“Hər şeyi təsəvvür edə bilərdim, amma bir oyunda 3 penalti qazanacağımı yox”
Geniş tanıtıma ehtiyac yoxdu. Qısaca “Kukesi” ilə cavab görüşünün qəhrəmanı” desək, yəqin ki, söhbətin kimdən getdiyini anlayarsız. 2014-ün qışına qədər “Qarabağ”ın formasını geyən və bu müddətdə 8 oyunda 5 qol vuran İnnosent Emeqaranın dönüşü fantastik alındı. Çempionlar Liqası kimi mötəbər yarışda 1 oyunda komandasının xeyrinə 3 penalti qazanmaqla adını unudulmazlar siyahısına yazdırdı.
Təkcə bu oyunla bağlı yox, bir çox məsələlər ətrafında söhbətləşmək zərurəti yaranmışdı deyə, cümə günü Emeqara ilə görüşdüm. Təxminən 35 dəqiqəlik söhbətdə gülərüz “7 nömrə” ilə bir çox məqama toxunduq ki, danışığımızdan sizin də xəbər tutmağınız lazımdı.
“Atletiko” ilə oyunda dostlarımla birgə “Qarabağ”a dəlicəsinə azarkeşlik edirdik”
- Üç ilyarımdan sonra yenidən Bakıdasan. Paytaxtımız çoxmu dəyişib?
- Çox, çox... İlk növbədə təmizliyi qeyd edərdim. Səmimi deyəcəm, 4 il əvvəl Bakı bu dərəcədə təmiz deyildi. Bundan başqa, turistlərin sayının artdığını deyə bilərəm. İndi hər addımbaşı əcnəbi vətəndaşlara rast gəlirəm. Get-gedə Dubaya oxşayır. Bir növ İstanbula da bənzəyir. Türkiyə də müsəlman ölkəsidi, amma İstanbul tam fərqlidi, cənnətdi.
- Bəs “Qarabağ”da dəyişən nədi?
- Komandanı nəzərdə tutursuzsa, dəyişən yalnız futbolçuların adıdı. Qalan hər şey əvvəlki kimidi. Baş məşqçi və köməkçiləri, rəhbərlik, ən əsası da dəmir nizam-intizam yerindədi. Hə, bir də klub peşəkarlaşmaq yönündə ciddi addımlar atmaqdadı. Məsələn, o vaxt normal bazamız yox idi. Təsəvvür edin, məşq etmək üçün hər gün başqa stadiona getməli olurduq. İndi müasir standartlara cavab verən bazamız və meydanlarımız var. Avrokubok təcrübəsi artdıqca, büdcə yaxşılaşdıqca bu cür çətinliklərin aradan qalxması normaldı. Get-gedə indikindən də yaxşı olacaq.
- İkinci dəfə “Qarabağ”dan təklif alanda tərəddüd etdin, yoxsa sanki ürəyindən imiş kimi dərhal razılaşdın?
- Açığı, bu təklifi çoxdan gözləyirdim. Zəng edib maraqlananda, sözün yaxşı mənasında təəccübləndim, belə deyim, sevindim.Çünki Azərbaycanda, “Qarabağ”da çox yaxşı zaman keçirmişdim. Və burdan ayrılandan sonra yalnız xoş xatirələr yadıma düşürdü. Bəzən o günlər üçün darıxırdım da. O dönəmdə ailə problemlərim olmasaydı, heç yerə getməyəcəkdim. Ancaq tale belə gətirdi. Bu dəfə Qurban Qurbanovun məni sərəncamında görmək istədiyini eşidəndə, mənim üçün xoş xəbər oldu.
- Burdan gedəndən sonra “Qarabağ”ın nəticələri ilə maraqlanırdın?
- Əlbəttə. Həm də tək nəticələri ilə maraqlanmırdım, imkan daxilində avrokuboklardakı oyunları da izləyirdim. Məsələn, “Atletiko” ilə oyunda dostlarımla birgə “Qarabağ”a dəlicəsinə azarkeşlik edirdik. Cismən komandanı tərk etsəm də, ruhən kollektivin içindəydim.
- Sanki nə vaxtsa geri dönəcəyini hiss edirdin...
- Elədi. Hiss edirdim yox, buna ümid edirdim, inanırdım da demək olar.
- Səndən sonra Raydel Pupon, Samuel Armenteros, Dino Ndlovu kimi əcnəbi hücumçular “Qarabağ”da çıxış etdi. Onların məhsuldarlığı ilə də maraqlanırdın?
