Ramin Musayev Petrjela ilə Demyanenkoya işləməyə imkan verməyib
Mövsüm başa çatandan sonra premyer-liqa klublarının əksəriyyətində baş məşqçi dəyişikliyi reallaşdı. Bunlardan biri də “Neftçi” idi. Çempionatı 3-cü yerdə bitirən paytaxt təmsilçisi Tərlan Əhmədovla müqavilə müddətini uzatmadı. “Ağ-qaralar” bir müddət baş məşqçi axtardı, müxtəlif namizədlər saf-çürük edildi. Sonda isə Roberto Bordinlə ortaq məxrəcə gəlindi. İtaliyalı mütəxəssislə 2 illik müqavilə imzalandı. Bordinin “Neftçi”ni uğura daşıyıb-daşımayacağını zaman göstərəcək. Hər halda, italiyalı Moldovada bir sıra uğurlara imza atıb. O “Şerif”lə iki dəfə çempion olub, ölkə kubokunu və superkubokunu qazanıb. Hətta həmin komanda ilə Avroliqanın 1/16 final mərhələsinə də adlamağa yaxın olub. Bir sözlə, Bordin nəticə verə bildiyini artıq sübut edib. İtaliyalının əsas hədəfi məhz Moldovada qazandığı uğuru “Neftçi”də də təkrarlamaqdı. Təbii, Avroliqadakı məqsədlər də öz yerində. Onu da qeyd edək ki, italiyalı “ağ-qaralar”ın müstəqillik dönəmində 4-cü əcnəbi çalışdırıcısı olacaq. Daha öncə Vlastimil Petrjela, Anatoli Demyanenko və Hans-Yürgen Gede də paytaxt klubunda baş məşqçi funksiyasını yerinə yetirib. Təxminən 10 il idi “Neftçi”nin “sükan”ı yerlilərə həvalə olunurdu. Bordinə uğurlar arzulayıb, maraq üçün öncəki əcnəbi çalışdırıcıların hansı nəticələrə imza atdığını xırdalayaq.
Vlastimil Petrjela
2007/08 mövsümünün ilk 4 turundan sonra flaqman çexiyalı mütəxəssisə tapşırıldı. Qurban Qurbanovu əvəzləyən Petrjelanın “Neftçi”yəqədərki məşqçilik karyerası əsasən ölkəsi ilə bağlı idi. Ölkə xaricində yalnız “Zenit”də çalışmışdı. Özü də mütəxəssis bu komanda ilə Rusiyada gümüş medal qazanmış, kuboku başı üzərinə qaldırmışdı. İnsaf naminə, çexiyalı “Neftçi”də heç də pis nəticələrə imza atmamışdı. Yalnız “Bakı”ya 1:5 hesablı məğlubiyyəti nəzərə almasaq. Ümumilikdə isə onun rəhbərliyi altında “ağ-qaralar” premyer-liqa çərçivəsində keçirdiyi 9 oyundan 6-da qələbə qazanmış, 2-də heç-heçə etmiş və yalnız 1 görüşdə məğlub olmuşdu. Kubokda isə Pterjela “Neftçi”ni yarımfinala daşıya bilmişdi. Mövsümün ilk yarısından sonra çexiyalı “ağ-qaralar”dan ayrıldı. Komanda fasiləyə 3-cü pillədə yollanmışdı. Əslində Petrjelanın istefası gözlənilməz oldu. Bir anda nə baş verdisə, Azərbaycanı tərk etdi. Qumara qurşandığı, səhərləri kazinolarda açdığı deyilirdi. Futboldankənar əməlləri klub rəhbərliyinin də qulağına çatmışdı deyə, onunla əməkdaşlığa vaxtından əvvəl xitam verildi. Petrjela sonralar qəzetimizə müsahibə verərkən, “Neftçi”nin o vaxtkı vitse-prezidenti Ramin Musayevin onun qalmasını istəmədiyini demişdi. Çexiyalı mütəxəssis bunları demişdi: “Klub prezidenti, vitse-prezident və mənim aramda “Neftçi”nin siyasətinə dair söhbət olmuşdu. Mən də həmin söhbəti “Zenit”dən tanıdığım Marat adlı jurnalistə danışmışdım. Bunları media üçün yox, sadəcə, dostyana söyləmişdim. Marat da dediklərimi Azərbaycandan olan jurnalistə ötürmüşdü, o da yazmışdı. Və beləcə müəyyən narazılıq baş qaldırdı. Belə deyim, üçümüzün arasında olan söhbətin kənara çıxması vitse-prezidentə xoş gəlməmişdi. Əlbəttə, səhv mənim idi. Ancaq buna görə o qədər dərinə getməyə dəyməzdi”.
Anatoli Demyanenko
Petrjelanı ukraynalı Anatoli Demyanenko əvəzlədi. 2007/08 mövsümünün qalan hissəsində “ağ-qaralar”ı məhz adı çəkilən mütəxəssis çalışdırdı. Ukraynalının rəhbərliyi altında flaqman bürünc medal qazandı. Qeyd edək ki, həmin mövsüm Demyanenkolu “Neftçi” premyer-liqada keçirdiyi 13 oyundan 8-də qələbə qazanmış, 4 heç-heçə etmiş, yalnız 1 görüşdə uduzmuşdu. Kubokda isə komanda yarımfinal səddini keçə bilmədi. 2008-ci ilin yanında Demyanenkonun rəhbərliyi altında “ağ-qaralar” İntertoto Kubokunda mübarizə apardı. Burda “Nitra” (Slovakiya), “Jerminal” (Belçika) səddi aşıldı. Yalnız “Vasluy” (Rumıniya) “Neftçi”nin qarşısını kəsdi. Növbəti mövsüm isə Demyanenko üçün uğursuz başladı. “Ağ-qaralar” ilk 3 oyunda 1 qələbə qazandısa, iki məğlubiyyətlə üzləşdi. Beləliklə, ukraynalı ilə də yollar ayrıldı. Daha doğrusu, onun da gedişində Ramin Musayevin mövqeyinin həlledici rol oynadığı deyildi.
Hans-Yürgen Gede
“Neftçi” tarixinin ən bərbad baş məşqçilərindən biri məhz odu. Alman mütəxəssis ölkəmizə Berti Foqtsun köməkçisi kimi gəlmişdi. Ancaq Gedeyə “ağ-qaralar”ın “sükan”ı həvalə olundu. O, paytaxt təmsilçisinin baş məşqçisi postunda marta kimi tab gətirə bildi. Onun rəhbərliyi altında 12 premyer-liqa matçına çıxan “Neftçi” 3 qələbə qazanmış, 4 heç-heçə etmiş, 5 görüşdə isə məğlubiyyət acısı yaşamışdı. Azarkeşlə yaşanan qalmaqaldan sonra, nəhayət, paytaxt təmsilçisi almandan canını qurtardı. Bərbad nəticələri bir yana, urvatsız şəkildə yola salındı. Təsadüfü deyil ki, son illər “Neftçi” uğursuzluq yaşadıqca hər kəs Gedenin dövrünü xatırlayırdı. Alman təsisçilərin gözünü necə qorxutdusa, “ağ-qaralar” uzun müddət əcnəbi mütəxəssisə tapşırılmadı. Göründüyü kimi, əvvəlki 3 çalışdırıcının hamısı uğursuz olmayıb. Yalnız Gede haqda müsbət fikir söyləmək çətindi. Petrjela ilə Demyanenko isə müəyyən uğurlara imza atıb.
FARİZ