Şamil Quliyev: “Məgər Azərbaycanda BOS-dan başqa stadion yoxdu?”
İstifadəyə verildiyi ildən, daha dəqiq desək, 1951-ci ildən ölkənin bir nömrəli arenası sayılan Tofiq Bəhramov adına Respublika stadionu son illər bir qədər arxa plana keçib. Buna səbəb Bakı Olimpiya Stadionunun (BOS) istifadəyə verilməsidi. BOS daha əzəmətli, daha müasir arena kimi qəbul olunsa da, “Tofiq Bəhramov”un azarkeşlərin ürəyində yeri tam başqadı. Təsadüfi deyil ki, hər dəfə - istər “Qarabağ”ın, istərsə də millinin beynəlxalq matçları zamanı futbolsevərlər qarşılaşmanın BOS-da keçirilməsindən narazılıq edir.
Bəs görəsən, bu gün “Tofiq Bəhramov”un rəhbərliyi arenanı necə saxlayır, futbolsuz qalan stadionda ümumi vəziyyət necədi? Ölkənin “futbol məbədi”nin direktoru Şamil Quliyevlə əlaqə saxlayıb, bu və bizi maraqlandıran başqa suallar ətrafında söhbətləşdik.
- Hələ ki rəhbəri olduğum arenada heç bir problem yaşanmır. Daxili gücümüzün hesabına stadionu həmişəki kimi yüksək səviyyədə saxlayır, çatışmazlığın olmasına imkan vermirik. Ancaq işlənməyən əşya gec-tez dəyərini itirməyə məhkumdu. Stadion da onun kimidi. Yaşıl meydan nə üçündü? Futbol oynamaq üçün. O da olmayanda...
- Yəqin ki, bugünlərdə darıxmadız. “Qarabağ” artıq iki turdu rəqiblərini “Tofiq Bəhramov”da qəbul edir.
- Mən istərdim ki, nəinki “Qarabağ”, stadion problemi olan başqa klublar da bu arenaya üz tutsunlar. Hamı bilir ki, bizdə olan şərait heç bir stadionda yoxdu.
- Cari mövsümdə “Sumqayıt” və “Zirə”, bir neçə tur isə “Neftçi” stadion problemi ilə üzləşmişdi. Rəhbərlik etdiyiniz arenadan istifadə etmək üçün sizə müraciət olunmamışdı?
- Bax, bu məsələ də mənə çox maraqlıdı. Bilirəm ki, stadion problemi ilə üzləşən əksər klublar eyni arenanın xidmətindən istifadə edirlər. Bu da bəzən müəyyən çətinliklərə yol açır. Buna baxmayaraq, heç bir klub nədənsə “Tofir Bəhramov”a üz tutmağı lazım bilmədi. Bir dəfə “Zirə” rəhbərliyi bu məqsədlə bizə müraciət etmişdi ki, onların da istəyinə müsbət cavab verildi.
- Avropa Liqasının qrup oyunlarını BOS-da keçirdiyinə görə “Qarabağ” rəhbərliyindən inciməmisiz? Bu məsələ ilə bağlı onların fikrini öyrənmisiz?
- Komandanın beynəlxalq qarşılaşmaları harda keçirəcəyinə rəhbərlik qərar verir. Bu, klubun daxili işidi. Ona görə də heç bu məsələ ilə maraqlanmamışam. Ancaq onu bilirəm ki, istər futbolçular, istərsə də azarkeşlər həm millinin, həm də avrokubok matçlarının bizim arenada keçirilməsini istəyir. “Vorskla” ilə matçı göz önünə gətirin. Həmin görüşdən sonra mətbuatda “azarkeşlər BOS-da keçəl başda olan iki-üç tük kimi görünürdü” adlı yazı gözümə dəydi. Doğrudan da, kənardan çox pis görünürdü. “Tofiq Bəhramov” media üçün yerləri nəzərə almadan 31200 azarkeş tutumuna malikdi və bütün beynəlxalq tələblərə cavab verir. Yeri gəlmişkən, onu da qeyd edim ki, BOS-la müqayisədə bizim arenada təşkilati işlər mükəmməl şəkildə yerinə yetirilir. BOS-un rəhbərliyini çoxdan tanıyıram. Bilirəm ki, işgüzar şəxsdi. Ancaq elə böyük arenada nə qədər çalışsan da, təşkilatı işləri yüzfaizlik göstərici ilə yerinə yetirə bilməzsən. Böyük stadionda mütləq nəsə istədiyin kimi olmayacaq. UEFA nümayəndələri həmişə bizim stadionda keçirilən qarşılaşmalarda təşkilatçılıqdan razı qalıblar. Bugünlərdə mətbuatda bir xəbər oxudum və çox narazı qaldım.
- Nə xəbər idi elə?
- Yazılmışdı ki, 2019-cu ilin mayında BOS Avropa Liqasının final qarşılaşmasına evsahibliyi edəcəyinə görə yığmanın ev oyunlarının yeri dəyişdirilsin. Yəni milli səfərdə oynasın. Niyə, nə üçün? Məgər Azərbaycanda BOS-dan başqa stadion yoxdu? Yığma həmin müddətdə niyə rəqiblərini “Tofiq Bəhramov”da qəbul etməsin ki?! Ümumiyyətlə, AFFA rəhbərliyinin bizə münasibətindən narazıyam.
- Bəs stadionu saxlamaq üçün maliyyəni hardan alırsız? Hər halda, belə böyük stadionu ideal vəziyyətdə saxlamaq, kommunal xərclərini ödəmək az vəsait tələb etmir.
- “Tofiq Bəhramov” yarı təsərrüfathesablıdı. Gənclər və İdman Nazirliyindən, müəyyən qədər də “Qarabağ”dan ayrılan maliyyə hesabına “futbol məbədi”ni ayaqüstə saxlamağa çalışırıq. Özünüz dəfələrlə şahidi olmusuz ki, istər meydan, istər yardımçı binalar, istərsə də stadionun ərazisi daim təmiz olur, daim ona qulluq göstərilir.
RƏŞAD