10 fev 13:09olke

“FC Baku” “Uğur”un uğurlu seriyasını qırdı

“FC Baku” “Uğur”un uğurlu seriyasını qırdı
Qəzənfər Abbasov: “Nədənsə bizə himayədarlıq etmək istəyən yoxdu”
Dünən Sumqayıtda Region Liqasında çempionluğa iddialı iki komanda üz-üzə gəldi. Ötən mövsümün çempionu “Uğur” cari mövsümdə liqada debüt edən, ancaq özünü heç də debütant kimi aparmayan “FC Baku”nu qonaq edirdi. Xatırladaq ki, bu oyundan əvvəl sumqayıtlılar Şimal və paytaxt zonasında lider idisə, qonaqlar ikinci pillədə qərarlaşmışdı. Onu da qeyd edək ki, hər iki komandanın heyətində vaxtilə elitada və birinci divizionda çıxış etmiş yetərincə tanınmış futbolçular olduğundan “gənclik şəhəri”ndə qarşılaşmaya maraq böyük idi. Mehdi Hüseynzadə adına stadionun tribunalarına təxminən 300-ə yaxaın azarkeş toplaşmışdı ki, bəzən premyer-liqa komandaları arasında keçirilən çempionat görüşlərində bu qədər futbolsevər görmək mümkün deyil.
Qaşılaşma meydan sahiblərinin hücumları ilə başladı. Heyət baxımından paytaxt təmsilçisi meydan sahiblərindən üstün görünsələr də, Qəzənfər Abbasovun yetirmələri daha sürətli oyun nümayiş etdirərək, rəqibi öz qapısına doğru sıxışdırmağı bacarmışdı. Lakin onların ərazi üstünlüyü o qədər də çox çəkmədi. 20-ci dəqiqədən etibarən Cavid Rəhimovun baş məşqçi olduğu kollektiv oyunu bərabərləşdirməyi bacardı. Hücumun sivri ucunda Sabir Allahquliyev yer aldığından qonaqlar daha çox hava ötürmələrinə üstünlük verirdilər ki, bu da başadüşülən idi. Çimərlik futbolu üzrə yığmanın da şərəfini qoruyan forvard “ikinci mərtəbə”də inamlı oyunu ilə istər premyer-liqada, istərsə də birinci divizionda top qovduğu dönəmdə az fərqlənməyib. Ancaq “Uğur”un müdafiəçiləri bu dəfə Allahquliyevə başla rahat oynamağa imkan vermirdilər. Hər dəfə “qırmızı-qaralar”ın cərimə meydançasına asma ediləndə “9 nömrə”nin yanında meydan sahiblərinin azı iki müdafiəçisi olurdu ki, bu da hücumçunun qapıya dəqiq zərbə endirməsinə mane olurdu. İlk hissənin sonlarına yaxın artıq hər kəs komandaların paltardəyişmə otağına qolsuz yollanacağını düşünürdü ki, 45-ci dəqiqədə ehtimallar alt-üst oldu. “FC Baku”nun qış fasiləsi zamanı heyətinə qatdığı Murad Səttarlı sürətli reyd edib cərimə meydançasına daxil olmuşdu ki, yerdə qaldı. Qarşılaşmanın baş hakimi Ziya Nəsirov isə çox düşünmədən penalti nöqtəsini göstərdi. Həmin an Səttarlının xətdən kənarda yıxıldığını düşünən “Uğur”un oyunçuları hakimə nə qədər etiraz etsələr də, xeyri olmadı və referi qərarını dəyişmədi. Topun arxasına keçən Allahquliyev isə qışa qədər formasını geydiyi komandanı məyus etdi. Sabir, fərqlənməsinə baxmayaraq, sevinmədi. Səbəb isə onun sumqayıtlı olması idi. Qapısında qol görən “qırmızı-qaralar” bu azmış kimi, hakim tərəfindən ikinci dəfə cəzalandı. Passivində sarı vərəqə olan Kənan Məmmədov penaltiyə görə baş hakimə etirazına görə qarşısında ikinci “sarı”nı gördü ki, bu da artıq “Uğur”un azlıqda qalması demək idi.
