Mik Benet klubun akademiyasının direktoru təyin olundu
"Neftçi”nin 2018/19 mövsümü üçün formaları sentyabrın 16-dan etibarən satışa çıxarılacaq. Yeni formaları həmin gün, saat 21.00-da başlayacaq "Neftçi” – "Keşlə” oyunundan 2 saat əvvəl, “ağ-qaralar”ın "Bakcell Arena”da yerləşən fan-şopundan əldə etmək mümkün olacaq. Formaların qiyməti 60 manatdı. Formanın arxasına ad və nömrə yazdırmaq istəyən isə əlavə 20 manat ödəməli olacaq.
Yeri gəlmişkən, "Keşlə” ilə matçdan öncə azarkeşlər üçün xüsusi fan-zona yaradılacaq. "Red Bull”un dəstəyi ilə təşkil olunacaq fan-zonada sizi müxtəlif əyləncələr gözləyir. Fanatalar zərbələrinin dəqiqliyini "Real penalti”də yoxlaya, rənglərini göstərmək üçün "Face Art”dan istifadə edə biləcək. Azarkeşlər üçün "Masaüstü futbol” yarışı təşkil olunacaq. Bundan əlavə, fanatları Bakıda artıq kifayət qədər tanınan "Panna” yarışı gözləyəcək. Fan-zonada "Red Bull”un diceyi öz performansını göstərəcək. Eyni zamanda, azarkeşlər fan-şopdan istifadə edə biləcək.
Dünən həmçinin “Neftçi”də yeni təyinat gerçəkləşib. Klubun rəsmi saytının yaydığı xəbərə görə, 55 yaşlı ingiltərəli mütəxəssis Mik Benet "Neftçi” Futbol Akademiyasının direktoru vəzifəsinə təyin olunub. Onunla birillik müqavilə imzalanıb.
Qeyd edək ki, Mik Benet 1979-94-cü illər ərzində İngiltərənin "Bolton”, "Vulverhempton”, "Kembric Yunayted”, "Preston Nort End”, "Karlayl Yunayted” və Finlandiyanın "Koparit” klublarında oynayıb. Məşqçi kimi "Bolton”un U-12, U-18 (1999-2010), "Yovil Taun”un akademiyası (2010-11), "Viqan”ın U-16 komandası (2011-12), "Mançester Yunayted”dən ezam olunaraq Hindistanın Mumbay şəhərindəki uşaq futbol məktəbində (2012-14) və "Mançester Yunayted” Bakı (2014-18) klublarında çalışıb. UEFA-nın PRO kateqoriyalı məşqçi lisenziyasına malikdi.