Vaqif Davudov: “AFFA və MOK-dan da eyni münasibəti umuram”
Bakı Kəndlər Futbol Federasiyasının kənd və qəsəbələrin həvəskarlar komandaları arasında keçirdiyi ənənəvi – 17-ci payız-yaz birinciliyi start götürüb. Yarışın açılış turu 7 komandanın iştirakı ilə başlayıb. “Mübariz” sənədləri təşkilatçılara vaxtında təqdim etmədiyinə görə oyuna buraxılmayıb. Çox güman, Binəqədi təmsilçisinin əvəzinə çempionata başqa komanda cəlb olunacaq.
Baş tutan qarşılaşmalara gəlincə, dekabrın 22-də Binə qəsəbə stadionunda əvvəlcə “Qardaşlar” ilə “Buzovna-2012” münasibətləri aydınlaşdırıb və birincilər inamlı qələbə qazanıb – 8:2. Ertəsi “Hövsan” “Azəri”ni 3:1 hesabı ilə üstələyib. Həmin gün “Qobustan”ı sınağa çəkən “Hunters” isə rəqibini 2 cavabsız qolla yenib.
İkinci tur həftəsonu keçiriləcək. Şənbə günü baş tutacaq yeganə oyunda “Hunters” “Müşfiq”lə münasibətlərinə aydınlıq gətirəcək. Bazar günü əvvəlcə “Hövsan – Qardaşlar”, ardınca Qobustan derbisi - “Qobustan” – “Azəri” görüşü baş tutacaq.
Bu arada BKFF-nin prezidenti Vaqif Davudov Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən mükafatlandırılıb, fəxri diplomla təltif edilib. Buna görə AGİN-ə minnətdarlığını bildirən Vaqif bəy eyni diqqəti AFFA və MOK-dan da gözləyir: “Bu il rəhbərlik etdiyim Bakı Kəndlər Futbol Federasiyasının 20 illik yubileyidi. 20 ildi Bakının kənd və qəsəbələrində təmənnasız yarışlar keçirirəm. Ötən həftə Gənclər və İdman Baş İdarəsinə dəvət olundum və diplom aldım. Bu münasibəti görəndə adam bir qədər də həvəslənir. AFFA və Milli Olimpiya Komitəsi tərəfindən də eyni addımı gözləyirəm. Ancaq nədənsə yubanırlar. 2018-ci ildə mənə ikinci vəzifə də tapşırıldı. Cahangir Həsənzadənin rəhbərlik etdiyi kütləvi futbolla məşğul olan departamentlə əməkdaşlıq edirəm. Departament paytaxtın kənd və qəsəbələri üzrə yarışların təşkilini mənə tapşırıb. Həsənzadə ilə işləmək çox rahatdı, çünki futbol adamıdı. Ona da mənimlə rahatdı, bunu özü deyib. Birlikdə həvəskarlar arasında birincilik təşkil edirik, kifayət qədər komanda qatılıb bu yarışa. BKFF-nin keçirdiyi payız-yaz birinciliyinə isə 7 komanda ilə başladıq. “Mübariz” sənədləri təqdim etmədiyi üçün yarışa buraxılmadı. Qarşıdakı günlərdə 8-ci iştirakçını da cəlb etməyə çalışacağıq. Çempionatı təmənnasız keçirsək də, bizdə intizam ön plandadı. Ölkədə təşkil olunan digər kommersiya turnirlərindən fərqli, bizdə təhlükəsizlik məsələsinə həmişə əməl olunub. Futbolçu meydana çıxanda arxayın olmalıdı ki, tribunadan ona xoşagəlməz təzyiq olmayacaq, dava-dalaşdan qorunacaq. Oyunlarımızda həmişə polis olub. Eləcə də tibbi personal cəlb edirik, “təcili tibbi yardım” maşını yarış ərzində stadionda növbə çəkir. Mükafatları hər il AGİN ayırır. Hakimlər və stadion təminatında isə AFFA dəstək olur. Elxan müəllim (baş katib Elxan Məmmədovu nəzərdə tutur - M.) sağ olsun, qayğılarımıza həssas yanaşır. Nədənsə 20 illik yubileyimizdə diplom verməyi yaddan çıxarıb. Mən işimi, özümü reklam etmirəm. Allaha şükür, necə vicdanla işlədiyimi, Azərbaycan futboluna xidmət etdiyimi görən görür, qiymət verir. Ölkə başçısı İlham Əliyev məhz futboldakı xidmətlərimə görə məni mükafatlandırdı, ad verdi. AFFA ilə uzun illərdi əməkdaşlıq edirik. İndiki rəhbərliklə 10 ildi işləyirik”.
MİRAĞA