Fasilə ərəfəsində qapısında qol görən, futbolçusu meydanda qovulan sumqayıtlıların dönüş edəcəyi o qədər də inandırıcı görünmürdü. Lakin gözləntilərin əksinə, ikinci yarıya Qəzənfər bəyin komandası daha fəal başladı. Sanki “Uğur” yox, “FC Baku” meydanda 10 nəfərlə mübarizə aparırdı. Azarkeşlərin güclü dəstəyi altında irəli atılan meydan sahibləri ard-arda rəqibin qapısı önündə təhlükəli vəziyyətlər yaratsalar da, Tərlan Qasımazədni məyus edə bilmirdilər. Meydan sahiblərinin güclü təzyiqi cəmi 15 dəqiqə davam etdi. Fiziki cəhətdən yorulan “Uğur” arzuladığı qolu vura bilməyincə, paytaxt komandası bundan istifadə edib ikinci topu Samir Quliyevin qoruduğu qapıdan keçirdilər. 64-cü dəqiqədə Murad Səttarlı başla dəqiq oynadı. Bu qol meydan sahiblərini tam həvəsdən saldı. “Qırmızı-qaralar”ın heyətində “Xəzər Lənkəran”, “İnter”, “Sumqayıt” kimi klubların şərəfini qorumuş Ruslan Poladov komanda yoldaşlarını irəli aparmaq üçün çox çalışsa da, alınmadı. Əksinə, qalan dəqiqələrdə qonaqlar daha bir neçə dəfə qol vurmağa yaxın oldu. Bu yerdə bildirək ki, qonaqların heyətində Vüqar Nadirov hesab arasındakı fərq iki topa çatdıqdan sonra meydana çıxdı və heç də özünü yaxşı tərəfdən göstərə bilmədi. Yığmanın sabiq forvardı bir neçə dəfə yaxın və uzaq məsafədən qapıya zərbə endirsə də, “çərçivə”yə düşmədi. “Uğur” isə böyük hesabla məğlub olmadığına görə öz qolkiperinə minnətdar olmalıdı. “Sumqayıt” Futbol Akademiyasının yetirməsi olan Quliyev azı üç dəfə komandasını real qoldan xilas etməklə azarkeşlərin alqışını qazandı. Hakimin əsas vaxt əlavə etdiyi 5 dəqiqədə də qapılarda qol olmadığından matç qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatdı. Xatırladaq ki, Region Liqasının ilk çempionu olan “Uğur” liqada çıxış etdiyi dönəmdə ilk məğlubiyyətə üzüldü.
Qarşılaşmadan sonra Sumqayıt təmsilçisinin baş məşqçisi Qəzənfər Abbasova yaxınlaşıb, oyunla bağlı fikirlərini öyrəndik.
- Əvvəlcə oyunla bağlı fikirlərinizi bölüşməyinizi istərdik.
- Rəqibin gücünə bələd idik. Matçdan öncə “FC Baku”nun iştirakı ilə baş tutan bir neçə oyunun videoyazısını izləyib müəyyən təhlillər aparmışdıq. Qarşılaşmaya pis başlamadıq. İlk yarının əvvəllərində fərqlənmək üçün bir neçə imkanımız da oldu. Təəssüf ki, yaxaladığımız qol vəziyyətlərini dəyərləndirə bilmədik. Mənim əsas narazılığım hakimliklə bağlıdı. Belə qarşılaşmalara Ziya Nəsirov kimi referiləri göndərmək düzgün deyil. Bəlkə AFFA-da əyləşənlər elə hesab edirlər ki, liqa həvəskar status daşıdığından oyun idarə etmək üçün kimi gəldi bura göndərmək olar. Ancaq belə deyil. Özünüz də gördüz ki, tribunaya heç də az tamaşaçı toplaşmamışdı. Premyer-liqanın bəzi görüşlərində heç bu qədər azarkeş olmur. Oyunun qırılma nöqtəsi ilk yarının son dəqiqələrində qapımıza təyin olunan penalti və futbolçumuzun meydandan qovulması oldu. Həmin an Səttarlıya qarşı heç bir kobudluq olmamışdı. Adi oyun vəziyyəti idi. Sadəcə, Nəsirov Muradın artistcəsinə yıxılmasına aldandı. Meydandan qovulan futbolçumuz isə hakimi təhqir etməmişdi. Kənan öz-özünə deyinirdi. Baş hakim isə bunu özünə təhqir kimi qəbul edib ikinci sarı vərəqəni göstərdi. Matç başa çatandan sonra kapitanımız ona yaxınlaşıb Kənanın onu söymədiyini bildirəndə, bilirsiz, o nə cavab verib? Deyib ki, söyməyib. Ancaq protokola yazacam ki, təhqirə yol verdi və buna görə də qovuldu. Bu qədər azarkeşin qarşısında belə oyuna kölgə salmaq ona başucalığı gətirməyəcək. Ümumiyyətlə, Ziya hansı oyuna təyinat alırsa, orda mütləq narazılıq olmalıdı. İlk dövrədə baş tutan “FC Baku” – “Şahdağ” matçını, yəqin ki, xatırlayırsız. Həmin oyunda da onun yarıtmaz idarəçiliyi gərginliyə səbəb olmuşdu. Olmayan penaltini təyin etməklə uşaqları psixoloji cəhətdən sındırdı. Belə güclü rəqibə qarşı isə 10 nəfərlə mübarizə aparmaq çətin idi.
