasnamə təsdiq olunur. Həmçinin son dəyişikliklərlə bağlı klublara məlumat verilir. Bu da edilmişdi. Sadəcə, oyuna gedən AFFA nümayəndəsi xəbərdarlıq da edə bilər, yaxud da protokola qeyd edər. Buna görə heç kim ona irad tuta bilməz. AFFA nümayəndəsi də qeydlərinin olduğu protokolu həm təmsil etdiyi quruma, həm də İntizam Komitəsinə göndərir. Orda da hər hansı çatışmazlıq varsa, İK müvafiq qərar çıxarır. Budəfəki cəzalarda son yeniliklərlə bağlı nəsə yoxdu. Məsələn, protokol əvvəllər də start fitindən 75 dəqiqə öncə təqdim olunmalıydı. Sadəcə, “Zirə” – “Sabah” matçında iştirak ərizələrinin surəti çıxarılarkən texniki problem yaranıb, gecikmə olub. Ümumiyyətlə, 75 dəqiqə məsələsi UEFA-nın özündə də elədi. Orda sistem var, göstərilən vaxtda artıq bağlanır. Biz də hazırda AL və ÇL oyunlarında mövcud olan həmin sistem üzərində işləyirik. 75 dəqiqə tamam oldusa, artıq ora daxil olub, hansısa düzəliş etmək mümkün deyil. Bizdə hələ ki o sistemin kağız variantıdı. Qarşılaşmanın başlamasından 75 dəqiqə öncə protokol hakimə təqdim olunmalıdı, referi də onu bizim departamentə göndərir və biz də sayta yerləşdiririk. “Qəbələ”nin cəzasına gəlincə, hər şey AFFA nümayəndəsinin baxışından asılı olan məsələdi. Əvvəllər nümayəndə qeyd etməyib, cəzalandırılmayıb. İndi isə qeyd edib, cərimə kəsilib. PFL olaraq biz tərəfdən nəzarəti gücləndirməklə bağlı hər hansı göstəriş yoxdu. Əslində klublar nədənsə narazıdısa, Klublar Komitəsinin iclasında həmin məsələni müzakirə edə, yeni mövsümdən öncə ona baxıla bilər. AFFA nümayəndələri bizə tabe deyil və onlara deyə bilmərik ki, niyə yazmısan? Onların məcəlləsini bilmirəm. Ola bilər, yazmasa, özü cəzalana bilər. Cərimə məsələsinə gəlincə, İntizam Məcəlləsində konkret maddə göstərilir. Orda da “kənar şəxs daxil olarsa” qeyd olunub. Ola bilər, AFFA nümayəndəsi heç nəyi qeyd etməsin. Görər ki, hansısa məşqçi hakimlərə təzyiq etmir, sadəcə, söz soruşub gedir – bundan heç nə yazmaz. Yaxud da nümayəndə maddədə olduğu kimi - kimsə qapını açdısa, protokola qeyd edər. Buna görə komitə ona hansısa irad tuta bilməz. Konkret bu məsələ AFFA nümayəndəsinin ixtiyarında olan bir şeydi. AL və ÇL oyunlarında da görürük ki, bəzən nümayəndə hər xırda şeyə görə cərimə yazır. Bəziləri isə xəbərdarlıq edir, maarifləndirir ki, gələn dəfə buna yol verməyin. Ancaq biz hansısa müdaxilə edə bilmərik. Məcəllədə var, tələb olunur, adam da yazır. Həmin oyunun ağası odu. Məcəllədən kənara çıxsa, şər atsa, yalan yazsa, o başqa məsələdi, özü cəzalanacaq. Ola bilsin, AFFA nümayəndələrinin işində belə bir qayda var ki, qeyd etməsən, cəzalanacaqsan. Burda artıq “səni çox istəyirəm, amma özümü səndən də çox istəyirəm” söhbəti yaranır. Yəqin ki, müəyyən turlardan sonra hər şey yoluna düşəcək. Qış fasiləsindən sonra ilk tur idi. Belə şeylər olur. Sadəcə, klublar onları narahat edən məsələləri Klublar Komitəsində müzakirə edib, təkliflərini, fikirlərini deyə bilərlər. Açıqlamaq istəmirəm, ancaq bizim də klubların işini yüngülləşdirmək üçün müəyyən təkliflərimiz olacaq”.
FARİZ