5 ildən sonra medal arzusuna qovuşan “Neftçi”nin Avroliqada nə ilə yadda qalacağı həvəslə gözlənilirdi. İtalyan mütəxəssis Roberto Bordinin gəlişindən və yeddi yeni futbolçunun cəlb olunmasından sonra “ağ-qaralar”a inam artmışdı. Avrokubok iştirakçıları arasında meydana ən gec ayaq basan bakılıları təəssüfləndirən əsas məqam oyunun “Bakcell Arena”da yox, mərkəzdən xeyli aralıda yeləşən “Dalğa Arena”da keçirilməsiydi.
Papaların gül balaları
Hələ oyuna 1 saat 15 dəqiqə qalmış stadionun ətrafında qələbəlik müşahidə olunurdu. Bahalı avtomobillər və turistlərə xas geyimli gənclər diqqəti çəkirdi. Düşünmək olardı ki, “Neftçi”ni dəstəkləmək üçün gəliblər. Amma yox. Papalarının gül balaları şəhərin ən bahalı çimərliklərindən sayılan “Dalğa Beach”ə istirahətə gəlmişdilər. Futbol isə veclərinə də deyildi. Ətrafı süzür, futbol izləməyə gələnlərə qəribə baxırdılar. Oyuna təxminən yarımsaat qalmış əsl azarkeşlər görünməyə başladı. “Neftçi” formasında, əllərində dönər və sular, əhval-ruhiyyələri yüksək.
Soyuqqanlı Bordin
İlk dəfə ölkə futbol ictimaiyyəti qarşısına çıxan Roberto Bordini yaxından görmək, davranışlarına fikir vermək imkanı qazanmışdıq. İtalyan mütəxəssis oyunöncəsi məşq prosesini köməkçilərinə tapşırmışdı, özü isə aut xəttinin yanında dayanıb hazırlığı izləyirdi. Əvəzində Bordinin “Uypeşt”dəki həmkarı Neboyşa Viqneviç kollektivlə qaynayıb-qarışır, “kvadrat”da bacarığını göstərməklə Qurban Qurbanovu yada salırdı. Yeri gəlmişkən, italyan mütəxəssis oyun ərzində bir neçə dəfə soyuqqanlı olduğunu göstərdi. İlk yarıda Rəhman Hacıyev qol şansını qaçıranda hamı başını tutsa da, təcrübəli çalışdırıcı yetirməsini alqışladı. Namiq Ələsgərov zədələnib meydanı tərk edəndə isə onun kürəyinə vurub, möhkəm olmağı tövsiyə etdi.
Jurnalistlərə xüsusi diqqət
“Neftçi” rəhbərliyi jurnalistlərin rahatlığı üçün mümkün vasitələrə əl atmışdı. Qələm əhli üçün ayrılmış xüsusi avtobus 20-yə yaxın həmkarımızı “Gənclik” metrostansiyasından Mərdəkana aparıb, oyundan sonra geri qaytardı. Matçdan əvvəl və fasilədə açılmış çay süfrəsini qeyd etməyə dəyər.Vurğulanması vacib xüsusi məqam isə oyun protokolu idi. Broşürdə müxtəlif məlumatlar yer almışdı ki, Roberto Bordinin fikirləri və hollandiyalı referi haqda bilgilər azərbaycan və ingilis dillərində təqdim olunmuşdu.
Rəşad Səlahəti güldürdü
Ölkə çempionatında daim əsas heyətdə yer alan Rəşad Əzizlinin ehtiyatda qalması ən çox özünə təsir etmişdi. Matçdan əvvəl kefsiz görünən 24 yaşlı qolkiper məşqdə alışıb-yanırdı. Odu ki, komanda yoldaşlarının qapıya endirdiyi zərbələri həlledici oyundaymış kimi dəf edir və hər dəfə arxa tribunadakı azarkeşlərdən alqış qazanırdı. Səlahət Ağayevin reaksiyası ilə gülümsəmək idi.
Ənənəvi “Forza Neftçi”
“Neftçi”ni “Forza Neftçi”siz təsəvvür etmək mümkün deyil. Çılğın fanat ordusu bu dəfə də öz ampluasında idi. Qarşılaşmadan təxminən 15 dəqiqə əvvəl sağ qapının arxasındakı tribunada yerini tutan forzalılar“ vaxt ötdükcə varlıqlarını bildirməyi bacardılar. Öncə “Benvenuto, Signor Bordin” (Xoş gəlmisiz, cənab Bordin), “Fight for our dreams” (arzularımız üçün mübarizə aparın), “Aşiqik, cümlə-aləm bilsin” plakatlarını açan tərəfdarlar komandalar meydana çıxanda böyük coşqu ilə sevimlilərini alqışladılar. Və çox keçmədən elə həmin tribunada iri həcmli parça açıldı. Bakının rəmzləri – Qız qalası, Qoşa Qala qapıları, Neft buruğu və Alov qüllələrinin rəsimləri çəkilmişdi ki, azarkeşlər üstüörtülü şəkildə “Neftçi” Bakının qalasıdı” demək istəmişdi.
Eminin intizarı
İlk hissənin sonlarına yaxın Namiq Ələsgərovun zədələnməsi yerinə düşmədi. Komandasının ən fəal oyunçusu olan yığma üzvü mübarizəni davam etdirə bilməyincə, Bordin Namiqi Emin Mahmudovla əvəzləməyi lazım bildi. Mahmudov bu dəyişiklik üçün nə az, nə az çox - düz 4 dəqiqə gözləməli oldu. Belə ki, top rəqibdə olduğundan, macarlar say üstünlüyündən istifadə edib “mərmi”nin meydanı tərk etməsinə imkan vermirdilər. Yaxşı ki, müdafiəçiləri adi vəziyyətdə səhvə yol verdi. Yoxsa Emin hissənin sonuna qədər dördüncü hakimin yanında qalacaqdı.
İçkili macar azarkeşlər
“Forza Neftçi” ilə üzbəüz sektorda, sol qapının arxasında 30-a yaxın macar azarkeş yer almışdı. Macarıstanın bayrağı ilə “silahlanan”, məhəccərdən komandalarına dəstək plakatları asan qonaq fanatların səsi çıxmasa da, “tinləri düz” idi. İçkili olduqlarından polislər onlara qarşı diqqətli olmağa çalışırdı. İlk hissədə sükut pozulmasa da, fasilədə polislərin başının qarışması macarların xeyrinə oldu. Əllərindəki plastik su qablarını yan tribunaya, sıravi azərbaycanlı azarkeşlərə tərəf atmaları az qala münaqişəyə səbəb olacaqdı. Yaxşı ki, polis vaxtında məsələyə müdaxilə edib mümkün qarşıdurmanın qarşısını vaxtında aldı.
Dabo Karikarinin əhvalını korladı
Hesab 1:1 olanda Bordin hansısa taktiki dəyişikliyə əl atıb Kvame Karikarini meydana buraxmaq istəyirdi. “11 nömrə” hətta dördüncü hakimə yaxınlaşmışdı da. Həmin an Dabonun ikinci qola imza atması baş məşqçini fikrindən daşındırdı. Bordin Karikarini yenidən yanında oturmağa səsləyincə, əhvalı pozulan hücumçu çıxış yolunu gülümsəməkdə gördü. Karikari yalnız son dəqiqələrdə mübarizəyə qoşuldu ki, əvvəlki qədər sevincli görünmürdü.
HƏBİB