- Düzünü desəm, mənim üçün ayrı-ayrı fərdlər yox, məhz “Qarabağ” maraqlı idi. Təbii, bu futbolçuların komandada olduğunu bilirdim. Amma xüsusi olaraq kimisə diqqətdə saxlamırdım. Çünki komanda təkcə hücumçulardan asılı deyil. Məni maraqlandıran Avropadakı nəticələr idi.
“Həmin vaxt getməliydim, başqa yolum yox idi”
- “Qarabağ”ın Çempionlar Liqasının qrupuna vəsiqə qazanması çoxları kimi səni də təəccübləndirdi, yoxsa gözləyirdin?
- “Qarabağ”da çıxış etməsəydim, bəlkə də təəccüblənərdim. Amma vaxtilə klubun, komandanın içində olan biri kimi bunu gözləyirdim. Baş məşqçinin iş metoduna, rəhbərliyin komandaya münasibətinə, futbolçuların peşəkarlığına bələd idim deyə, məlum uğuru sakit qarşıladım. Sadəcə, sevindim və içimdə uğurlar arzuladım. “Atletiko” və “Roma” ilə oyunlar “Qarabağ”ın səviyyəsini ortaya qoydu, təsadüfən qrupa düşmədiyini göstərdi.
- Həmin vaxt vaxtilə komandanı tərk etdiyinə görə başına döyürdün?
- (gülür) Yox, başıma vurmurdum. Hər addıma görə başıma vurmalı olsam, heç nə qalmaz. Keçmişdəki səhvlərə görə təəssüflənməyi sevmirəm. Əksinə, nəticə çıxarmağa çalışıram. Həm də həmin vaxt getməliydim, başqa yolum yox idi. “Qarabağ”ı orda görəndə özümü yox, məşqçilər heyətini, futbolçuları və rəhbərliyi göz önünə gətirib sevinirdim. Onların hansı hisslər keçirdiyini yaxşı anlayırdım.
- Sən oynayan vaxt Reynaldo, Muarem Muarem, Admir Teli, Leroy Corc, Riçard Almeyda, İbrahim Şehiç kimi futbolçular vardı. İndi heç biri qalmayıb. Onları burda görməyəndə qeyri-adi hisslər keçirməmiş olmazsan...
- Belə şeylərə öyrəncəliyəm. 18-20 yaşım olsaydı, bəlkə də hisslərə qapılardım. Amma indi sakit yanaşıram. Çünki futbolçu həyatı belədi. Bu gün burdasan, sabah yoxsan. Gərək bir komandada, yaxud yığmada 5-10 il oynayasan ki, özünə əsl dostlar qazanasan. Ki, sabah onları itirəndə təəssüflənəsən. Amma belə vəziyyətdə sakit yanaşmalı olursan.
- Heç olmasa, burdan gedəndən sonra əlaqə saxladıqların var idi?
- Ən çox Teli ilə danışırdım, amma o da xeyli vaxtdı “Qarabağ”ı tərk edib. Bir də Şehiçlə ara-sıra yazışırdıq. O da Türkiyəyə getdi. Leroyla indiyə qədər də danışıram, Avstraliyadadı.
“Söhbət futbol oynamaqdan getsəydi, “Hamburq”la razılaşardım”
- “Qarabağ”ı tərk edib ABŞ-a yollandın. Di gəl ki, “San Jose Earthquakes”in sıralarında olduğun 2 il ərzində cəmi 13 oyunda meydana çıxıb, 1 qola imza atdın. Heç də yaxşı göstərici deyil.
- Bilirəm. Amma bunun da müxtəlif səbəbləri var. Orda hər şey başqadı. ABŞ-ı Avropa ilə müqayisə etmək mümkün deyil. Futbol onlar üçün heç də əsas idman növü sayılmır. Təsəvvür edin, reqbi, Amerika futbolu, beysbol, basketbol və hokkeyə maraq futbola olan həvəsi üstələyir. Bu da istər-istəməz Avropadan gələn futbolçuların psixologiyasına təsir edir. Amerikalılar futbolla nəfəs almırlar. Amma uğursuzluğun əsas səbəbi bu deyildi. Zədələr məni geri saldı, karyeramın ən ağır günlərini yaşadım. Komandayla ilk yoldaşlıq görüşündə çiynim sındı. Həkimlər gözləməyi məsləhət görsə də, məşqçi meydana çıxmağı tələb edirdi. Belədə zədəm bir az da ciddiləşdi. Düzəldim, oynamağa başladım, bu dəfə dizim sıradan çıxdı. 5 aydan sonra özümə gələndə mövsüm başa çatırdı. Növbəti mövsümə hazırlaşanda yenə həmin dizimdən zədələndim. Həkimlərin yanlış əməliyyatı üzündən ikinci dəfə masaya uzanmalı oldum. 3 aydan sonra komandaya qoşulmağa hazırlaşanda, baş məşqçi xidmətimə ehtiyac duymadığını, yeni hücumçularla anlaşdıqlarını bildirdi. Komandadan getməyimi tələb edirdilər. Lakin maliyyə şərtləri yaxşı idi deyə, müqaviləmin sonuna, 2016-nın dekabrına qədər ABŞ-da qalmalı oldum. Evə qayıtdım və 6 ay futbolsuz qalandan sonra Kipr təmsilçisi “Ermis”lə anlaşdım. Fikrimcə, orda pis mövsüm keçirmədim.
