Ayxan Abbasov: “Bu cür fikir səsləndirmək məşqçilərin haqqına girməkdi”
Arif Əsədov: “Premyer-liqada işləmək asandısa, özü niyə elitada işləməyib?”
Samir Əliyev: “Mən ölkədən kənarda çalışıram” düşüncəsi ilə getməkdənsə, getməmək yaxşıdı”
Vaxtilə uşaq futbolundakı fəaliyyəti ilə yadda qalan Adil Mahmudovun səsi sonralar birinci diviziondan gəlməyə başladı. Uzun müddət “Qaradağ Lökbatan”ın “sükanı arxasında” duran mütəxəssis qəsəbə təmsilçisini çempion etməyi bacardı. Bir müddət sonra səsi Qusar “Şahdağ”ından gəldi. Hətta bir ara iranlı futbolçuların Azərbaycanda legioner həyatı yaşamasına vasitəçilik etdiyi də deyilirdi.
Təxminən ilyarım əvvəl Mahmudov Gürcüstana yollandı. Aşağı dəstədə mübarizə aparan “Qardabani”nin baş məşqçisi təyin olundu və xeyli vaxt orda çalışdı. Düzdü, qonşu ölkədə ciddi uğura imza ata bilmədi. Düşünmək olardı ki, iş yerini dəyişib Gürcüstanın daha iddialı klubu ilə anlaşacaq. Lakin bu dəfə sorağı birvaxtlar çalışdığı İrandan gəldi. Heç kimin gözləmədiyi halda cənubdakı qonşu dövlətə üz tutan həmyerlimiz bu dəfə ikinci liqa təmsilçisi “Şəhridari Fulman”ın rəhbərliyi ilə ortaq məxrəcə gəlməyi bacardı.
Özündənrazılığı ilə seçilən Mahmudov İran təmsilçisinə keçidi ilə bağlı qəzetimizə verdiyi müsahibədə maraqlı açıqlamalarla yadda qalıb ki, bu məqamın üstündən su içib ötmək mümkün deyildi. Azərbaycan çempionatda çalışmağın asan olduğunu vurğulayan mütəxəssis söylədikləri ilə bir növ həmkarlarını qorxaq adlandırıb: “Adil Mahmudov ölkədən kənarda çalışmaqdan çəkinmədi. Bəzi özündənrazı mütəxəssislərimiz ancaq Azərbaycanda nəticə qazanmaqla fəxr edirlər. Pul olandan sonra bizim klublarda çalışmaq, 8 komandalı çempionatda avrokuboklara vəsiqə qazanmaq o qədər də çətin deyil. Onu da nəzərə alın ki, artıq ikinci mövsümdü qitəmiqyaslı turnirlərə vəsiqə cəmi 7 komanda arasında gedir. Ötən il “Səbail”, bu ilə isə “Sabah” UEFA-nın “3 illik fəaliyyət” tələbini yerinə yetirmədiyinə görə avrokuboklara qatıla bilmədi və ya qatıla bilməyəcək. Mən isə ölkədən kənara çıxmaqdan, bacarığımı ortaya qoymaqdan çəkinmədim. Gürcüstandan, İrandan təklif alıramsa, deməli, “qab”ımda nəsə var”.
Bu açıqlama ilə tanış olan azərbaycanlı məşqçilərin qıcıqlanmaması mümkün deyil. Adil bəy açıq şəkildə ölkə çempionatında uğur qazanan mütəxəssislərin zəhmətini yerə vurur, özünün xaricdə çalışmasını ciddi uğur kimi qələmə verib, indiyə qədər ölkədən kənarda çalışmayanları dolayı yolla da olsa, qorxaq adlandırır. Odu ki, hazırda işsiz olan, yəni xaricdə çalışmaq imkanına malik məşqçilərin bir neçəsi ilə əlaqə saxlamağı lazım bildik. Hansı ki, aralarında “Neftçi”ni çempion edən Arif Əsədov, “Zirə”ni Avroliqaya daşıyan Ayxan Abbasov da var.
Ayxan Abbasov: “Premyer-liqada çalışan, yaxud çalışmış, avrokuboklara vəsiqə uğrunda vəsiqə aparan komandaların məşqçiləri elitada işləməyin nə qədər çətin olduğunu yaxşı bilir. Hətta hədəfə çatan mütəxəssislər çətinliklərin nədən ibarət olduğunu söyləyə bilər. 8, yaxud 6 komandalı çempionat da olsa, çətindi. Əslində az komandalı çempionatda çalışmaq daha çətindi. Belədə “Qarabağ”, “Neftçi”, “Qəbələ” kimi güclü rəqiblərlə mövsüm ərzində dörd dəfə qarşılaşmalı olursan. Amma komanda sayı 12-14 olanda işin nisbətən asan olur. Belədə özündən nisbətən zəiflərlə oynayırsan ki, qələbə qazanmaq ehtimalı artır. Bu cür fikir səsləndirmək məşqçilərin haqqına girməkdi.
