Anar Məmmədov: “Bəziləri üçün mini-futbol nostalgiyadı”
Bu mövsüm “Araz”ın qapıçılar sarıdan işləri yolunda getmir. Baxmayaraq ki, Naxçıvan təmsilçisi millidə də “1 nömrə” olan Rövşən Hüseynliyə, eləcə də yayda kuboka sahib çıxan “Marafon”dan transfer etdiyi Kamran Hacıyevə sahibdi. Əvvəla, Kamran oktyabrda Macarıstanda təşkil olunan Çempionlar Liqasında yeni komandasının yanında ola bilmədi. Daha doğrusu, onu ÇL üçün sifariş etmək mümkün olmadı. Həmin ərəfədə Hacıyevin sənəd problemi var idi və AFFA-nın da işə qarışmasına baxmayaraq, qapıçıya xarici pasport almaq müşkülə çevrildi. Belədə “Araz” ehtiyat qapıçı kimi “Ekol”dan icarəyə götürdüyü Emil Kürdovu sifariş etməli olmuşdu. Yüksək liqada isə bu mövsümün gedişində həm Hüseynli, həm də Hacıyev intizamsızlığı ilə diqqəti çəkdi. Hətta elə şərait yarandı ki, “Araz”ın qapısını kapitan Rizvan Fərzəliyev qorumalı oldu.
Kim bilir, bəlkə də naxçıvanlıları Anar Məmmədovun “ahı tutub”. “Araz”ın məşqçiləri yığma perspektivini nəzərə alıb birmənalı olaraq, Rövşənə güvəndikləri üçün komandada rəqabət mühiti pozuldu və belədə Anar “paslandı”. Nəticədə qeyd etdiyimiz kimi, Anar yayda komandanı tərk etməli oldu. Onun sorağını mini-futboldan almışıq. Axtarıb tapdıq və bizi maraqlandıran suallara cavab aldıq. Biləndə ki, Anar legionerlərə ətək-ətək pul xərcləyən “Araz”da vaxtilə aldığı maaşdan çox qazanır, siz də təəccüblənəcəksiz.
- “Araz”da bir neçə il çıxış etsən də, kölgədə qaldığın üçün çoxları səni yaxşı tanımır. İlk olaraq, futzala gəlişin necə olub, bu barədə məlumat verərdin. Yəni özünü oxucularımıza tanıtmağını istərdik.
- 1988-cı ildə Bakıda anadan olmuşam. Uşaq vaxtlarımda məhəllə futbolunun ulduzlarından olmuşam (gülür). Əksər oyundaşlarım kimi, mən də əvvəlcə futbola getmişəm. Bu idman növünün sirrlərinə RİOEUGİM-də yiyələnməyə başlamışam, rəhmətlik Elxan müəllimin komandasında. Sonra isə MOİK-də, “Neftçi”də, “Bakı”da oynamışam. Əsgərlik xidmətindən qayıtdıqdan sonra özümü futzalda sınamaq qərarıma gəldim. Çünki artıq böyük futbolda limit tətbiq etməyə başlamışdılar. Futzalda ilk komandam ikinci liqada çıxış edən “Admiral” olub. Oynadığım komandaları sadalamaqla bəlkə də oxucularınızın çox vaxtını aldım. Sonrakı illərdə “Xəzər adaları” və “Neftçi”də də çıxış etmişəm. Ən son klubum isə, bildiyiniz kimi, “Araz” olub. O komanda hər zaman qəlbimdədi. İnşallah, bir gün Allah mənə o komandada əsas heyət üzvü kimi Çempionlar Liqasında oynamağı nəsib edəcək. Buna layiq olmağım üçün - baxmayaraq ki, artiq 30 yaşım var - hələ də həvəslə və səylə çalışıram. Bir gün belə inamımı itirmirəm.
- Bildiyimizə görə, "Araz"dan ayrılandan sonra mini-futbola üz tutmusan.
