“Dedim, onlardan aldığım pulun 5 min manatını sizə verirəm, buraxın, gedim”
Ölkə kubokunun 1/8 final mərhələsində cəmi 4 oyun baş tutdu ki, elita təmsilçiləri birinci divizion komandalarına şans yeri qoymadı. Səfərdən çıxış edən elita iştirakçıları bütün qarşılaşmalarda darmadağına imza atmaqla yadda qaldı. “Sabah” Ağsu səfərindən 3, “Səbail” 4 cavabsız qolla qayıtdısa, Bakıdakı görüşlərdə “Sumqayıt” “Qaradağ Lökbatan”a yerini göstərdi – 4:0. “Keşlə” isə “Şüvəlan”ı üstələdi (3:0).
İnsaf naminə, aralarında nisbətən gərginliyi ilə seçilən və yekun nəticəsi maraqla gözlənilən sonuncu qarşılaşma idi. “Keşlə”nin premyer-liqanın autsayderi olması, “Şüvəlan”ın isə “qızıl”a həvəs göstərməsi intriqadan xəbər verirdi. Düzdü, şüvəlanlılar ilk 45 dəqiqədə qapısında qol görmədi. Di gəl, ikinci yarıda buraxdıqları 3 qola görə meydanı başıaşağı tərk etdilər. Bu oyunda “Şüvəlan” təcrübəlilərinə daha çox bel bağlayırdı. Lakin Nodar Məmmədov, Rəhman Musayev və Akif Tağıyevin heç biri komandasını məğlubiyyətdən xilas edə bilmədi.
Birinci divizionda üç fərqli komandayla – “Abşeron”, “Qaradağ Lökbatan” və “Turan Tovuz”la çempion olan, iki dəfə birinci divizonun və əvəzedicilərin ən sərrast oyunçusu adına yiyələnən, “Qəbələ” ilə AZAL-ın heyətində premyer-liqa həyəcanı yaşayan Rəhmanla söhbətə kubok mübarizəsindən başlayıb alınmayan legioner karyerası ilə bağlı sualla bitirdik.
- “Keşlə”ylə oyunun ilk hissəsində rəqibə müqavimət göstərməyi bacardız. Fasilədən sonra nə oldu?
- Birinci yarıda rəqiblə layiqincə mübarizə aparıb, qapımızda qol görməməyə çalışdıq. Deyərdim ki, planlarımız baş tutdu, düşündüklərimizi ortaya qoya bilirdik. Amma ikinci hissənin əvvəlində öz qapımıza vurulan qol və sol cinah müdafiəçimizin zədələnib meydanı yarımçıq tərk etməsi matçın axarlna öz təsirini göstərdi. Birinci qoldan sonra özümüzə gəlməmiş penaltidən növbəti qolu buraxdıq. Amma yenə də qollarımızı yana salmaq fikrində deyildik. Rəqib hər nə qədər güclü olsa, heyətində legionerlər oynasa da, nəsə etməyə çalışırdıq. Lakin son dəqiqələrdə növbəti topu qapımızda gördük. Yalandan deyim ki, məğlubiyyətə layiq deyildik, bu oyunu biz udmalıydıq, düzgün olmaz. Fakt faktlığında qalır, “Keşlə” ustalıq səviyyəsi baxımından bizi üstələdi.
- Aşağı dəstə təmsilçiləri 4 oyunun heç birində rəqib qapılarına yol tapa bilmədi. Top fərqindəki göstərici isə 14-0-dı. Arada bu qədərmi səviyyə fərqi var?
- Bəli, var. Bunu mən deməsəm də, kənardan baxanlar, görənlər bilir, deyir. İki il əvvəl birinci divizionda limit “8+3” idi. Yəni 8 yaşlı futbolçunun oynamasına imkan var idi. “Zirə” də həmin mövsüm avrokuboklara vəsiqə üçün mübarizə aparırdı və sonda Aroliqaya yollanmışdı. Təsəvvür edin, Tovuzda “Zirə” bizi məğlub edə bilmirdi. Oyunboyu başa-baş mübarizə getdi. Yalnız 88-ci dəqiqədə vurduqları qol hesabına 1/4-ə vəsiqəni təmin etdilər. Onda oynamaq daha rahat idi, uduzsaq da, sona qədər boy verirdik.
- Limitin təsiridi?
- Əlbəttə. Bunu hamı bilir. Bir var, elita komandasına qarşı start heyətində 8 təcrübəli futbolçu meydana çıxır, bir də var 4. Görün nə qədər fərq var. Qapını toxunulmaz saxlamaq üçün xüsusən təcrübəli müdafiəçi və qapıçıya ehtiyac var. Vaxt var idi bir dövrəyə 15 qol vururdum, indi hesabımda cəmi 4 top var. Limitə görə qalmışıq belə.
- 1/8 finalda Region Liqasının təmsilçiləri ilə qarşılaşmaq daha məqsədəuyğun olmazdı? Və ya 1/16-də...