- “Uğur” Region Liqasında çıxış etməyə başlayandan ilk dəfə məğlubiyyətlə üzləşdi. Yəqin ki, bu fakta görə də çox üzüldüz.
- Tək Region Liqasında çıxış etdiyimiz dönəmi nəzərə almayın. Ondan əvvəl həvəskarlar liqasında da mövsümü məğlubiyyətsiz başa vurmuşduq. Təbii ki, həm uduzmağımıza, həm də uğurlu seriyanın qırılmasına məyus oldum. Oyundan əvvəl futbolçularıma bu haqda məlumat vermişdim. Bəlkə də Avropada belə uğurlu statistikaya malik ikinci belə komanda yox idi. “Uğur”un uğurlu seriyasını bəlkə də başqa yolla qırmaq mümkün olmazdı. Ziya Nəsirov isə hər vasitə ilə çalışdı ki, bunu etsin. Matça damğasını məhz hakim vurdu.
- Ötən mövsüm çempion olsaz da, maliyyə çatışmazlığı səbəbindən birinci diviziona yüksələ bilmədiz. Bu il vəziyyət necədi?
- Heç nə dəyişməyib. Komandanı yenə şəxsi vəsaitimiz hesabına saxlayırıq. Kənardan heç bir kömək yoxdu. Bəzən deyirlər ki, uğur qazanan komanda iş adamlarının diqqətini cəlb edir, ona sponsorluq etmək istəyənlərin sayı artır. Ancaq nədənsə bizə himayədarlıq etmək istəyən yoxdu. Biz demirik ki, hansısa şirkət komandanın əsas sponsoru olsun. Heç olmasa, əməkdaşlıq etsinlər, hansısa xərcimizi qarşılasınlar. Belə olsa, biz də nəyəsə ümid edə bilərik.
- Cari mövsüm hələ başa çatmadığından builki xərcləri, təbii ki, deyə bilməyəcəksiz. Ötən mövsüm “Uğur”un ümumi xərcləri nə qədər olub?
- Təxminən 80 min manat. Bu il isə bu rəqəm daha çox olacaq. Çünki ötən mövsümdən fərqli, bu dəfə əməkhaqqı fondumuz artıb.
- Sirr deyilsə, komandada orta aylıq maaş nə qədərdi?