- Bəli, hazırda ölkənin bir nömrəli maraqlı yarışı olan Alfa Mini-Futbol Liqasında mübarizə aparan “Altay” komandasında oynayıram. Yanvarda o turnirdə də fasilədi. Hazırda bütün iştirakçılar ikinci dövrəyə hazırlaşır, transferlər həyata keçirir. Mən də təkliflərə açığam (gülür). Şükür, birinci dövrəni yaxşı keçirdik. Hətta ilk dövrəni ilk “üçlük”də başa vurmağımız çoxları üçün surpiriz oldu. Qışdan sonra da “sükan”ı belə saxlamalıyıq.
- Yayda digər futzal klublarından təklif olmadı?
- Yayda yox, indi var. Amma adlarını açıqlamaq istəmirəm. Bu, xidmətimdə maraqlı olan klub rəsmilərinin xoşuna gəlməyə bilər.
- Böyük futbola dönmək üçün gecdi?
- Qeyd etdiyim kimi, futzala böyük futboldan gəlmişəm. Bir-iki aylıq bərpa məşqlərindən sonra uyğunlaşıb oynamaq olar. Amma bu məndə nə qədər alınar, deyə bilmərəm.
- Niyə mini-futbola axın daha çoxdu? Futzala axının olmaması sırf maliyyə şərtlərinin əlverişli olmaması ilə bağlıdı?
- Yəqin ilk növbədə maddiyyatla bağlıdı. Ancaq bəziləri üçün mini-futbol nostalgiyadı. Çünki bu idman növü böyük futbola daha yaxındı. Qaydalar, demək olar, eynidi. Yalnız meydanın ölçüsündə fərq var. Nisbətən yaşlı futbolçular üçün mini-futbol daha əlverişlidi, temp uyğundu. Futzal isə fərqlidi.
- Maddiyyata toxundun, məsələn, sən indi "Araz"dakından çox qazanırsan?
- Təbii ki. Qazancım “Araz”da oynadığım müddətdə aldığım maaşın (yeri gəlmişkən, Anar Məmmədov “Araz”da ayda 700 manat alırdı - M.) ən azı iki misli qədərdi.
- "Araz"da keçirdiyin bir neçə ili itirilmiş hesab etmirsən?
- Bu sualı mənə yox, dostlarıma, mənimlə futbol oynamış və hazırda komanda yoldaşım olan oyunçulara versəz, onlar itirilmiş hesab edəcəklər. Çünki bunu mənə dəfələrlə bildiriblər. Buna baxmayaraq, mən yenə “Araz”da oynamağı arzulayıram.
- Sabiq klubun sənin əvəzinə Kamranı götürdü komandaya. Səncə, bu, doğru seçim idi?
- Klub başbilənlərinin seçiminin doğru olub-olmadığını müzakirə etmək mənə yaraşmaz. Mənim işim futbol oynamaqdı və daim istəmişəm oyunumla diqqət mərkəzində olum. Yıxılanda da ayağa qalxmağı öyrənmişəm və düşünmüşəm ki, hamı səhv edə bilər, elə mən özüm də. Kamran da güclü qapıçıdı. Ona “Araz”dakı karyerasında uğur diləyirəm.
- Ümumiyyətlə, sabiq komandanın çıxışını necə dəyərləndirirsən? Qış fasiləsinə lider yollana bilmədilər.
- Düzünü desəm, bu mövsüm futzal üzrə yüksək liqa daha dramatik və həyəcanlıdi. Bu da əbəs deyil. “Araz” rəsmiləri yerli futzalçılara üstünlük verib və düşünürəm ki, bu bir şansdı. Yerli futzalçılar, o cümlədən “Araz”ın rəqibləri bundan maksimum istifadə etməlidi.
- Səncə, bu mövsüm yeni çempion görə biləcəyik? Favoritin kimdi?
- Favoritim güclü və futzal adına gözəllik gətirən komandadı. Bütün komandalarda dostlarım, qardaşlarım var. Qoy, güclü olan qalib gəlsin! Hər kəsə arzum budu ki, Allah onları zədədən qorusun.
MİRAĞA