Gerye bu gün kollektivə qoşulacaq
“Keşlə” ilə oyunun təxirə salınması “Qarabağ”lı futbolçuların işinə yaradı. Belə ki, cümə axşamı “Arsenal”la baş tutan oyundan sonra üç gün dincəlmək imkanı qazanan komanda üzvləri bu gündən etibarən “Azərsun Arena”da bir araya gələcək.
Yığmanın Farer adaları və Malta ilə oyunlarına görə yaranan fasilə başqa komandalar kimi “Qarabağ”ın planlarına da təsir edəcək. Fasilə yaranmasına baxmayaraq, “köhlən atlar” məşqçilər heyətindən Qurban Qurbanov, Elçin Rəhmanov və Çudomir Çakarov, futbolçulardan isə Şahruddin Məhəmmədəliyev, Maksim Medvedev, Bədavi Hüseynov, Rahil Məmmədov, Qara Qarayev, Mahir Mədətov, Araz Abdullayev, İsmayıl İbrahimli və Hacıağa Hacılı olmadan hazırlıq keçəcək. Amma siyahı bununla yekunlaşmır. Rəşad Sadıqov U-21-in baş məşqçi postundadı, Hannes Tur Halldorsson İslandiya, Ansi Aqolli Albaniya, Simeon Slavçev Bolqarıstan, Con Delarj isə Konqo yığmasına qoşulub. “Səbail”lə oktyabrın 20-nə nəzərdə tutulan çempionat görüşünə 13 futbolçusu olmadan hazırlaşan ağdamlıların məşqlərində bu oyunçular iştirak edəcək: Vaqner Da Silva, Abbas Hüseynov, Yakub Jezniçak, Miçel, Dani Kintana, İnnosent Emeqara, Abdulla Zubir, Filip Ozobiç, Vild-Donald Gerye və Coşqun Diniyev.
Zədəsini sağaldan Kintananın artıq bir neçə gündü kollektiv hazırlıqda iştirak etdiyini bilirsiz. Ötən həftə xanımının vətəni Polşaya yollanan Geryenin durumu da yaxşılığa doğru dəyişir. Çiynində yüngül ağrılar hiss etməsinə baxmayaraq, o da bu gün Bakıya ayaq basıb, kollektivlə birgə hazırlıq keçəcək. “77 nömrə”nin də “Səbail”lə matça qədər hazır olacağı gözlənilir. Bu isə o deməkdi ki, “Vorskla” ilə oyunda meydana çıxmaq şansı var. Rəşad Sadıqov da fərdi məşqlərə başlayıb. Hazırda U-21-i qarşıdakı görüşə hazırlasa da, iki həftəyə onun da oynamaq gücündə olacağı deyilir. Yəni ukraynalılarla matça qədər meydana çıxmaq imkanı yüksək qiymətləndirilir.
8-i legioner olmaqla cəmi 10 futbolçunun ümidinə qalan “Qarabağ”ın fasilə dönəmində başqa komandalarla yoldaşlıq görüşü keçirməyəcəyi dəqiqdi. Çox güman, ənənə davam etdiriləcək. Əvəzedici heyətin qarışıq üzvləri ilə ikitərəfli oyun baş tutacaq.
HƏBİB