Əlbəttə, xarici ölkələrdə işləmək yaxşıdı. Hər bir məşqçi üçün təcrübədi. Bu gün həm futbolçularımızın, həm də məşqçilərimizin buna ehtiyacı var. Bu gün kimsə ölkədən kənarda çalışırsa, bunu xüsusi şəkildə qabartmağa, “mən başqa ölkədə işləyirəm” deməyə ehtiyac yoxdu. Getmisən, lap yaxşı, uğurların bol olsun. Həmin şəxsin qazanacağı uğur ölkə futbolu adına xoş hal olar. Sadəcə, bunu həmin şəxsin bəh-bəhlə təqdim etməsini normal qarşılamıram. Başqa ölkədə çalışmaqla bağlı qorxum yoxdu. Bu sənəti seçmisənsə, hər cür riskə, vəziyyətə hazır olmalısan. Guya Azərbaycanda işləyəndə təzyiq olmur? Var, həm də necə. Sadəcə, üz tutduğun klubda sənə dəstək olmalıdı, normal şərait yaradılmalıdı. Və ən vacib məqam, üz tutduğun ölkənin futbolu və çempionatı ilə yaxından tanış olmalısan. Gözünü yumub tanımadığın ölkədə işləməyə razılıq verməyin özü böyük riskdi. Təcrübə də göstərir ki, bu, bir çox hallarda uğursuzluqla nəticələnir. Görün indiyə qədər Azərbaycana nə qədər adlı-sanlı məşqçi gəlib, amma nəticə verə bilməyib geri dönüblər. Halbuki bura gələnə qədər baxımlı karyeraya sahib olublar, adlı-sanlı futbolçularla çalışıblar. Hər ölkənin, ordakı futbolun yazılmamış qanunları, ab-havası var. Bunu əvvəldən bilməlisən. Tanıdığım çempionat olsa və bilsəm ki, orda mənə güvənən insanlar var, günü sabah gedərəm”.
Arif Əsədov: “Adil Mahmudov İranda işləməyə gedibsə, bizim üçün fəxrdi. Təki yaxşı nəticələr qazansın, biz də uğurlarına baxıb sevinək. Belə deyim, azərbaycanlı məşqçilərin adını yüksəkdə tutsun. Onun uğurlu olması bizim üçün də faydalı ola bilər. Premyer-liqada işləmək asandısa, özü niyə elitada işləməyib? Bu onun şəxsi fikridi. Amma mənim düşüncəmdə elitada komanda çalışdırmaq heç də asan deyil. Son 10 ildə nə qədər adlı-sanlı əcnəbi mütəxəssis gəlib-gedib? Hansı biri çempion olmağı bacarıb? Bir Kaxaber Tsxadadzenin “İnter”i yadımdadı, onda da sonuncu turda mən “Neftçi”nin baş məşqçisi olanda “Qarabağ”la heç-heçə oynamışdıq deyə çempion oldular.
Öz ölkəmizdə işləyib yarıtdıq, qaldı xaricdə çalışmağımız. Azərbaycanda daim işləməli, nəticə verməlisən ki, əcnəbilərə göstərməyə nəsə olsun. Adil Mahmudov ora necə gedib çıxıb, hansı meyarlara görə dəvət ediblər – öncə bunları bilmək lazımdı. Ola bilsin, tanışı var, kimsə dəstək verib, dəvət edib, bunlar da vacib amildi. İstənilən halda, ona uğurlar arzulayıram”.
Samir Əliyev: “Bacarığın varsa, özünə və savadına güvənirsənsə, premyer-liqada işləmək çətin deyil. Çempionatda 8, yaxud 18 komandanın mübarizə aparması önəmli məqam deyil. Əsas odu ki, savadın olsun, futbolçularla dil tapmağı bacarasan, sənə güvənən adamların etimadını doğruldasan.
Yəqin ki, Adil Mahmudovun əlaqələri genişdi. Kənarda tanışları, əlaqələri var, dəvət edirlər, o da gedib işləyir. Bu gün mənə belə bir təklif yoxdu. Olsa, niyə gedib işləmirəm ki?! Heç bir problem yoxdu. Sadəcə, üz tutacağın klubun şəraiti olmalıdı, nə üçün gəldiyini bilməlisən. Yoxsa ad xatirinə, “mən ölkədən kənarda çalışıram” düşüncəsi ilə getməkdənsə, getməmək yaxşıdı”.
HƏBİB