“Proqres”in erməni futbolçusu ölkəmizə gəlməyəcək
Avroliqaya və növbəti mövsümə Sloveniyada hazırlaşan “Qəbələ” təlim-məşq toplanışının 7-ci gününü bir məşqlə yekunlaşdırıb. Baş məşqçi Sənan Qurbanovun rəhbərliyi altında keçən hazırlıq prosesində komandanın yeni transferi Ceyms Adeniyi də iştirak edib. Futbolçular öncə fiziki təmrinləri, ardınca toplu çalışmaları yerinə yetiriblər.
Ötən sayımızda “qırmızı-qaralar”ın “Şkenderbü”nün forvardı Ceyms Adeniyi ilə anlaşmağa yaxın olduğunu bildirmişdik. Klubun meneceri Səbuhi Səfiyarlı qəzetimizə açıqlmasında nigeriyalı forvardla ortaq məxrəcə gəldiklərini, yaxın 2 gün ərzində rəsmi müqavilə imzalanacağını da vurğulamışdı. Adeniyi artıq şimallılarla 3 illik müqavilə bağlayıb. Mövsümlərarası fasilədə “Neftçi”yə üz tutan Baqali Dabonun yerinə transfer olunan futbolçu yeni klubu və hədəfləri haqda açıqlama verib: “Qəbələ”yə keçdiyimə görə çox şadam. Mən yüksək hədəfləri olan futbolçuyam. Yeni klubuma keçidimdə məqsədim bu hədəflərimə çatmaqdı. Bura yeni uğurlara imza atmaq üçün gəlmişəm. Yeni komandamın Avropa Liqasında mübarizə aparmasından və turnirdə müəyyən hədəflərinin olmasından xəbərdaram. Bilirəm ki, “Qəbələ” əvvəlki mövsümlərdə avrokuboklarda müəyyən uğurlar qazanıb. Bu dəfə bacardığımız qədər irəliləməyi, əvvəlki uğurlardan daha yaxşı nəticə göstərməyimizi istəyirəm. Bunun üçün çalışacam”.
“Qəbələ” haqda yetərincə məlumatlı olduğunu bildirən nigeriyalı forvard azarkeşlərə də səslənib: “Qəbələ”yə keçməzdən öncə klub haqda məlumat toplamışam. Əvvəllər yoxlama oyunu zamanı bu komanda ilə üz-üzə də gəlmişəm. “Qəbələ” haqda yalnız xoş sözlər eşitmişəm. Ona görə də indi məhz burdyam. Azarkeşlərə də demək istəyirəm ki, daim yanımızda olsunlar. Bacardığımın ən yaxşısını ortaya qoymağa çalışacam. Onlara da öncədən təşəkkür edirəm”.
Bu arada “qırmızı-qaralar”ın Adeniyi üçün nə qədər xərcə düşdüyü məlum olub. “Şkenderbü”nün idman direktoru Herxad Takay Albaniya mətbuatına açıqlamasında 26 yaşlı oyunçu üçün “Qəbələ”nin ödədiyi məbləği açıqlayıb: “Azərbaycan təmsilçisi Ceyms Adeniyi üçün 350 min avro ödəyib”.
Takay onu da bildirib ki, qarşı tərəflə əldə olunan razılığa əsasən nigeriyalı forvard “Qəbələ”dən başqa kluba satılacağı halda transferdən əldə olunacaq gəlirin 20 faizi Albaniya klubunun büdcəsinə köçürüləcək.
“Qəbələ” kimi, Avropa Liqasındakı rəqibi də boş oturmur. Bugünlərdə “Proqres” də heyətinə yeni futbolçu qatıb. Lüksemburq təmsilçisi mövsümlərarası fasilədə 6-cı transferini reallaşdırıb. “Proqres”in rənglərinə bağladığı yeni oyunçu Cordan Qabrondu. 26 yaşlı cinah müdafiəçisinin son klubu Fransanın ikinci liqasında mübarizə aparan “Quevile Rouen” olub. Qeyd edək ki, “Proqres” bundan əvvəl “Differdanj”dan Yannik Bastos və Farid İkene, “Lyers”dən Tim Holl, “Junnes”dən Marvin Martins və “Rasinq”dən İqor Telesin keçidini rəmiləşdirmişdi.
Ötən saylarımızın birində “Qəbələ”nin Avroliqadakı rəqibinin əsas qol silahının erməni Aleksandr Karapetyan olduğunu bildirmişdik. Qısaca xatırladaq ki, Karapetyan 1987-ci ildə Gürcüstanda doğulsa da, uşaq yaşlarında valideynləri ilə birgə Almaniyaya köçüb. Ötən mövsüm 29 qolla "Proqres"in bombardiri olan hücumçu 2014-cü ildə Ermənistan yığmasının heyətində 2 oyuna çıxıb. Ancaq Qəbələdə keçiriləcək ilk oyunda Lüksemburq təmsilçisinin məşqçilər korpusu onun xidmətindən yararlana bilməyəcək. Bununla bağlı “Proqres”in idman direktoru Tomas Gilqemann açıqlama verib. O bu qərarı təhlükəsizlik və Ermənistan -Azərbaycan münaqişəsi ilə bağlı qəbul etdiklərini bildirib:"Karapetyan Azərbaycana səfərdən azad olunub. Onun fiziki forması qaydasında olsa da, özü Dağlıq Qarabağ münaqişəsi üzündən Qəbələyə getmək istəmir. Digər tərəfdən, klub olaraq, oyunçularımızı qorumaq borcumuzdu. Onları riskə atmaq istəmirik".
Xatırladaq ki, bu erməni futbolçuların Azərbaycana səfərdən boyun qaçırması ilə bağlı ilk fakt deyil. 2015-ci ildə Dortmund "Borussiya"sı və Ermənistan millisinin üzvü Henrix Mxitaryan da eyni səbəbdən "Qəbələ" ilə Avroliqanın qrup oyunu üçün Bakıya gəlməkdən imtina etmişdi.
RƏŞAD