Türkiyənin paytaxtı Ankara yaxınlığındakı Qızılcahamamda təlim-məşq toplanışında olan "Səbail" hazırlığı başa vuraraq ötən gecə Bakıya dönüb. Aftandil Hacıyevin komandası sonuncu - dördüncü yoxlama matçında "İstanbulspor"la qarşılaşıb. Görüş Türkiyə birinci liqa təmsilçisinin minimal hesablı qələbəsi ilə yekunlaşıb. "Səbail" 59-cu dəqiqədə buraxdığı yeganə qolla uduzub. Qeyd edək ki, paytaxt təmsilçisi əvvəlki üç yoxlama oyununda "Gənclərbirliyi"nə 0:3, "Sivasspor"a 1:2 hesabı ilə uduzub, Qətərin "Əl Şəhaniyə” komandası ilə heç-heçə edib - 2:2. "Səbail"in vətənə yeni legionerlə döndüyünü vurğulayaq. Əldə etdiyimiz bilgiyə görə, komandanın düşərgəsində Kevin Brandon ad-soyadlı futbolçu var. Maraqlıdı ki, onunla bağlı internet qaynaqlarında əlavə məlumata rast gəlinmir.
Bu arada "Səbail"in 2018/19 mövsümü üçün texniki tərəfdaşı müəyyənləşib. Klub rəsmən "Macron"la anlaşdığını açıqlayıb. Şirkət qarşıdakı mövsümdə paytaxt təmsilçisinin bütün komandalarını idman geyimləri ilə təmin edəcək. "Macron" İtaliyanın ən köklü geyim şirkətlərindən biridi. 1971-ci ildə əsası qoyulan şirkətin baş qərargahı Boloniyada yerləşir. Dünyanın bir çox aparıcı ölkələrinin futbol, voleybol, basketbol komandaları və yığmaları bu geyim şirkətinin məhsullarından istifadə edir. Qeyd edək ki, "Səbail" ötən mövsüm "Nike" ilə əməkdaşlıq edirdi.