“Xan Lənkəran” klub kimi formalaşmaqda davam edir. Lənkəranda süni əngəllərlə qarşılaşsalar da, İdarə Heyəti həvəsdən düşmür. Artıq komandanın formalaşdırılmasına start verilib. Adı ictimaiyyətə açıqlanmayan mütəxəssislərdən biri ilə baş məşqçi postu üçün razılığa gəlinib. Komandanın geyəcəyi mümkün formaların eskizi də “Xan Lənkəran”ın rəsmi “feysbuk” səhifəsində paylaşılıb. Azarkeşlərin səsverməsiylə - demokratik qaydada forma seçiləcək. Hələ ki ən böyük problem yığımdakı kasadlıqdı. Büdcəyə cəmi 4125 manat toplanıb.
“Xan Lənkəran” daha bir yeniliyə imza atmaq fikrindədi. Belə ki, klub geyim dəstini özünün yaratdığı brendlə təmin edəcək. Bunun üçün "Pody" (Podi - "Podium" sözündən götürülüb) idman geyimi markası yaradılır. Markanın rəsmi loqotipi təsdiqlənib və qeydiyyat üçün müəllif hüquqları instansiyasına müraciət olunub. Klubun bütün yaş qrupları üzrə komandaları bu marka ilə istehsal olunacaq geyimlərdən istifadə edəcək. Fan-şop və mağazalarda bu marka ilə satılacaq bütün növ tikiş məhsullarının müəllif hüquqları “Xan Lənkəran”a məxsus olacaq.
Qeyd edək ki, geyimlər Türkiyədə istehsal ediləcək. Müvafiq tikiş fabriki ilə ilkin danışıqlar aparılıb və müəyyən eskizlər, hətta nümunələr hazırlanıb.
SƏRXAN