- Dediyiniz variant da yaxşıdı. Məncə, maraqlı olardı. Çünki Region Liqasında da kifayət qədər iddialı komandalar var. Hansı ki, heyətində son mövsümü elitada keçirən futbolçular cəmləşib. Amma bu bizim həll edə biləcəyimiz məsələ deyil. Nə deyirlər, onu da edirik. Limit olmasaydı, sizi inandırım, “Keşlə”ylə dirəşmək olardı. Təsəvvür edin, bu oyunda 4 futbolçu yaşı 20-yə qədər olanlar idi.
- Limit tətbiq olundu, bu qədər gənclərə şans verilir, ancaq U-21 ilə U-19-un heyətində “Qaradağ Lökbatan”da, “Ağsu” və ya “Kəpəz”də çıxış edənlərə rast gəlmirik. İnkişaf adına heç nə yoxdu.
- Məcbur limit tətbiq etməklə inkişaf ola bilməz. Demirəm limit olmasın, yox. Əlbəttə, müəyyən sərhəd olmalıdı. Amma bu cür yox. O qədər gənc futbolçunun yanında cəmi 4-5 təcrübəli onlara nə verəcək? Məsələn, limiti 6+5 edə bilərlər. Yəni start heyətində 6 təcrübəlinin çıxış etməsinə şərait yaradılsın. Hər mövsüm hər komandadan 2-3 gənc çıxanda görün ümumi say nə qədər edir. “Keşlə”yə qarşı 4 təcrübəli çıxış edirdi. Biri qapıda dayanır, ikisi müdafiədə, biri də yarımmüdafiədə çıxış edir. Ona görə də yarımmüdafiə ilə hücum arasında müəyyən qüsurlar nəzərə çarpır. Həm də gənclər nəsə görüb-götürə bilmir. Görün nə qədər yaşlı futbolçu karyerasını erkən başa vurub, bəziləri məcburən Region Liqasında oynayır. Bir neçə nəfər də Türkiyənin həvəskarlar liqasına üz tutub. Məcburiyyətdən hərəsi bir yolu seçib.
- “Şüvəlan”ın cari mövsüm üçün hədəfi nədi?
- Düzdü, liderdən 9 xal geridəyik. Ancaq məqsədimiz çempionluqdu. Bu gün klubda, komandada elə şərait yaradılıb ki, ən yüksək məqsədlər üçün mübarizə aparmağa borcluyuq. Maaşlar vaxtı-vaxtında verilir, qələbəyə görə mükafat qoyulur, məşq etməyə, oynamağa meydanımız var. Sağ olsunlar, nə lazımdısa, ediblər. Biz də bacardığımızı edib klub rəhbərliyinin və baş məşqçinin üzünü güldürmək istəyirik.
- Çempionat, limit, klub – bunları başa düşdük. Vaxtilə rəqib qapıçılar əlindən dad edirdi, bombardirlər siyahısında adını görməkdən gözlərimiz mazol olmuşdu. Sənə nə oldu?
- (gülür) Heç nə olmayıb. Həmin Rəhmanam, həmin futbolçuyam, həmin məşqləri edirəm. Sadəcə, limitə görə oynamaq şansım azalıb. Baş məşqçimiz məcburiyyətdən qapıda və müdafiədə təcrübəli futbolçulara güvənir. Belədə hücumçunun əsas heyətində yer almaq şansı azalır. Limitdə dəyişiklik etsinlər, sizə söz verirəm ki, ikinci dövrədə qolları sıralayıb sonda bombardir olacam. Hücumçu üçün ən vacib məqam daim oynamasıdı. Nə qədər təcrübəli olsan da, daim meydanda olmamağın özünü göstərir. “Turan Tovuz”da oynayanda hər görüşdə “11-lik”də olurdum. Yekunda 25 qolla bombardir oldum.
- İllərdi bu qədər qol vurursan, di gəl, premyer-liqada özünü göstərə bilməmisən.
- Dediyim kimi, hücumçunun özünü göstərməsi üçün şans qazanması vacibdi. Daim oynamalısan ki, qolları sıralaya bilərsən. Yoxsa bir oyun güvəndilər, qol vura bilmədinsə, növbəti oyunları ehtiyatda qal. Sonra yenə 1-2 oyunda meydana çıx və yenə ehtiyatda otur. Məqsədimiz elitaya yüksəlməkdi. İnşallah, məqsədimizə çatandan sonra orda da özümü göstərərəm. Əsas odu ki, mövqe seçimim və qol duyumum var.
- Yayda klubsuz qalanlar Türkiyəyə - BAL liqasına üz tutmağa çalışırdı. Sən nə əcəb getmədin?
- Yayda mənə də təklif olmuşdu. MOİK rəhbərliyi klubla müqaviləmin olduğunu əsas gətirib transfer vərəqəmi vermədi. Prezidentləri zəng vurmuşdu, birbaşa müqaviləyə dəvət edirdilər.
- Söhbət yəqin ki, transfer haqqından gedirdi.
- Bəli. Ora getməyim üçün məndən pul istədilər. Dedim, onlardan aldığım pulun 5 min manatını sizə verirəm, buraxın, gedim. Buraxmadılar. Daha çox istəyirdilər. Sonra MOİK-lə müqavilə müddəti başa çatdı, azad agent statusu ilə “Şüvəlan”a keçdim.
HƏBİB