- 150 manat civarındadı. Ancaq mükafatı da nəzərə almaq lazımdı. Bundan başqa, səfər xərclərini də qeyd edə bilərəm. Odu ki, Region Liqasında çıxış etməyimizə baxmayaraq, divizion klublarından heç də az vəsait xərcləmirik.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 19:33 Liderlər üçün asan gəzinti Dünən, 19:32 “Kəpəz”in yubileyinə aid film təqdim olundu Dünən, 19:30 Mitreski “Neftçi”dəki ən yaddaqalan oyununu xatırladı Dünən, 19:28 Zaqreb sınağı: bir ay əvvəlin düşüncələri Dünən, 19:27 Ramil Şeydayev Yurçeviçi tanımır Dünən, 19:25 “El Klasiko” “İdman Azərbaycan”da Dünən, 19:17 Riad Rəfiyev yeni transferləri yararsız saymır Dünən, 19:15 “Sumqayıt” rəhbərliyi məşqçilərlə görüş keçirəcək Dünən, 19:12 Elvin Məmmədov “qara zolaq”dan çıxmaq üçün bir qələbənin kifayət edəcəyini düşünür Dünən, 19:09 Sərxan Hacıyev Budapeştdədi Dünən, 19:07 “İspan mətbəxinə öyrəşmək asan olmadı və 4-5 futbolçumuz xəstələndi” Dünən, 19:06 Ölkə futbolunda rüsvayçılıq davam edir Dünən, 19:05 “Neftçi” qeyri-adi cəzanı əsaslı sayır Dünən, 19:03 Təmkin Xəlilzadə duyğulan(dır)dı Dünən, 19:02 Lider dəyişəcəkmi? Dünən, 18:59 Zal dəyişdi, canlı yayın olmayacaq Dünən, 18:52 İlk dueli türklər qazandı Dünən, 18:50 Emil oynadı, “Tobol” qələbə qazandı Dünən, 18:47 “Elə cavab verərəm, siz də qəzetə yazarsız, sonra ...” Dünən, 18:44 Delarj durumundan məmnundu Dünən, 18:43 Dördüncü “Media turniri” başlayır Dünən, 18:41 Qurban Qurbanov İnzaqi ilə Donadonidən öndə 20-02-2019, 17:45 “FC Baku” və “Şahdağ” rəqiblərinə “5” verdi 20-02-2019, 17:43 U-19-un üzvləri “qırmızı”nı qabartdı 20-02-2019, 17:41 Nikola Yurçeviç Xorvatiyaya qayıdıb 20-02-2019, 17:40 İntizam Komitəsi “Səbail”i cərimələməlidi 20-02-2019, 17:37 Yığmamız Litvanı sınağa çəkəcək 20-02-2019, 16:40 “Sumqayıt”: 70 illiyə 7-ci yerdə?! 20-02-2019, 16:39 Tural rəsmən “Dauqavpils”də 20-02-2019, 16:36 Bu ruh nə ruhdu belə... 20-02-2019, 16:24 Turun statistikası 20-02-2019, 16:21 Turun məşqçisi 20-02-2019, 16:06 Hakimlərin mühakiməsi 20-02-2019, 16:03 Turun oyunçusu 20-02-2019, 16:02 Turun sitatı 20-02-2019, 15:56 Məhsuldarlıq rekordu 20-02-2019, 15:49 Kubokun son qalibindən açılışda səssizlik, ertəsi darmadağın 20-02-2019, 15:45 Əliyar Ağayev VAR-da sınanacaq 20-02-2019, 15:43 Turdan məqamlar 20-02-2019, 15:40 Ozancanla Renat “yatdı”, Pavel sonradan “ayıldı” 19-02-2019, 14:24 Həftənin idman proqramı 19-02-2019, 14:15 “Real”ın kapitanını dəstəkləyən də oldu, pisləyən də 19-02-2019, 14:13 BOS-un media tribunasında əsaslı yeniliklər olacaq 19-02-2019, 14:12 Yığma şotlandlardan "2 aldı" 19-02-2019, 14:11 Möhtəşəm oyuna 99 gün qaldı! 19-02-2019, 13:47 "Qarabağ" fərqi minimuma endirdi 19-02-2019, 13:46 “Səbail” Akpovetanın keçidini elan etdi 19-02-2019, 13:44 Çempion fərqi: 22 oyun, 22 qələbə! 19-02-2019, 13:43 “Gilavar”ın 1 yaşı tamam oldu 19-02-2019, 13:40 Murad Moldovada baxışdadı 19-02-2019, 13:38 “CBC Sport” niyə diviziondan uzaq gəzir? 19-02-2019, 13:37 “Qarabağ”a 45 dəqiqə bəs etdi 19-02-2019, 13:11 “Tələbələr” Bayıldakı imtahandan “kəsildi” 19-02-2019, 13:06 Eddidən başqa 90 dəqiqə oynayan yoxdu! 19-02-2019, 13:05 Uğursuzların duelində “Keşlə” sevindi 19-02-2019, 12:55 “Sumqayıt” “Zenit”in yetirməsi ilə anlaşdı 19-02-2019, 12:54 U-19 minimal hesabla yenildi Bütün xəbərlər
Ən çox oxunanlar