- Keçək müsahibənin “canına” – 2015-in yanvarında müəmmalı şəkildə “Qarabağ”ı tərk etməyinə. Halbuki klubla müqavilə müddəti davam edirdi və qış fasiləsindən sonra hamı səni gözləyirdi...
- Oteldəydim, qonşu zəng vurub ailəmdə vəziyyətin yaxşı olmadığını dedi...
- (sözünü kəsirəm) Təfərrüata varaq. Nə baş vermişdi?
- Anam xəstə idi və son vaxtlar vəziyyəti pisə doğru dəyişirmiş. Lakin karyeramı düşündüyündən bunu mənə demirmiş, gizli saxlayırmış. Bu xəbəri alandan sonra İsveçrəyə yollandım və hiss etdim ki, aldığım psixoloji zərbədən sonra “Qarabağ”a kömək edə bilməyəcəm. Rəhbərlik hər nə qədər qayıtmalı olduğumu desə də, vəziyyəti onlara başa salmağa çalışırdım. Sonda ortaq məxrəcə gəldik.
- Lakin çox keçmədən ABŞ-a üz tutdun. Halbuki karyeranı məhz İsveçrədə davam etdirəcəyini düşünürdük.
- Düzünə qalsa, məni ora getməyə məcbur edən də anam oldu. Təsəvvür edin, həmin dönəmdə bundesliqa təmsilçisi “Hamburq”dan da təklif almışdım. Lakin anamın durumuna görə Almaniyada oynamağı arxa plana keçirmişdim. Bir anda ABŞ-dan elə bir təklif gəldi ki... İnanılmaz bir şey idi. Anam dedi ki, ya karyeranı davam etdirib gələcəyini quracaqsan, ya da məni itirəcəksən. Bir sözlə, o sözü, dəstəyi ilə məni yenidən futbola qaytardı. Halbuki burdan gedəndə, ümumiyyətlə, bir müddət futboldan uzaq qalmağı düşünürdüm. Heç İsveçrədə oynamağı da ağlımdan keçirmirdim. Söhbət futbol oynamaqdan getsəydi, “Hamburq”la razılaşardım.
“Bəlkə də məni “yandıran” bu oldu”
- “Qarabağ”a dönüşün “Kukesi” ilə oyunlardan öncəyə təsadüf etdi. İlk oyunda meydana çıxmasan da, cavab görüşünün qəhrəmanı oldun. Bu cür start gözləyirdin?
- Mən hər zaman gücümə, işgüzarlığıma güvənən adam olmuşam. Nəyə qadir olduğumu bilirəm və futbol oynamaqdan zövq alıram. Əlbəttə, komandadan komandaya, oyundan oyuna fərq böyükdü. Məsələn, adi matçla belə oyunun ağırlığı arasında fərq çoxdu. Bilirdim ki, baş məşqçimiz və azarkeşlər məndən çox şey gözləyir. İlk oyunda onların etimadını doğrultmalıyam. Təcrübə köməyimə çatdı, hə, bir az da şans. Nəsə edəcəyimi oyundan əvvəl hiss edirdim.
- Bəs 3 penalti qazanacağını?
- Hər şeyi təsəvvür edə bilərdim, amma bir oyunda 3 penalti qazanacağımı yox (gülür). Qol vuracağımı düşünürdüm, amma beləsini yox.
- İlk penaltini sən qazansan da, topun başına Dani keçdi və qol vurdu. İkinci oxşar epizodda məntiqlə yenə Kintana vurmalıydı. Amma topu hamıdan qabaq sən götürüb “nöqtə”yə qoydun. Nə düşündün, bir anda nə baş verdi?
- Özümə hədsiz inamlı idim. Düşündüm ki, istənilən halda qol vuracam, qapıçını məğlub edəcəm. Bəlkə də məni “yandıran” bu oldu.
- Arxayınlıq?
