Avropa Liqası
1-ci təsnifat mərhələsi, cavab oyunu
Proqres (Lüksemburq) – Qəbələ 0:1 (0:1)
1. Sebastyan Flauss
7. Mayron de Almeyda
9. Yannik Bastos
(87. Aleksandr Karapetyan, 29)
10. Olivye Till
(5. Ben Vogel, 90)
14. Emmanuel Fransua
19. Mario Mutş
20. Cordan Qobron
22. Marvin Martins
23. Adrian Ferino
31. Sebastyan Till (k)
34. Tim Holl
Ehtiyat oyunçular
13. Çarli Şinker
8. Dino Ramdedoviç
21. Kevin Kerger
28. Romeu Torres
70. Matias Markes
Baş məşqçi: Paolo Amodio
22. Dmitri Bezotosnı
33. Təmkin Xəlilzadə
34. Ürfan Abbasov
5. Rasim Ramaldanov
18. İlqar Qurbanov
14. Cavid Hüseynov (k)
88. Sabien Lilay
17. Ceyms Adeniyi
28. Stiven Jozef-Monroz
11. Asif Məmmədov
(21. Lalavele Atakora, 56)
10. Rauf Əliyev
Ehtiyat oyunçular
30. Aqil Məmmədov
4. Elvin Camalov
7. Roman Hüseynov
8. Qismət Alıyev
13. Hacıağa Hacıyev
27. Bəhlul Mustafazadə
Baş məşqçi: Sənan Qurbanov
Qol: S.Jozef-Monroz, 28.
Vərəqələr: R.Ramaldanov, 17. R.Əliyev, 65. A.Karapetyan, 69. Ü.Abbasov, 73. C.Hüseynov, 79. E.Fransua, 85. M.Mutş, 86. C.Adeniyi, 89. M.Martins, 90+3. A.Məmmədov, 90+3 – sarı. T.Xəlilzadə, 79 – qırmızı.
Hakimlər: KEYT KENNEDİ, Stefen Donaldson, Kristian Fransis Hanna, Evan Boys (hamısı Şimali İrlandiya).
Hakim-inspektor: Milan Karadjiç (Serbiya).
UEFA nümayəndəsi: Oleq Xarlamov (Estoniya).
19 iyul. Differdanj. “Munisipal” stadionu. 1842 tamaşaçı.
Birinci hissəyə 2 dəqiqə, ikinci hissəyə 4 dəqiqə əlavə olunub.
14 (5) qapıya (“çərçivə”yə) zərbə 7 (1)
4 korner 3
1 ofsayd 3
18 qayda pozuntusu 20
4 vərəqə (qırmızı) 6 (1)
İlk oyun – 2:0.
İlk oyunda “doğma divarlar” arasında “cırtdan” ölkə təmsilçisinə acınacaqlı şəkildə yenilən “Qəbələ” Lüksemburqa qələbə eşqi ilə yollanmışdı. İstər “qırmızı-qaralar”ın futbolçuları, istərsə də mövsümlərarası fasilədə komandanın “sükanı arxasına” keçən Sənan Qurbanov səfər ərəfəsində verdiyi açıqlamalarında cavab görüşündə məğlubiyyətin əvəzini çıxacaqlarını bildirmişdilər. Düzdü, onlar verdikləri sözü tutub, Lüksemburqda qələbə qazana bildilər. Ancaq belə qələbə kimə lazımdı...
İlk dəqiqələrdən hər iki komanda ehtiyatlı oyuna üstünlük verib, daha çox ərazi üstünlüyünə yitələnməyə çalışırdı. Meydanda daha çox psixoloji mübarizə gedirdi. Həm meydan sahibləri, həm də qonaqlar kimin daha tez “açılacağını”, bununla da müdafiədə boşluq yaradacağını gözləyirdi. Bu üzdən, demək olar ki, ilk 20 dəqiqədə meydanda futbol adına heç nə yox idi. Onu da qeyd edək ki, matç “Qəbələ”nin rəsmi saytında canlı yayınlansa da, yayın keyfiyyəti çox aşağı olduğundan, futbolçuları dəqiq seçmək olmurdu. Nəhayət, 22-ci dəqiqədə qonaqlar təhlükəli vəziyyət yarada bildi. Jozef-Monrozun təxminən 22 metrdən güclü zərbəsini Flauss çəinliklə də olsa, kornerə çıxarmağı bacardı. Bu hücumdan ruhlanan Qurbanovun komandası tempi bir qədər də artırmağı lazım bildi. “Qırmızı-qaralar” sürəti artırınca isə meydan sahibləri müdafiədə səhvlərə yol verməyə başladılar ki, 28-ci dəqiqədə hesab açıldı. Asif Məmmədovun cərimə meydanına növbəti asmasından sonra Jozef-Monroz hamıdan hündürə tullanaraq qapını nişan aldı. Qoldan ruhlanan təmsilçimiz ilk yarının qalan dəqiqələrini də hücumda keçirdi. Lakin oyun üstünlüyünü tabloda əks etdirə bilmədilər. Yeri gəlmişkən, bəlli səbəbdən ilk oyun üçün Qəbələyə gəlməyən Karapetyan cavab görüşündə də ehtiyatda qalmışdı. Ancaq 29-cu dəqiqədə Bastos zədələnəndən sonra Amodio erməni forvardı meydana buraxmaq məcburiyyətində qaldı. Hadisələri qabaqlayaraq onu da vurğulayım ki, Karapetyan meydanda olduğu müddətdə heç nə ilə yadda qalmadı.
