“Son qərarı rəhbərlik verəcək”
Ötən sayımızda “Qəbələ”nin U-15 komandasında yaşanan xoşagəlməz olay barədə xəbər vermişdik. Qısaca xatırladaq ki, komandanın baş məşqçisi Rakif Əliyev məşqlərin birində qeyri-etik ifadələr işlətdiyinə görə yetirməsi Kamal Kazımova əl qaldırıb. Onu qeyd edək ki, Kamal eyni zamanda U-16 millsinin də şərəfini qoruyur və ötən mövsüm U-15 liqasının ən yaxşı oyunçusu adına layiq görülüb. Məşqçisi tərəfindən döyülən yeniyetmə məşqi erkən tərk edərək, anasına zəng vuraraq başına gələnləri ona danışıb. Başverənlərdən əsəbləşən Kamalın anası Əfsanə Kazımova isə ürəyini mətbuata boşaldıb və oğlunun dəfələrlə məşqçisi tərəfindən döyüldüyünü bildirib.
Elə ötən sayımızda məsələ ilə bağlı “Qəbələ” Futbol Akademiyasının meneceri Nail Kərimovun mövqeyini öyrənmək istəmişdik. Ancaq həmin vaxt Nail bəy ölkə xaricində olduğundan danışa bilməmişdik. Əvəzində qəzetimizə açıqlama verən klubun mətbuat katibi Anar Hacıyev araşdırma aparılacağını, günahkarın layiqli cəzasını alacağını bildirmişdi. Anar bəy baş verən insident və araşdırmanın nəticəsi ilə bağlı qəzetimizə ətraflı məlumat veriləcəyini də əlavə etmişdi.
Dünən yenidən “Qəbələ” tərəfi ilə əlaqə saxlayıb araşdırmanın nəticəsi ilə maraqlandıq. Artıq vətəndə olan akademiyanın meneceri Nail Kərimov bunları söylədi: “Arada bayram günləri olduğuna görə araşdırmamız bir qədər yubandı. Bu gün (dünən) hər iki tərəfi qəbul edib baş verən olayla bağlı fikirlərini öyrənmişəm. Demək olar ki, bütün suallara aydınlıq gəlib. Araşdırmanın nəticəsini sabah (bu gün) rəhbərliyə, daha dəqiq desəm, Fariz Nəcəfova təqdim edəcəm. Son qərarı rəhbərlik verəcək”.
RƏŞAD