“Ofisimiz hazırdı, 45 otaqdan, hovuz, sauna, trenajor zallarından ibarət baza tikilir”
Premyer-liqada komanda sayının azalıması, birinci divizionda isə maaşın az olması və məlum limit məsələsi bir çox futbolçuları işsiz qoyub. Bunun nəticəsidi ki, vaxtilə elita təmsilçilərinin uğurları üçün tər tökmüş Samir Zərgərov, Aleksandr Şemonayev, Rəşad Sadiqov kimilər karyeralarını başa vurmaq qərarına gəldilər. Lakin bir neçəsi də var ki, özünə iş yeri axtarsa da, tapa bilmir. Siyahı genişdi: Vüqar Nadirov, Ceyhun Cavadov, Kamran Abdullazadə, İlyas Səfərzadə, Ruslan Tağızadə, Elnur Abdullayev, Tural Nərimanov, Tural Cəlilov. Siyahını bir az da genişləndirmək olar.
Di gəl ki, heç də hamısı evdə boş oturmağı məqsədəuyğun saymayıb. Bəziləri formada qalmaq, qış fasiləsində özünə komanda tapmaq üçün müvəqqəti də olsa, Region Liqasında çıxış etməyə qərar verib. Yuxarıda adı sadalananlardan bir neçəsi, o cümlədən Vüqar Nadirov da hazırda yarıhəvəskar liqada top dalınca qaçır. 1-ci tur çərçivəsində baş tutan “Gənclik” İK - “Baku City” oyununda Nadirov ikincilərin heyətində 5 dəfə fərqlənməklə hələ ki turnirin ən sərrast oyunçusudu. Həmin Vüqar ki, iki ay əvvəl qəzetimizə verdiyi açıqlamada premyer-liqadan təklif olmayacağı halda aşağı dəstədə, yaxud Region Liqasında çıxış etmək haqda düşünmədiyini bildirmişdi. Maraqlıdı, qərarını dəyişməyə onu nə məcbur etdi? “Baku City” ilə gələcək planları nədən ibarətdi? Bu və başqa suallara özü ilə söhbətdə cavab tapmağa çalışdıq.
- Az öncə zəng vuranda həkim müayinəsində olduğunu dedin. Nə məsələdi?
- “Gənclik” İK komandasıyla oyunda zədələndim. Əzələmdə yırtıq var, onu müalicə etdirirəm. İki oyun oynaya bilməyəcəm.
- Region Liqasında meydana çıxdın və kapitanı olduğun komanda rəqibini darmadağın etməyi bacardı. Yarıhəvəskar liqada ab-hava necədi?
- Şükürlər olsun, hər şey qaydasında idi. Ola bilsin, ötənilki çempionata maraq o qədər də böyük deyildi. Amma cari mövsüm kifayət qədər baxımlı olacaq. Demək olar, hər komandanın heyətində vaxtilə elitada, birinci divizionda top qovmuş futbolçular var. Çempionat gərgin keçəcək. Rəhbərliklə söhbət etdik və belə başa düşdüm ki, gələcəklə bağlı ciddi planlar var. İşə sıfırdan başlamışıq. İnşallah, məqsədimiz premyer-liqaya komanda hazırlamaqdı.
- Sponsor kimdi?
- “Baku City Hospital”ın sahibi Cavidan Qorçuyevdi. Sağlıq olsun, premyer-liqaya vəsiqə qazanandan sonra sponsorların sayı artacaq.
- Dolanışıq var? Maaş büdcəsi nə qədərdi?
- Cavidan müəllimlə uzun illərin dostuyuq. Açığı, bu komandaya “qardaş” dediyim insana kömək etmək üçün gəlmişəm. Bu dəqiqə maaş-filanı düşünmürəm. Əsas odu, iddialı komanda yaradaq, adımızdan söz etdirək.
- Səni bildik, pula ehtiyac duymamağın normaldı. Digər futbolçular üçün belə deyil axı.
- Düzünü deyim, elə də çox maaş yoxdu. Özünüz fikirləşin, Region Liqasında nə pul olacaq? Qonorar sistemidi, hər oyuna görə məvacib verilir.
- 18:0 hesabı ilə qələbə qazandığınız görüşdə rəqib hədsiz zəif idi, yoxsa “Baku City” ilə başqaları arasında bu dərəcədə səviyyə fərqi var?
- Güclü komanda formalaşdırmışıq. Heyətdəki uşaqların böyük əksəriyyəti vaxtilə premyer-liqada oynayanlardı. Məncə, təcrübə öz sözünü dedi.
- Bizə tanış olanlardan kimlər var?
- “Xəzər Lənkəran”, “Sumqayıt”, “Kəpəz”də oynamış Kamran Abdullazadə, “Rəvan”da, “Kəpəz”də oynamış Ceyhun Cavadov, “Qarabağ”ın yetirməsi sayılan, vaxtilə AZAL-da çıxış etmiş Kamil Hüseynov. Hüseyn Axundov, Qeyrət Əliyev, Tərlan Qasımzadə...