- Yox, özünəinam. Hansı küncə vuracağımı dəqiqləşdirmişdim, amma zərbəni necə vuracağımı yox. Belə deyim, içimdə hədsiz həvəs və tələskənlik var idi.
- Üçüncü 11 metrlik zamanı da sanki topun başına keçmək istəyirdin...
- Belə bir fikrim var idi. Qapıçını məğlub etmək, qol vurmaq istəyirdim. Hətta topu əlimə almışdım. Sonra kimsə yaxınlaşıb dedi ki, baş məşqçi deyir, zərbəni Kintana vursun.
- Oyunun qırılma nöqtəsi 2-ci qol idi?
- Fikrimcə, rəqibin azlıqda qalması həlledici oldu. Onsuz da ciddi mənada heç nə edə bilmirdilər. Qırmızı vərəqə onları məhv etdi. Rəqib azlıqda qalandan sonra qalib gələcəyimizə inanırdım.
“7”ni geyəndə hansı mövqedə oynadığını bilmirlər, çaşıb qalırlar”
- Azarkeş dəstəyi xoşuna gəldi?
- İnanılmaz dəstək verdilər bizə. Sanki Çempionlar Liqasının qrup matçı idi. Etiraf edim, çoxdan tribunalarda belə atmosfer görmürdüm. Tərəfdarlar bu cür dəstək olanda, biz futbolçulara da xoş olur. Sağ olsunlar. Ümid edirəm ki, növbəti görüşdə bundan da istəkli və çılğın olacaqlar.
- 9 oyunda formasını geydiyin İsveçrə yığmasına dönüşün mümkündü?
- Çempionlar Liqasının, ən pis halda Avroliqanın qrupuna vəsiqə qazansaq, təkcə “Qarabağ” yox, mənim üçün də yaxşı olacaq. Fikrimcə, millinin qapıları yenidən üzümə açıla bilər. Təbii, hər şey özümdən asılıdı. Bu dəqiqə yığmada hücumçu qıtlığı var. Dünya çempionatında vurulan 5 qolun heç birinə hücumçular imza atmadı. Yalnız Drniç fərqləndi, o da sırf hücumçu deyil. Ona görə də yığma məşqçilərinin diqqət mərkəzində olacağıma inanıram.
- Yeri gəlmişkən, Qurban Qurbanov “Delarjla Emeqaraya vaxt lazımdı, ideal formalarından uzaqdılar” şəklində açıqlama vermişdi. Bunu özün də hiss edirsən?
- Əlbəttə, düz deyir. Hər nə qədər məşq etsək də, yay toplanışında “Qarabağ”la birgə olmamışıq. Oyun əskikliyimiz var. Qurban Qurbanov bizdən daha artığını tələb edir.
- Formada olmaya-olmaya 3 penalti qazanan hücumçu gör formada olsa, nə edər.
- Mütləq və mütləq het-trik (gülür). Zarafat öz yerində, hazırlıq səviyyəmi daha da artırmalıyam. Fikrimcə, 1-2 həftəyə çətinlik aradan qalxacaq.
- “Qarabağ”da “9” boşdu. Halbuki sənin, ya da Delarjın bu nömrəyə sahib çıxacağını düşünürdük. 4 il əvvəl “8”, bu dəfə “7”. Xüsusi səbəbi var?
- “9”u sevmirəm, ona görə (gülür).
- Niyə?
- Kürəyində “9”u daşıyırsansa, rəqib müdafiəçilər daha çox sənə diqqət edir, qolçu kimi baxırlar. Bəzən fərdi oynayırlar. Amma “7”ni geyəndə nə etmək istədiyini, hansı mövqedə oynadığını bilmirlər, çaşıb qalırlar.
- Növbəti rəqib BATE-di. Azarkeşlər səndən, “Qarabağ”dan nə gözləsin? Ümumiyyətlə, rəqib haqda hansı məlumatlara sahibsən?
- Məqsədimiz ən yaxşı oyunlarımızı keçirib mərhələ adlamaqdı. Meydanda qələbə üçün canımızı qoyacağıq. Necə alınacaq, bunu artıq zaman göstərəcək. O ki qaldı rəqibə, açığı, geniş məlumata sahib deyiləm. Hər halda, məşqçilər heyəti lazım olan bilgiləri verəcək, oyun disklərini izləyəcəyik. Onu deyə bilərəm ki, avrokuboklarda böyük təcrübəyə sahibdilər, hər il qrup mərhələsində çıxış edirlər. Bununla yanaşı, sərt futbola üstünlük verirlər, fiziki göstəricilərinə görə öyünə bilən müdafiəçiləri var. Əlimizə əla imkan düşübsə, bundan maksimum yararlanmalıyıq.
HƏBİB