Lisenziyalaşdırma qrupunun rəhbəri problem olmayacağını düşünür
Yuri Maksimovun gəlişindən sonra "Keşlə"nin xeyli "artırdığı" göz qabağındadı. Paytaxt təmsilçisi kubokun finalındadısa, çempionatda da inamlı təsir bağışlayır. Baxmayaraq ki, premyer-liqa matçlarında qazanılan nəticələr komanda üçün həyati əhəmiyyət daşımır. Ancaq elə ötən tur "İnter Arena"da son 5 ilin çempionu "Qarabağ" məğlub edildi. Özü də böyük hesabla. "Keşlə"nin sərgilədiyi oyun kubokun finalında "Qəbələ"nin asanlıqla qalib gələcəyini düşünənləri bir daha fikirləşməyə məcbur edib. Lakin hər şeyin yolunda getdiyi bir vaxtda klubla bağlı heç də xoş olmayan bir informasiya yayıldı.
Mayın 12-də Lisenziya Komissiyası qərarları açıqladı. UEFA və premyer-liqa lisenziyası alan klubların adı bəlli oldu. Amma "Keşlə" ilə bağlı xüsusi qeyd diqqəti çəkdi. Məlum oldu ki, klub "İnter"in varisi olduğunu sübut etmək üçün UEFA-ya müvafiq sənədlər göndərib. Müsbət cavab gəlməsə, paytaxt təmsilçisi kubokun qalibi olsa belə, Avroliqada iştirak edə bilməyəcək. Burda bir sıra suallar ortaya çıxır. Görəsən, klub adını dəyişəndə UEFA-ya bu haqda məlumat verilməyib? Komanda bir neçə gündən sonra finalda oynayacaq. Bu durumda AL perspektivinin sual altında olmasının açıqlanması futbolçulara necə təsir edir? Qitə futbol qurumuna sənədləri daha tez göndərmək olmazdı? Maraqlıdı, UEFA-nın kluba "yox" demək variantı neçə faiz proqnozlaşdırılır?
Bütün bunlar haqda Lisenziyalaşdırma qrupunun rəhbəri Sərxan Hacıyevin fikirlərini öyrəndik: "Keşlə" lisenziya səndələrindən başqa UEFA-ya "İnter"in davamçısı olduğunu təsdiq edən sənədlər verməliydi. Bunları da klub təqdim edib. Lakin UEFA-da belə məlumatların yoxlanılması bir neçə gün daha artıq çəkə bilər. Bu məsələ də belə oldu. Gözəyirik, ya bu gün, ya da sabah qitə futbol qurumundan məlumat gəlməlidi. Artıq qərarı UEFA verəcək. Ancaq istənilən sənədlər təqdim edilib. UEFA-da da bir adam qərar vermir. Orda da bir neçə nəfərdən ibarət komissiya var. Yoxlanılır, qərar çıxarılır. Adın dəyişməsi ilə bağlı UEFA-nın məlumatı var idi. Sadəcə, sənədlərin verilməsi ilə bağlı konkret tarixlər var. Tutaq ki, qurum son tarix kimi aprelin 15-ni göstərə bilər. Klub sənədləri yanvarda da göndərə bilər, son göstərilən gündə də. Artıq bu, klubun daxili işidi. Əslində sənədlərin tez verilməsi bizim üçün də yaxşıdı. Çünki UEFA-ya göndərməzdən öncə bizim Lisenziyalaşdırma qrupu da onu yoxlayır. Səndələrin gec verilməsi təkcə "Keşlə" ilə bitmir. Ad çəkmək istəmirəm, amma bir neçə klub var ki, son günü gözləyir. Təəssüf ki, belə məqamlar olur. Deyək ki, son tarix martın 15-disə, bir gün öncə bizə sənəd gəlir. Halbuki martın 1-də versələr, həm bizim, həm də UEFA-nın yoxlamaq imkanı olur. Təbii, UEFA mənfi cavab versə, "Keşlə"nin apellyasiya şikayəti etmək hüququ olacaq. Qitə futbol qurumu müsbət cavab verməsə, məktubda prosesin sonrakı axarını da izah edəcək. Yəni klub neçə gün ərzində şikayət edə bilər, hara şikayət etməlidi və s. Onu da deyim ki, klub tələb olunan sənədləri UEFA-ya təqdim edib. Şəxsi fikrim belədi ki, çox güman, müsbət cavab gələcək. Öz təcrübəmə əsaslanaraq, belə düşünürəm. Loru dillə desək, məsələn, siz mənə deyirsiz ki, pasportunu gətir, səni qeydiyyatdan keçirim. Mən də gətirirəm. Təxminən belə bir durumdu".
FARİZ