Fasilədən sonra da hücum edən “Qəbələ” idi. Mümkün bir qolun matçı uzatma dəqiqələrinə aparacağını yaxşı anlayan qonaqlar böyük qüvvə ilə irəli atılır, rəqibin həm qapıçısını, həm də müdafiəçilərini gərginlikdə saxlayırdılar. İlk oyundan fərqli, cavab görüşündə “qırmızı-qaralar”ın daha inamlı təsir bağışladığını da vurğulamaq lazımdı. Bəlkə də Cavid ilk oyunda da meydanda olsaydı, “arılar” səfərdən qələbə ilə dönməyi bacarmazdılar. Çünki bu dəfə o əsl kapitan kimi liderliyi üzərinə götürüb, komandanı arxasınca aparırdı. Mərkəzdə Lilay ağıllı oyunu, Cavid əzmkarlığı, Adeniyi isə yüksək texnikası və sürəti ilə meydan sahiblərinə əsl başağrı yaratmışdılar. Təəssüf ki, eyni sözləri Rauf Əliyev haqda söyləmək mümkün deyil. “10 nömrə” hücumun sivri ucunda yer alsa da, heç nə ilə yadda qalmadı. 65-ci dəqiqədə isə Rauf cərimə meydanı daxilində əlverişli qol imkanı yaxalasa da, topu “çərçivə”yə göndərmək əvəzinə özünü yerə atmağı lazım bildi. Onun bu “aktyorluğu” hakimin də gözündən yayınmadı və simulyasiyaya görə forvarda sarı vərəqə göstərdi. Uzatma dəqiqələrində isə Əliyev günahını yuya, qəhrəman ola bilərdi. Ancaq heç kimin mane olmadığı hücumçu yaxın məsafədən qapını dəqiq nişan ala bilmədi. Yəqin ki, Rauf həmin qol vəziyyətini ömrünün sonuna kimi unutmayacaq. Buna qədər isə hakim Jozef-Monrozun daha bir qolunu şübhəli ofsayd qərarı ilə qeydə almadı. Onu da qeyd edək ki, təmsilçimiz 79-cu dəqiqədən etibarən meydanda azlıqda mübarizə aparmalı oldu. Təmkin rəqib futbolçunu vurduğuna görə meydandan qovuldu. Son dəqiqələrdə yerdə qalmaqla vaxtı uzadan lüksemburqlular sonda istəklərinə nail oldular və hakimin final fiti onların tarixlərində ikinci dəfə ikinci mərhələyə adlamasını rəsmiləşdirdi. “Qəbələ” üçün isə avrokubok mövsümü erkən bitdi.
Gözdən qaçmadı
* “Qəbələ”ni təxminən 50-yə yaxın azərbaycanlı dəstəkləyirdi. Üçrəngli bayraqlarla “silahlanan” soydaşlarımız böyük ehtimalla, “Milli dəstə”nin üzvləri idi. Onların yer aldıqları sektorun qarşısındakı bannerdən bunu görmək olardı.
* İkinci hissə başlar-başlamaz Sənan Qurbanov uca səslə “bizə ikinci qol lazımdı, oynayın, uşaqlar” deyib, futbolçulardan daha kəsərli hücumlar qurmağı tələb etməklə yadda qaldı.
* Jozef-Monrozun hesaba alınmayan ikinci qolundan sonra hakimin ofsayd qərarına etiraz əlaməti kimi Sənan Qurbanov meydana çıxsa da, ədalət təmsilçisi fikrindən daşınmadı.
* “Proqres”in “Qəbələ”ni qəbul etdiyi arena, demək olar ki, “Bakı”nın təlim-məşq bazasını xatırladırdı. Biləcəridə olduğu kimi orda da oyun gedərkən bir neçə dəfə sürət-elektrik qatarlarının stadionun yanından ötüb keçdiyini görmək olardı.
RƏŞAD