- Maşallah, əməlli-başlı premyer-liqa komandası yaratmısız ki...
- Ona görə deyirəm ki, hədəflərimiz böyükdü. İnşallah, Region Liqasının qalibi olaq, sonrası yaxşı olacaq.
- Bu cür heyətlə rəqiblərinizi darmadağın edəcəksiz. Yarışın dadı-duzu qalacaq?
- Niyə qalmır ki? Adam qələbə qazananda daha da həvəslənir. Məncə, başqa komandalar üçün də maraqlı olacaq.
- Heyətinizin kifayət qədər güclü olduğunu iddia edən rəqibləriniz buna etiraz etməz?
- Pis iş görməmişik ki, nədənsə narazılıq etsinlər. Əsasnamədə yazılanlara uyğun addım atmışıq. Heç bir problem yoxdu. Onlar da heyətlərini gücləndirə bilər. Kənarda o qədər təcrübəli futbolçu qalıb.
- Region Liqasında təcrübəlilərdən başqa kimlər var?
- Ruslan Poladov, Cəmşid Məhərrəmov, Tural Cəlilov, Ruslan Tağızadə... Yadıma düşənlər bunlardı, amma yenə kimlərsə var. Təcrübəlilərin çoxu bura gəlib. Birinci divizionda limit məsələsi var deyə alınmır.
- Yeri gəlmişkən, avqustda səndən bu mövzuda açıqlama alanda birinci divizionda, yaxud Region Liqasında oynamağın sərf etmədiyini demişdin. Birdən-birə nə dəyişdi?
- Az öncə dediyim kimi, Cavidan müəllimə görə gəldim. Açığı, o vaxt belə bir planın olmasından xəbərim yox idi. Sonradan xəbər tutdum, oturub danışdıq, başa düşdüm ki, oynamağa, dosta kömək etməyə dəyər.
- Dost-dost deyirsən, birdən yanvarda hansısa elita təmsilçisi səni heyətində görmək istədi. Onda necə olacaq?
- Klub rəhbərliyinin gələcəklə bağlı planları var. Hazırda Əhmədlidə baza inşa olunur. Sağlıq olsun, yaya qədər işlər başa çatacaq. Ofisimiz hazırdı, 45 otaqdan, hovuz, sauna, trenajor zallarından ibarət baza tikilir. Məşq meydanımız da olacaq. Ona görə də özümü burda rahat hiss edirəm.
- Yəni sabah təklif olsa, getməyəcəksən?
- Dostu yarıyolda qoyub qaçanlardan deyiləm. Söz vermişəmsə, yükün altına girmişəmsə, sona qədər əməl etməliyəm. Xarakterim belədi. Mən bura pul qazanmağa yox, “qardaş” dediyim insana dəstək vermək üçün gəlmişəm. Ona görə də heç yerə getmək fikrim yoxdu.
- Ev oyunlarını harda keçirəcəksiz?
- “Bayıl Arena”da.
- “Səbail”in məşq və oyunları ilə üst-üstə düşmür?
- Elə nəzərdə tutulub ki, oyun və məşqlər üst-üstə düşməsin. Fikrimcə, problem olmayacaq.
- Yığmanın Farer adaları ilə oyununu izlədin?
- Əlbəttə.
- Necə idi? Xoşuna gəldi?
- Açığı, Farer adalarını bu cür təsəvvür etmirdim. O vaxt yığmanın heyətində onlara qarşı oynamışdım. Belə deyildilər, çox “artırıblar”. İnanmaq olmurdu ki, bu Farer adaları yığmasıdı. Xüsusilə hücuma çıxmaları, futbolçuların anlaşması diqqətimi çəkdi. Millini təbrik edirəm, olduqca vacib qələbə qazandı. Növbəti oyunlar ərəfəsində futbolçular psixoloji üstünlük qazandılar.
- Amma oyunun ilk 15-20 dəqiqəsi yekun nəticənin fərqli olacağından xəbər verirdi.
- Belə də olmalıydı. Bizə qələbə lazım olduğundan, ya o yanlıq olmalıydı, ya bu yanlıq. Matçın əvvəlindəki boşluqları süni örtük və hava şəraiti ilə əlaqələndirərdim. Gördüyünüz kimi, uşaqlar sonradan ümumi ab-havaya öyrəşib səviyyə fərqini ortaya qoya bildilər. Düzdü, onlar da qalib gələ bilərdilər. Amma futbolda ustalıq səviyyəsi olduqca vacibdi.
- Səncə, qrupu ilk pillədə başa vurmaq mümkün olacaq?
- Hər şey öz əlimizdədi. Növbəti iki oyunda Malta ilə Farer adalarını Bakıda qonaq edəcəyik. Bu oyunları qələbə ilə başa vura bilsələr, əla əhval-ruhiyyə ilə Kosovoya yola düşəcəklər. Ordakı oyunda da qalib gəlib azarkeşləri sevindirmək lazımdı. Düzdü, Kosovo da güclüdü, heyətlərində səviyyəli oyunçular var. Görək də...
HƏBİB